Son günlərdə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı müxtəlif formalarda hücumların, terror aktlarının sayının artması ciddi narahatlıq yaradır. Son altı ay ərzində səfirliklərimizə qarşı beş terror aktı həyata keçirilib. 4 Avqust 2022-ci ildə Azərbaycan Respublikasının Londonda yerləşən səfirliyinə İran İslam Respublikasının himayə etdiyi radikal dini qruplaşmanın üzvləri hücum etmişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi bu insidenti “vandalizm aktı” kimi qiymətləndirib və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinə hücumla bağlı “qəti etiraz” bildirərək belə halların təkrarlanmayacağına dair “ zəmanət tələb edib”.
Müəllif :
Həcər Qasımova - Bakı Dövlət Universiteti “Beynəlxalq ümumi hüquq” kafedrasının dosenti, h.e.f.d.
Nəşr tarixi : 2023
Ümumi cinayətlərin strukturunda şəxsi mənafedən törədilmiş cinayətlər böyük çəki daşıdığından, onların elmi-nəzəri və metodoloji əsaslarının öyrənilməsi dərin analitik və konstruktiv yanaşma tələb edir. Tam və mənalı kriminoloji mənzərə yaratmaq üçün eqoist cinayətkarların şəxsiyyətinin spesifik kriminoloji xüsusiyyətlərini təhlil etmək lazımdır. Çünki muzdlu cinayətkarlar digər cinayətkarlardan sosial-demoqrafik, hüquqi və psixoloji xüsusiyyətlərinə görə fərqlənirlər.
Müəllif :
Vüqar Mansurov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının baş müəllimi
Nəşr tarixi : 2021
Müəllif cinayət-prosessual məcburiyyətin hüquqi mahiyyətini üzə çıxararaq, onun şərtiliyindən proses iştirakçılarının prosessual öhdəlikləri ilə çıxış edir, onlar mövcud qanunda təsdiqini taparaq, özlərinin düzgün davranış modelini formalaşdırır və cinayət prosesində mümkün və zəruri məcburiyyət təsirinin növünü, həcmini və tərkibini müəyyən edirlər. Buna əsaslanaraq müəllif cinayət-prosessual məcburiyyət anlayışının prosessual elmdə təqdim olunan təriflərini təhlil edir və belə nəticəyə gəlir ki, prosessual məcburiyyət anlayışı çoxölçülüdür.
Müəllif :
Həmid Abbasov - Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının doktorantı
Nəşr tarixi : 2021
İddia müddəti və onun tətbiqi mülki dövriyyə iştirakçıları arasında yaranmış olan mübahisə və ixtilafların obyektiv həqiqət prinsipi əsasında həll edilməsində ən mühüm vasitədir. Məqalədə iddia müddətinin başlanma anı,onun kəsilməsi, dayandırılması və bərpası əsasları tədqiq edilmiş,iddia müddətinin prosessual xüsusiyyətləri və bu müddətlərin ötürülməsinin dogurdugu hüquqi nəticələr araşdırılmış, müqayisəli təhlillər aparılmaqla nəzəriyyədə və təcrübədə rast gəlinən problemlərə münasibət bildirilmişdir.
Müəllif :
Şükür Yusifov - h.ü.f.d., Bakı Dövlət Universitetinin dosenti
Firuzə Qafulova - Bakı Dövlət Universiteti, Mülki hüquq kafedrası
Nəşr tarixi : 2021
Bəşəriyyət tarixini çox zaman müharibələr tarixi adlandırırlar. C.Pikte qeyd edir ki, «ilk sinifli cəmiyyətlərin və dövlətlərin yaranmasından başlayaraq bəşəriyyətin tarixi – müharibələr tarixi olmuşdur. İsveçrəli ekspert C.C.Babelin hesablamalarına görə, eramızdan əvvəl 3500-ci ildən bu günə qədər bəşəriyyət cəmi 292 il (bəzi məlumatlara görə isə 300 il) sülh şəraitində yaşamışdır. Tarixi məlumatlar dünyada 15 minə yaxın irili-xırdalı müharibənin baş verdiyini göstərir.
Müəllif :
Rəhim Məcnunov - DIN-in Polis Akademiyasının “İctimai elmlər” kafedrasının rəisi, tarix üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Məqalədə müqavilə hüququnun mahiyyətinin, müasir elmi-nəzəri, normativ-hüquqi və praktiki problemlərinin düzgün başa düşülməsi üçün onun tarixi inkişafının başlanğıcında duran qədim Şərqin əlaqədar hüquqi sənədləri araşdırılır, əsas müvafiq müddəa, norma, institut və müqavilə formalarının məzmunu və meydana gəlməsinin tarixi sosial-iqtisadi səbəbləri və tətbiqi təcrübəsi təhlil edilir. Mövzunun araşdırılması üçün müəllif xronoloji ardıcıllığa uyğun olaraq, Qədim Şərq dövlətlərində (Mesopotamiya, Misir, Assuriya, Hindistan, Çin) meydana gəlmiş və bəşər sivilizasiyası tarixində müqavilə hüququnun ilkin normalarını qanunvericilik səviyyəsində müəyyənləşdirən rəsmi sənədləri (Hammurapi Qanunnaməsi, Manu Qanunları) və tarixi (qədim Misir, Assuriya, Çin və hunlar haqqında) məlumatları tədqiqata cəlb etmişdir.
