Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin VII hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.
Müəllif :
Xanımana Qafarova - Bakı Dövlət Universiteti Hüquq fakültəsi Beynəlxalq xüsusi hüquq və Avropa hüququ
Nəşr tarixi : 2022
Respublikamızın qüvvədə olan ailə qanunvericiliyində nikah, əsasən, klassik nikah anlayışı müddəalarına söykənsə də, müqavilənin də bağlanmasına icazə verilir. Lakin bir çox qərb dövlətlərindən fərqli olaraq, milli qanunvericiliyimizdə bu müqavilənin məzmunu yalnız əmlak münasibətləri ilə bağlı ola bilər və şəxsi münasibətlərin müqavilədə nəzərdə tutulmasına yol verilmir Azərbaycan Respublikası AM-nin 38.1-ci maddəsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Müəllif :
M.D.Dəmirçiyeva - BDU, Mülki hüquq kafedrasının müdiri
Nəşr tarixi : 2022
Sosial xidmət institutu öz spesifikliyi və əhəmiyyəti baxımından sosial təminat hüququ sistemində məxsusi yer tutur. Nəzəriyyədə sosial xidmət həm geniş, həm də dar mənada başa düşülür. Dar mənada sosial xidmət dedikdə, vətəndaşların qanunda göstərilmiş müəyyən kateqoriyalarına sosial-məişət xidmətlərinin göstərilməsi – təsərrüfatın inkişafı üçün yardım, pulsuz qidanın verilməsi, sosial müdafiə müəssisələrində yerləşdirilməsi və s. başa düşülür. Geniş mənada sosial xidmət dedikdə isə, sosial təminatın pul ödəmələrindən başqa qalan bütün növlərini özündə əks etdirən sosial təminat hüquqlarının realizəsi başa düşülür.
Müəllif :
Ata Vəliyev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Mülki hüquq” kafedrasının müəllimi, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Dünyada sürətlə gedən müasir qloballaşma prosesləri müxtəlif ölkələrin, xalqların və onların mədəniyyətlərinin genişlənməsinə səbəb olur. Qloballaşmanın ən vacib amillərindən biri miqrasiya axınının artmasıdır və bu gün Azərbaycan yeni yaranmış müstəqil dövlət kimi bu prosesdə fəal iştirak edir. Dünyada baş verən siyasi hadisələrlə əlaqədar olaraq miqrasiya axının az inkişaf etmiş ölkədən daha inkişaf etmiş ölkələrə yönəldilmişdir. Nəticədə, miqrasiya faktoru inkişaf etmiş ölkələrə daha güclü təsir göstərir.
Müəllif :
Afaq Sadıqova - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Mülki hüquq, mülki proses, sosial-iqtisadi hüquq” şöbəsinin böyük elmi işçisi
Nəşr tarixi : 2022
İqtisadi münasibətlərin dəyişilməsi, yeni mülkiyyət formalarının yaranması, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar arasında yeni hesablaşma qaydalarının tətbiqi və s. amillər ölkəmizdə və dünyada dələduzluq cinayətlərinin sayında artımların müşahidə olunmasına səbəb olmuşdur. Özgənin əmlakını başqa formada talama cinayətləri kimi, dələduzluq cinayətlərində də son məqsəd başqasının əmlakını qanunsuz yolla ələ keçirmək olsa da, bu cinayətlər özünün törədilmə üsullarına görə həmin cinayətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Məlum olduğu kimi, bu fərq, əsasən, dələduzluq cinayət tərkibinin obyektiv cəhətində, yəni törədilmə üsulunda özünü göstərir. Belə ki, digər talama cinayətlərindən fərqli olaraq, dələduzluq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi, yaxud mülkiyyətçisi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Bu baxımdan, elə Azərbaycan Respublikasının qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsinin 178.1- ci maddəsində dələduzluğa “etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” kimi anlayış verilir. Bu nöqteyi-nəzərdən, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən, hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun [4, s.679]. Bundan əlavə, deyə bilərik ki, dələduzluq əməlini törədən zaman, təqsirləndirilən şəxsin qəsdi təkcə özgənin bilavasitə əmlakına deyil, bəzi hallarda, bu əmlaka olan hüquqlara qarşı da yönəlir.
Müəllif :
Orxan Aslanov
Nəşr tarixi : 2022
Hüquq ədəbiyyatlarında qeyd olunduğu kimi, habelə ali məhkəmə orqanlarının formalaşdırdığı president xarakterli və preyudisial əhəmiyyətli hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər .
Müəllif :
Elnur Nəcəfov - AMEA-nın dissertantı, AR Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü
Nəşr tarixi : 2022
Qətimkan tədbirləri cinayət yurisdiksiya orqanlarının cinayətlərin qarşısının alınması, cinayətlərin açılması və cinayət törətmiş şəxslərin məsuliyyətə alınması üzrə cinayət prosessual fəaliyyətin normal gedişini təmin etmək, öz vəzifələrini vaxtında və səmərəli yerinə yetirmək ücün cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan cinayət prosessual hüquqi vasitələrdir. Cinayət prosessual qanunvericilikdə bu tədbirlərin müxtəlif növlərinin nəzərdə tutulması və ümumilikdə seçilməsi və tətbiqi məqsədlərinin, şərtlərinin, əsaslarının və prosedur qaydasının müəyyən edilməsi bu tədbirlərin bilavasitə insan hüquq və azadlıqlarına müdaxilə ilə şərtlənməsi ilə bağlıdır. Məhz, bu mənada da qanunverici bu tədbirlərin sistemi və tətbiqinin ciddi şəkildə tənzimlənməsini zəruri hesab etmiş, bununla kifayətlənməmiş optimal hüquqi mexanizm müəyyənləşdirmişdir.
Müəllif :
Anar Məhəmmədov - BDU-nun Cinayət prosesi kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Respublikamızda uşaq hüquqlarının həyata keçirilməsi üçün dövlətimiz tərəfindən mühüm işlər görülmüş və bu iş prioritet bir istiqamət kimi davam etdirilir. Belə ki, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və bu Qanundan irəli gələrək “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın, “Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın və digər aktların təsdiq edilməsi buna bariz nümunədir. Lakin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən hallara qarşı mübarizədə təkcə qeyd edilən aktlarla vəzifə bitmir, bu sahədə profilaktik fəaliyyət yüksək səviyyədə davam etdirilməlidir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı tam azalsın.
Müəllif :
Canpolad Daanov - DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki, Polis Akademiyasının doktorantı
Nəşr tarixi : 2022