Məqalədə ictimai iştirakçılığın Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət institutlarının qarşılıqlı əlaqəsinin əsas vasitəsi kimi mühüm məsələlər hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının milli qanunvericiliyi əsasında geniş təhlil edilir. Qeyd edilir ki, müasir dövrdə dünya təcrübəsinə və Avropa standartlarına hərtərəfli və geniş miqyasda inteqrasiya edən Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları ilə qeyri-dövlət, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrin qurulmasında “ictimai iştirakçılıq” metodundan istifadə edir. Məqalədə bir sıra mühüm sahələrdə milli qanunvericiliyin beynəlxalq hüquq normaları ilə qarşılıqlı təhlili aparılır və əsas istiqamətlər müəyyən edilir. Daha sonra, Azərbaycan Respublikası praktikasında ətraf mühitin mühafizəsi sahəsinə bir qədər geniş yanaşma tətbiq edilərək ətraflı təhlillər aparılır. Məqalədə hər bir sahənin təhlili üzrə konkret nəticələr irəli sürülür və əsaslandırılır.
Müəllif :
Elnarə Mirzəyeva - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti
Nəşr tarixi : 2022
İnsanın həyatdan məmnunluğu və xoşbəxtliyi onun həyat tələbatlarının layiqli səviyyədə təminatı ilə üzvi surətdə əlaqəlidir. Bu təminat rifah dövləti, layiqli həyat səviyyəsi və sosial hüquqlar arasında əlaqənin balanslaşdırılması vasitəsilə mümkündür. Sosial hüquqların əksəriyyəti kollektiv hüquqlardır və pozitiv öhdəliklər yaradaraq dövlətlər tərəfindən müəyyən aktiv fəaliyyət tələb edir. Regional kontekstdə təhlil etdikdə Avropa İttifaqı çərçivəsində əhalinin layiqli həyat səviyyəsinin yüksəldilməsinin ən effektiv yolunun məşğulluğun artırılması olduğunu görürük. Burada həyat səviyyəsi Dayanıqlı İnkişaf Məqsədlərinin əsas komponenti və Avropa İttifaqının ətraf mühit, sosial idarəetmə normalarının mühüm aspektlərini özündə cəmləyir. Müvafiq fəaliyyət İttifaqın aktlarına və siyasətinə nüfuz edir. Fövqəldövlət Avropa İttifaqının rifah dövləti qurmaq ideyası, əslində, Avroregionda dövlətlərarası kəskin fərqlərin olması səbəbindən puça çıxır. Məqalədə müəllif tərəfindən layiqli həyat hüquqlarını təmin edən Avropa İttifaqı üzv dövlətlərinin sosial modelləri, bu sahəni tənzimləyən qanunvericilik aktları və ittifaq qurumları ətraflı tədqiq edilir, həyata keçirilən tədbirlər araşdırılır, sosial islahatların səmərəliliyini təmin etmək məqsədilə yeni təkliflər irəli sürülür.
Müəllif :
Mələkxanım Rəhimova - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının elmi katibi, Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Məqalə beynəlxalq cinayətlərə və onların səbəb olduğu beynəlxalq hüquqi məsuliyyətin müzakirəsinə həsr edilmişdir. Dövlətin məsuliyyətinin müəyyən edilməsində “jus contra bello”, “jus ad bellum”, “jus in bello”, “jus post bellum” məhfumlarının önəmi vurğulanmış və onların kontekstində dövlətlərin çəkinməli olduğu davranışların hüquqazidd olması səbəbləri araşdırılmış və bu sahədə BMT-nin yanaşması təhlil edilmişdir. Dövlətin təcavüzlə bağlı məsuliyyətinin hədlərini müəyyən etmək üçün müəllif beynəlxalq konvensiyalarla yanaşı, Rusiya-Ukrayna müharibəsi kimi müasir dönəmin münaqişələri fonunda BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında göstərilən yanaşmalara da istinad etmişdir. Bununla yanaşı, məqalədə fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti ilə dövlətin siyasi və maddi məsuliyyəti arasında fərqlər və qarşılıqlı əlaqələr haqqında da söhbət açılır. Əlavə olaraq, müharibə cinayətlərinə münasibətdə müddətin tətbiq edilməməsi və universal yurisdiksiya prinsiplərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Beynəlxalq Ədalət Məhkəməsinin, habelə Yerusəlim Dairə Məhkəməsi və Almaniya Federal Məhkəməsi kimi dövlətdaxili məhkəmələrin qərarlarında tətbiqi də nəzərdən keçirilmişdir. Ən sonda yuxarıda qeyd olunan məsələlərin təhlilinin nəticəsi olaraq müəllif Azərbaycan ərazilərində beynəlxalq və müharibə cinayət törətdiklərinə görə təqsirləndirilən şəxslərin məhkəmə araşdırması aparıldığı zaman nəzərə alınması zəruri hesab edilən aspektləri müəyyən etmiş və milli məhkəmələrin qərarlarının beynəlxalq hüquq cəhətdən əsaslandırılmasına dair tövsiyələr təqdim etmişdir.
