Məqalədə ən əvvəl qeyd olunur ki, insan hüquqlarının təmin olunmasının səmərəliliyi çoxsaylı amillərdən asılıdır və bu zaman konstitusiya-hüquqi, inzibati-hüquqi, mülki-hüquqi, cinayət-hüquqi, beynəlxalq-hüquqi təminetmə üsulları tətbiq olunur. Bildirirlir ki, insan hüquq və azadlıqlarının təminatı institutunun əsas elementi qismində insan hüquq və azadlıqlarının konstitusiya təminatları çıxış edirlər. Məqalədə qeyd olunur ki, insan hüquq və azadlıqlarının təminatının mülki-hüquqi üsulu inzibati-hüquqi üsulla müqayisədə olduqca mürəkkəbdir. Bununla yanaşı, vurğulanır ki, müasir şəraitdə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə beynəlxalq-hüquqi mexanizmlərin tətbiqi dövlətlərin daha sıx əməkdaşlığını tələb edir. Bu əməkdaşlıq insan hüquqlarının daha etibarlı təminatı üçün geniş imkanlar verir və bu hüquqların pozulmasının qarşısının alınmasına şərait yaradır.
Müəllif :
Səmədov M.N.
Nəşr tarixi : 2025
Məqalədə terrorçuluğun yeni forması kimi kiberterrorçuluğun ictimai təhlükəliyi, anlayışı, səciyyəvi xüsusiyyətləri, törədilmə üsulları ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Hüquq doktrinasında kiberterrorçuluğun anlayışı ilə bağlı mövcud fikir və mülahizələrin, mövqelərin təhlili aparılmış, kiberterrorçuluğun anlayışı təklif edilmişdir. Bir çox xarici ölkələrin cinayət qanunvericiliklərində bilavasitə kiberterrorçuluğa görə məsuliyyət nəzərdə tutan normaların olmadığı qeyd olunmuş, eyni zamanda bəzi ölkələrdə (Böyük Britaniya, ABŞ, Pakistan, Macarıstan, İtaliya, Gürcüstan və s.) İnternet ehtiyatlarından, informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən terrorçuluqla bağlı müəyyən müddəaların təsbit olunduğu göstərilmişdir. Qeyd olunmuşdur ki, «Kibercinayətkarlıq haqqında» 2001-ci il tarixli Budapeşt Konvensiyasında kiberterrorçuluğun kriminallaşdırılması zəruriliyi ilə bağlı müddəaların əks olunmaması bu Konvensiyanın ciddi boşluğu kimi qiymətləndirilməlidir. Bu boşluğun tez bir zamanda aradan qaldırılması məqsədilə xüsusi beynəlxalq konfransın çağırılması, Konvensiyanın iştirakçı ölkələrinə və digərlərinə öz milli qanunvericiliklərində kiberterrorçuluğa görə məsuliyyət müəyyən edən normaların və müddəaların daxil edilməsinin tövsiyə olunması, qeyd olunan bu və digər məsələləri tənzimləyən və Budapeşt Konvensiyasına Əlavə olunan Xüsusi Protokolun qəbul edilməsi, ümumiyyətlə isə yaxın illərdə Kibercinayətkarlığa qarşı mübarizə haqqında vahid Konvensiyanın hazırlanması və qəbuluna istiqamətlənmiş işlərin başlanması zəruriliyi vurğulanmışdır. Məqalədə kiberterrorçuluqla bağlı əməllərin kriminallaşdırılması məqsədilə CM-in 214-cü maddəsinə «İnternet informasiya ehtiyatlarından, informasiya-telekommunikasiya şəbəkələrindən, digər texniki-texnoloji və rəqəmsal vasitələrdən istifadə etməklə törədildikdə (kiberterrorçuluq)» kimi yeni tövsifedici tərkibin əlavə edilməsi məqsədəuyğun hesab edilmişdir.
Müəllif :
Nağızadə E.