Müəllif :
Eldar Qocayev -h.ü.f.d., AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Nəşr tarixi : 2021
Mədəni irs obyektlərinin qanunsuz dövriyyəsi ilə mübarizə təcrübəsi göstərir ki, bu mübarizə beynəlxalq əməkdaşlıq olmadan mümkün deyildir. Əslində qanunsuz dövriyyə ilə mübarizə mədəni irs obyektlərinin qorunması sferasında beynəlxalq əməkdaşlığın bir istiqaməti və forması qismində çıxış edir. Mədəni irs obyektlərinin qanunsuz dövriyyəsi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən beynəlxalq əməkdaşlıq, onun məzmununu, üsul və vasitələrini müəyyən edən prinsiplərə riayət edilməsi şərti ilə həyata keçirilir.
Müəllif :
Sima SüleymanIı - Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin doktorantı, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Azərbaycan Respublikasında kredit münasibətlərini tənzimləyən mülki hüquq müqavilələrin xüsusiyyətlərini müəyyən etmək üçün ilk növbədə “kredit” və “kredit müqaviləsi” kimi anlayışların nisbəti və qarşılıqlı əlaqəsi məsələlərinin müəyyən edilməsi vacib əhəmiyyət kəsb edir. “Kredit” və “kredit müqaviləsi” kimi kateqoriyalar bir-birindən fərqli olan anlayışlardır. Guman etmək olar ki bu, “kredit” kateqoriyasının iqtisadi cəhətdən şərh edilməsi ilə əlaqədardır. Elmi iqtisadi ədəbiyyatda “kredit” anlayışından, onun mülki qanunvericiliyində əks olunmuş təri-findən fərqli, daha geniş münasibətlər dairəsinin göstərilməsi məqsədilə istifadə edilməsinə rast gəlmək olar.
Müəllif :
Vəfa İsmayılova - Bakı Dövlət Unversiteti, “Mülki hüquq” kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Azərbaycanın hüquq tarixi çərçivəsində əcnəbilərin hüquqi vəziyyətinə dair məsələ indiyə qədər bilavasitə araşdırma obyektinə çevrilməsə də, ölkəmizin tarixi təkamülünün müxtəlif mərhələlərində rast gəlinən tarixi qaynaqların və hüquqi mənbələrin məzmununda bu problemin müxtəlif təzahürləri ilə qarşılaşmaq mümkündür. Məqalədə Azərbaycan hüdudlarında əcnəbilərin hüquqi statusu probleminin qədimlərdən indiyədək olan vəziyyəti araşdırılır, onun normativ təzimlənməsinin dərəcəsi aydınlaşdırılır və bu zaman müvafiq hüquqi aktlarda əcnəbilərlə bağlı müəyyən edilmiş normaların səciyyəvi cəhətləri təhlilə məruz qalır. Tarixilik, müqayisəlilik, obyektivlik və sistemli yanaşma metodlarından istifadə olunmaqla tarixi-hüquqi faktların mahiyyətinə nüfuz edilir, bu problemlə bağlı müxtəlif tarixi dövrlərdə baş vermiş hüquqi proseslər arasındakı əlaqələr açılıb göstərilir.
Müəllif :
Xəyyam İsmayılov - h.e.d., BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru
Nəşr tarixi : 2021
Hazırkı məqalədə hüquqi dövlətdə məhkəmə hakimiyyətinin yeri, məhkəmə qərarlarına olan tələblər, onların qanunilik təminatları, insan hüquq və əsas azadlıqları baxımından onların əhəmiyyəti və dövlətin beynəlxalq əməkdaşlıq münasibətlərində rolu qeyd edilir, beynəlxalq hüquq normalarının tətbiqi, məhkəmə presedent hüququnun nəzərə alınması məhkəmə qərarlarının qanuniliyi təminatı kimi nəzərdən keçirilir. Məhkəmə qərarlarının konstitusion hüquqi təminatlarının müəyyən olunması məhkəmə təcrübəsində vahid yanaşmadan çıxış etməyi zəruri edir ki, bu da nəticə etibarilə hüquq müəyyənetmə prinsipi baxımından, qeyri-müəyyən hüquqi mövqelərin aradan qaldırılmasını şərtləndirir.
Müəllif :
Rəşid Rzayev - h.ü.f.d, Bakı şəhəri Xətai rayon Məhkəməsinin sədri
Şəhriyar Əliyev - h.e.d, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi
Nəşr tarixi : 2021