Müəllif :
Məhəmməd Quluzadə - Hüquq üzrə fəlsəfə doktoru, Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Nəşr tarixi : 2023
Məqalədə Azərbaycan Respublikasının beynəlmiləlləşmiş qeyri-hökumət təşkilati kimi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətləri ətraflı təhlil edilir. Belə nəticəyə gəlinir ki, Heydər Əliyev Fondunu sadəcə ictimai təşkilat kimi deyil, çox nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı qismində nəzərdən keçirmək daha məqsədəmüvafiq olardı. Belə ki, Heydər Əliyev Fondu öz fəaliyyətində beynəlxalq əməkdaşlıq istiqamətində mühüm fəaliyyətlər həyata keçirir və hazırda da keçirməkdədir. Bütövlükdə isə, Heydər Əliyev Fondu özünün fəaliyyət və əhatə istiqamətlərini daha da genişləndirməklə beynəlxalq qeyri-hökumət təşkilatları üçün bütün mümkün imkanlardan da tam səmərəli formada istifadə etməklə nəinki dövlətdaxili nüfuzunu, eyni zamanda beynəlxalq nüfuzunu da xeyli dərəcədə yüksəltmişdir ki, burada da Fondun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir.
Müəllif :
Elnarə Mirzəyeva - Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti
Nəşr tarixi : 2023
Məqalədə beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə implementasiyasının nəzəri və praktiki aspektləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qeyd edilir ki, hər bir dövlətin hüquq sistemində beynəlxalq hüquq normaları prioritet rol oynayır və istənilən sferada milli qanunvericiliyin formalaşdırılması beynəlxalq hüquq normalarının iştirakı olmadan həyata keçirilə bilməz. İnkişaf etmiş dövlətlər təcrübəsini əsas tutaraq Azərbaycan Respublikası hüquq sistemində də beynəlxalq hüquq normaları effektiv təsir gücünə malik olmaqla, müxtəlif hüquq sahələrinin formalaşması və inkişafında mühüm rol oynamışdır. Nəhayət, sonda belə qənaətə gəlinir ki, beynəlxalq hüquq normalarını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də müvafiq əlavə də dəyişikliklərin edilməsi zəruridir. Qeyd edilənlər isə ümumi və xüsusi problemləri nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hisələrində paralel şəkildə edilməlidir. Belə ki, hər bir istiqamətdə edilən dəyişikliklər bir-birini qarşılıqlı olaraq tamamlamalıdır.
Müəllif :
Mehriban Eyyubova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti
Nəşr tarixi : 2023
Uşaqların xüsusi müdafiəsinə zərurətin formalaşması və onların hüquqlarının tanınması dünyada baş verən tarixi proseslər nəticəsində gündəmə gəlmişdir. Məqalədə uşaq hüquqlarının beynəlxalq-hüquqi müdafiəsini şərtləndirən amillər həm nəzəri-tarixi, həm də təcrübi aspektdən tədqiq olunmuşdur. Müqayisəli təhlillərin nəticəsi olaraq məqalədə uşaqların müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının təcrübəyə tətbiqi zamanı qarşıya çıxan problemlərə aydınlıq gətirilmiş, təklif və tövsiyələr təqdim olunmuşdur. Uşaqların xüsusi hüquqi statusuna əks mövqedən çıxış edən yanaşmalar tənqid olunmuş, onların spesifik xüsusiyyətlərindən irəli gələrək belə xüsusi müdafiənin vacibliyi qəbul olunmuşdur. Hüquqları qorunmağa çalışılan bütün insanların hamısının uşaqlıq dövrü keçirməsini və uşağın necə şəxsiyyətə çevrilməsinin daha çox həmin dövrdən asılı olmasını nəzərə alsaq, uşaq hüquqlarının beynəlxalq və milli-hüquqi müdafiəsinin nə qədər vacib olması təsdiq olunur.