Nəşr tarixi : 2025
Tədqiqatın əsas məqsədini tövsiyə xarakterli normaları (soft law), beynəlxalq müqavilələri, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini və normalarını, hüquqi standartları, beynəlxalq təşkilatların hüquqi aktlarını, beynəlxalq konfransların aktlarını, beynəlxalq öhdəliklər doğuran birtərfli aktları kompleks şəkildə təhlil etməklə ətraf mühitin mühafizəsi sahəsində dövlətlərin beynəlxalq hüquqi öhdəliklərinin zəruri şərti və tələbi kimi çıxış edən hüquqi məsuliyyət institutunun mahiyyətini və əhəmiyyətini açıqlamaqdan ibarətdir. Məqalədə qeyd olunur ki, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi insanın yaşamaq hüququ və onun sağlamlığı ilə birbaşa əlaqəyə malikdir. Başqa sözlə ifadə etsək, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi prinsip etibarı ilə elə insanın həyat və sağlamlığının qorunması deməkdir. Bu qarşılıqlı vəhdətin və asılılığın təmin edilməsi isə beynəlxalq birliyin prioritet vəzifəsi olmalıdır. Ətraf mühitin mühafizəsinin zərurliyinə antroposentrik, yəni insan və təbiətin qarşılıqlı münasibətlərində insanın rolunun mütləqləşdirilməsi nöqteyi-nəzərindən deyil, biosentrik və ekosentrik sintezdən yanaşılmalıdır. Bu qarşılıqlı əlaqə və asılılıq hüquqi məsuliyyət rejiminin müəyyənləşdirilməsini də tələb edir. Ətraf mühitə qarşı törədilən hüquq pozuntularına görə məsuliyyət prinsip etibarı ilə: beynəlxalq öhdəliklərə əməl olunmaması nöqteyi-nəzərindən beynəlxalq hüquqi, təqsirin formaları nəzərə alınmaqla cinayət hüquqi, vurduğu zərərin həcmi və xarakterinə görə mülki hüquqi məsuliyyət doğurur. Ətraf mühitin mühafizəsi üzrə hüquqi məsuliyyət rejiminin vacibliyini şərtləndirən beynəlxalq normaların implementasiya prosesi hal-hazırda aşağıdakı problemlərlə müşaiyət olunur: a) bu sahədə beynəlxalq normaların çoxluğu, müxtəlifliyi və intensiv dinamikası; b) implementasiyanın optimal üsullarını seçmək; c) implementasiya prosesində hüquq və siyasət arasında balansı təmin etmək.
Müəllif :
Məmmədov R.K.
Nəşr tarixi : 2025
Ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında mövcud siyasi sistemin əsas prinsiplərinə – təkpartiyalılığa, Kommunist partiyasının bütün dövlət təsisatları üzərində amirliyinə toxunmadan ictimai təşkilatların, xalq hakimiyyəti orqanlarının fəaliyyətini nisbətən canlandırmaq üçün şərait yaranmışdı. Həmin dövrdə “kommunizm cəmiyyətinə keçid” məfkurəsi kontekstində formalaşan “ümumxalq dövləti” doktrinası özündə həm əvvəlki proletar diktaturası doktrinasının varisliyi kimi, həm də dövlətin sosial fəaliyyətinin və siyasi inkişafın vəzifələrinin yeni anlamı kimi elementləri əks etdirirdi. Vətəndaşların ölkənin siyasi sistemində Sovetlər vasitəsilə təmsilçiliyinin genişləndirilməsi siyasi monizm prinsipinin müəyyən qədər məhdudlaşdırılması ilə əlaqədar idi. Hakimiyyət və idarəetmə təsisatlarının, eləcə də məhkəmə sisteminin təşkili və fəaliyyəti, sosial-mədəni və iqtisadi sferada baş verən çoxsaylı dəyişikliklər konstitusiya qanunvericiliyinin yenilənməsini labüd şəkildə ortaya çıxarırdı. Bu baxımdan məqalənin yazılmasında məqsəd həmin dəyişikliklərin mahiyyətinin üzə çıxarılmasından ibarətdir. Məqalədə tarixi-müqayisəli təhlil metodundan və sistemli, inteqrativ yanaşma üsulundan istifadə etməklə respublikamızda konstitusiyaçılığın inkişafının baxılan tarixi mərhələsində baş verən proseslərə diqqət çəkilir, sosialist münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə cəmiyyətin və dövlətin idarəçiliyi ilə bağlı ortaya çıxan yeni yanaşmaların mahiyyəti, vətəndaşların sosial-iqtisadi, siyasi, mədəni hüquqları, bütövlükdə konstitusiya qanunvericiliyinin yeni hüquqi əsasları araşdırılır.
Müəllif :
İsmayılov X.C.
Nəşr tarixi : 2025
Azərbaycanda süni intellektli texnologiyalarından istifadə və onların insan fəaliyyətinin müxtəlif sahələrində tətbiqi hələ ilkin mərhələdə olsa da, yaxın gələcəkdə süni intellektin insan fəaliyyətinin müxtəlif sferalarına təsirinin son dərəcə əhəmiyyətli olacağı şübhəsizdir. Son illər elektron məlumat daşıyıcılarından, yaxud müasir informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin sayı artsa da, bilavasitə süni intellektin fəaliyyəti nəticəsində törədilən ictimai təhlükəli əməl qeydə alınmayıb. Lakin dünya təcrübəsində süni intellektli texnologiyalarla bağlı ictimai təhlükəli əməllər artıq baş verir. Bununla belə nəzərə almaq lazımdır ki, dövlətlər arasında inteqrasiya prosesi, o cümlədən də süni intelektli rəqəmsal rabitə və yüksək texnologiyalar mübadiləsi daim güclənir. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə (məsələn, tibdə, rabitə və nəqliyyatda, və s.) tamamilə və ya qismən süni intellekt vasitəsilə həyata keçirilən fəaliyyət obyektiv olaraq ictimai təhlükə yarada və cinayət qanunu ilə qorunan ictimai münasibətlərə zərər vura bilər. Məqalədə dünya təcrübəsində süni intellektin hüquq qabiliyyəti məsələləri, eləcə də cinayət hüququ nəzəriyyəsində süni intellektin cinayət məsuliyyətinin subyekti kimi tanınması imkanları araşdırılır.
Müəllif :
Səmədova Şəhla
Nəşr tarixi : 2025
В статье рассматривается проблема избыточной численности лиц, находящихся в местах лишения свободы, как ключевая угроза эффективному функционированию пенитенциарных систем. Представлен анализ статистических данных по европейским странам, охарактеризованы причины роста числа заключённых и даны сведения о международных программах, направленных на снижение тюремного населения. Отдельное внимание уделяется пробационному надзору, а также альтернативным мерам наказания и процессуального принуждения.
Müəllif :
Səlimov K.
Nəşr tarixi : 2025
Məqalədə qeyd olunur ki, dövlətin insan hüquqlarının müdafiəsinə yönələn fəaliyyəti konstitusiya və qanunvericiliklə tənzimlənən təsisatlar, prosedurlar və metodlardır. Fəaliyyəti tam və ya qismən insan hüquqlarının təmin olunmasına yönələn təsisatların əsas vəzifəsi insanları qanunsuz hərəkətlərdən (hərəkətsizlikdən) müdafiə etməkdir. Hər bir dövlətdə insan hüquqlarının müdafiəsini təmin edən təsisatlar ölkənin insan hüquqları müdafiə mexanizmlərinin tərkib hissəsidir. Bir qayda olaraq İnsan hüquqlarının müdafiəsi üzrə Milli Mexanizmlər iki qrupa bölünür. Bunlar Məhkəmə Mexanizmləri və məhkəmədənkənar və ya İnzibati Mexanizmlərdir. Məhkəmə mexanizmi də özlüyündə Konstitusiya Məhkəməsi mexanizmi və ümumi məhkəmə mexanizmi qismində olur. Hər bir ölkədə insan hüquqlarını müdafiə edən milli mexanizmlər bir-birindən fərqlənə bilər və bunların çeşidi fərqli ola bilər. Bu fərqliliyə ölkənin qanunvericilik sistemi və onun tərəfdar çıxdığı beynəlxalq normalar da təsir edə bilər.
Müəllif :
Cahangirova A.A.