Müəllif :
Zamiq Allahverdiyev - Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Məqalədə qeyd olunur ki, İnsan hüquqları sahəsində beynəlxalq mexanizmlərin hüquqi mahiyyətinin dərk edilməsi üçün beynəlxalq və milli tədbirlər arasında hansı nisbətin müəyyən edildiyini aydınlaşdırmaq vacibdir. İmplementasiyanın dövlətdaxili mexanizmi beynəlxalq hüquq normalarının implementasiyası üçün istifadə olunan milli-hüquqi vasitələrin və dövlətin beynəlxalq öhdəliklərinin realizəsi üçün səlahiyyətli olan dövlət orqanlarının məcmusudur. Dövlətdaxili mexanizm hər bir dövlətdə mövcuddur. Ancaq bu mexanizmə bütün dövlətlər üçün ümumi, həm də spesifik əlamətlər məxsusdur. Göstərilən prosesin obyektivliyi, ilk növbədə, qloballaşma ilə bağlıdır. Beynəlxalq hüquq milli hüquqa və dövlətçiliyə pozitiv təsir göstərə bilər. Dövlət tərəfindən beynəlxalq hüquq öhdəliklərini yerinə yetirmək, insan hüquq və azadlıqlarına riayət etməyə zəmanət vermək üçün onlar daxili qanunvericiliklə təsbit edilməlidir.
Müəllif :
Aygül Cahangirova - BDU-nun İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Virtual məkanın formalaşması heç də hər zaman müsbət istiqamətdə təhlil olunmur. Rəqəmsal əsrdə yeni texnologiyaların təqdim etdiyi imkanlar vasitəsilə hüquq pozuntularının mahiyyətində də ciddi dəyişikliklər müşahidə edilir. Artıq fiziki müstəvidə deyil, virtual müstəvidə törədilən pozuntular müasir dünya əhalisi üçün ciddi narahatlıqlar yaradır. Belə pozuntular sırasında xüsusi çəkiyə malik olan deepfakelər dövrün aktual problemlərindəndir. Bu potensialı ciddiyə alan beynəlxalq təşkilatlar deepfakeləri gələcəyin ən böyük təhlükələrindən biri hesab edirlər. Məqalədə deepfake tətbiqləri ilə bağlı xarici dövlətlərin hüquqi tənzimləmələri müqayisəli təhlil olunmuş, deepfake məzmunların insan hüquq və azadlıqlarını pozduğu vəziyyətlər hüquq normaları əsasında tədqiq edilmiş, respublikamızda deepfake məzmunların sanksiyalaşdırılması ilə bağlı təklif və tövsiyələr irəli sürülmüşdür.
Müəllif :
Elnur Hümbətov - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Məqalədə aparılan selektiv abortlara görə Azərbaycan Respublikasının dünya ölkələri arasında doğulan uşaqların cins nisbətinə görə ən ön yerlərdə olmasının hüquqi aspektlərinin tədqiqinin nəticələri təqdim edilmişdir. Belə ki, əvvəl selektiv aborta görə həmin siyahıda Çin liderlik edirdisə, hazırda təəssüflər olsun ki, ölkədə dünyaya gələn 100 qıza 115 oğlan sayı ilə Azərbaycan sırada birinci yerə keçmişdir. XXI əsrdə Azərbaycanda nəsil artımında baş vermiş tənəzzül və insan dölündə cinsiyyətin müəyyən edilməsinə imkan yaradan müayinə imkanlarından geniş istifadə nəticəsində ölkədə hamiləlik dövründə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə öz növbəsində doğulan uşaqlar arasında cinsiyyət nisbətinin əsaslı dərəcədə pozulmasına yol açır.
Müəllif :
Hikmət Babayev - Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Məhkum qadınlarla bağlı problemlərə diqqət yetirdikdə, daha çox məhdudlaşdırmaların mülki və siyasi hüquqlarla əlaqədar olduğunu müşahidə edə bilərik. Məqalədə məhkum qadınların xüsusi vəziyyətindən irəli gələrək daha çox problemlərin mövcud olduğu hüquq və azadlıqların müdafiəsi ilə bağlı məsələlər təhlil olunacaqdır. Burada ilk növbədə, şərəf və ləyaqətin müdafiəsi qeyd edilməlidir. Məhkumların, xüsusən də azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların hüquqi vəziyyətinin xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr olunmuş bütün beynəlxalq sənədlərdə onların hüquq və azadlıqlarının tənzimlənməsi problemi mühüm yer tutur. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, beynəlxalq standart və normalar heç də həmişə ardıcıl olmur, bəzən bir-birinə ümumiyyətlə uyğun gəlmir və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların vəziyyətinin tənzimlənməsində ziddiyyətlər yaradır. Bu da həmin norma və standartların milli təcrübəyə tətbiqində bir çox problemlərin meydana çıxmasına gətirib çıxarır. Lakin mövcud problemlər yalnız beynəlxalq standartların pərakəndəliyindən irəli gəlmir. Dövlətdaxili hüquqda olan bir çox çətinliklər də məhkum qadınların hüquq və azadlıqlarının müdafiəsi üçün maneələr formalaşdırır.
Müəllif :
Günay Hacıyeva - BDU-nun İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023