Nəşr tarixi : 2025
Konstitusiya, hüquq sisteminin nüvəsini təşkil etdiyindən, bütün qanunvericiliyin inkişafı üçün bazadır. Hüquq sisteminin elementlərini təhlil edərək, biz Konstitusiyanın mahiyyətini anlaya bilərik. Əsas qanun hakimiyyət strukturlarının təşkili və qarşılıqlı təsirini, bütövlükdə dövlət, həmçinin hüquq sistemini müəyyən edən sistem təşkiledici aktdır. Əhəmiyyətlidir ki, Konstitusiya yalnız pozitiv hüququn ən yüksək təzahürü olmasın, həmçinin öz mətnində təbii hüququnun ən qiymətli prinsiplərini özündə əks etdirsin. Konstitusiya məhkəmələrinin nəzarət funksiyası öz spesifikasına malikdir. Konstitusiya nəzarəti normayaradıcılıq sferasını yuxarıdan aşağı əhatə edir. Bu halda məqsədəuyğunluq problemləri həlledici mənaya malik olmamalıdır. Bundan başqa, normativ aktda reallaşdırılmış, ən uğurlu olmayan hüquqi qərarın qəbul edilməsi onun konstitusiyaya uyğunsuzluğunu bildirmir. Məhz bu əlamət konstitusion nəzarəti digər dövlət orqanları tərəfindən həyata keçirilən nəzarətdən fərqləndirir. Konstitusiya məhkəməsi məhz normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq vasitəsi ilə konstitusion normalarının üstünlüyünü və onların real, birbaşa təsirini müəyyən etməyə yönəlmişdir. Konstitusiya məhkəməsinin mövcudluğu və onun hüququn aliliyinin təminatı üzrə fəaliyyəti dövlətin demokratik xarakterinə, konstitusion quruluşu inkişaf etdirmək cəhdinə şahidlik edir, hansı ki, öz məzmununa görə beynəlxalq standartlara cavab verir, həmin standartların arasında isə insan hüquqları və azadlıqlarının tanınması ən əhəmiyyətli və ən ali dəyər hesab olunur.
Müəllif :
Əsgərov H.V.
Nəşr tarixi : 2025
Korporativ münasibətlərdə notariusun rolu ildən-ilə artır. Bu münasibətlərdə onun iştirakı korporativ münaqişələrin qarşısını alır, korporasiyaların fəaliyyəti üçün əlverişli şərait yaradır və onlar üçün mənfi nəticələrə səbəb olmadan yeni iştirakçıların cəlb edilməsinə şərait yaradır. Notarius mülki dövriyyənin sabitliyinin təminatçısı olmaqla korporativ münasibətlərdə etibarlı müdafiə vasitəsi olaraq çıxış edir.
Müəllif :
Qələndərli S.H.
Nəşr tarixi : 2025
Hazırda qiyabi icraat şəklində həyata keçirilən məhkəmə proseslərinə, xüsusilə Roman-German hüquq sisteminə malik olan Avropa ölkələrinin əksəriyyəti tərəfindən üstünlük verilmir. Lakin bu, heç bir ölkənin bu icraatı tətbiq etmədiyi mənasına gəlmir. Əksinə, xüsusilə İtaliya və Almaniya bu icraatı qanunda təsbit olunmuş bir hüquq olaraq tanıyır. Son illərdə, hüquq sistemində bəzi islahatlar həyata keçirən Azərbaycan 2023-2024-cü illərdə "qiyabi icraatı" xüsusi icraatın yeni növü kimi, yeni tətbiq etmə mexanizmi təqdim etmişdir. Bununla belə, qeyd etmək vacibdir ki, "qiyabi icraat" hüquq doktrinasında bir hüquq olaraq müəyyən olunsa da, bu həmişə praktiki olaraq effektiv şəkildə tətbiq olunmaya bilər. Təcrübədə "qiyabi icraat", müəyyən şərtlərin tətbiqi ilə həyata keçirilə bilən məhkəmə prosesi kimi qəbul edilə bilər. Ümumiyyətlə, bu icraat növünü Avropa ölkələri çərçivəsində müzakirə edildikdə, bir neçə hüquqi şərtlərin mövcud olduğu aşkar olur. Eyni şəkildə, bu hüquq normalarının tətbiqi yalnız Avropa ölkələri ilə məhdudlaşmır, həm də Avropalaşmış və ya Avropa Şurasının üzvü olan ölkələrdə də mövcuddur. Bu, doğru bir şəkildə qeyd edilə bilər ki, geniş yayılmış hüquq sistemləri, məsələn, Anglo-Sakson, Code Napoléon və Alman (birbaşa Alman) hüquq sistemləri müəyyən şəkildə Roman-German hüquq ənənəsindən təsirlənmişdir.
Müəllif :
Məmmədova L.İ.
Nəşr tarixi : 2025