A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Şəxsi toxunulmazlıq hüququ

Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.Bu hüququn məqsədi fərdlərin şəxsi və ailə həyatını dövlət orqanlarının qanunsuz müdaxiləsindən qorumaqdır.

Azərbaycan Respublikası Konstitusiyasına görə hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.  İnsan hüquqları üzrə Avropa məhkəməsinin formalaşdırdığı presedentə əsasən şəxsi həyat anlayışına şəxsin fiziki və mənəvi toxunulmazlığını, şəxsin fiziki və sosial kimliyinin aspektlərini, şəxsin foto və videolarına hüququnu, şəxsin reputasiyasını (nüfuzunu), genetik mənada valideyn olub-olmamaq seçiminə hörmət olunması hüququnu, ictimai yerdə şəxsin dayandırılıb axtarılmasından müdafiə hüququ və s. şamil etmək olar.

Ailə həyatının dairəsinə isə nikaha əsaslanan münasibətlər ilə yanaşı faktiki ailə həyatını təşkil edən münasibətlər, o cümlədən, nikahdankənar doğulmuş övladlarla, bacı-qardaşla, nəvələrlə nənə-baba arasında olan münasibətlər daxildir.

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Burada şəxsi və ailə həyatının sirri olan məlumatlar dedikdə insanın ictimai və ya xidməti fəaliyyəti ilə əlaqədar olmayan elə məlumatlar başa düşülür ki, şəxs, şərəf və ləyaqəti alçaldan və ya ləkələyən olub-olmamasından asılı olmayaraq onların kənar şəxslərə məlum olmasını istəmir.

Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması cinayət məsuliyətinə səbəb olur.

Şəxsi toxunulmazlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi , Cinayət Məcəlləsinin 156-cı maddəsi, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi və ilə qorunur.

Şəxsi həyata hörmət hüququ

Şəxsi həyata hörmət hüququ ən əhəmiyyətli hüquqlardan hesab edilir və hər kəsin şəxsi toxunulmazlıq hüququ olaraq başa düşülür. Şəxsi həyata hörmət hüququ: 1. şəxsin fiziki, psixoloji və ya mənəvi toxunulmazlığı; 2. şəxsi həyatın gizli qalmalı olan aspektləri; 3. şəxsin identikliyi kimi üç kateqoriyada özünü təzahür etdirir.

Şəxsi həyata hörmət hüququnun tərkib elementi olan şəxsin fiziki və mənəvi toxunulmazlığı şəxsə qarşı fiziki zorakılıq və mənəvi-psixoloji təzyiq hallarının yolverilməzliyini əhatə etməklə dövlətlərin vətəndaşlar qarşısında öhdəliyi kimi meydana çıxır.

Hər kəsin şəxsi həyatının sirrini saxlamaq hüququ şəxsi həyatın gizli qalmalı olan aspektlərini ehtiva edir. Şəxsin nüfuzunun qorunması şəxsi həyata hörmət hüququnun tərkib hissəsi olaraq qorunur.

Şəxsin adı, soyadı, valideyinlərinin kimliyi və şəxsin öz mənşəyini öyrənmək, fərdi məlumatlara sahib olmaq və şəxsiyyət sənədlərinə malik olmaq hüququ şəxsi identikliyin tərkib hissəsi hesab olunur.

Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması böyük ictimai təhlükə törətməyən cinayət əməli hesab olunur.

Şəxsi həyata hörmət hüququ: Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının (1950-ci il) 8-ci maddəsində, “Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (1966-cı il) 17-ci maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsində, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmişdir.

Seçki hüququ

Bu hüquq vətəndaşa dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmək üçün dövlət tərəfindən təminat verilən, aktiv və passiv seçki hüququ vasitəsilə həyata keçirilən imkandır.

Aktiv seçki hüququ vətəndaşların dövlət başçısının və dövlətin nümayəndəli orqanlarının (parlament, bələdiyyə və s.) seçkilərində seçici kimi iştirak edərək səsverməsindən ibarətdir. Səsvermə zamanı seçici birbaşa olaraq namizədlərin (namizədlər siyahısının) “lehinə” və ya “əleyhinə” səs verir. Səsvermədə iştirak etmək könüllüdür və seçicinin vətəndaş vicdanı məsələsidir. Bu gün dünyanın bir çox ölkələrində peşəsindən, sosial vəziyyətindən, təhsilindən və s. asılı olmayaraq bütün yetkinlik yaşına çatmış vətəndaşlar aktiv səsvermə hüququna malikdirlər. Bəzi dövlətlərdə aktiv səsvermə hüququna məhdudiyyətlər var (məsələn, yaş həddi: Yunanıstanda - 20 yaş; Malayziya, Boliviya – 21 yaş; Taylandda, Küveytdə - təhsil senzi; Estoniyada, Botsvanada - oturaqlıq senzi və s.).

Aktiv seçki hüququ vətəndaşın ən mühüm siyasi hüquqlarından biridir. Bununla belə, mütləq deyil. 1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 25-ci maddəsi onun həyata keçirilməsinə ayrı-seçkiliyə yol verməmək və ya əsassız olmamaq şərtilə məhdudiyyətlərin müəyyən edilməsi imkanını xüsusi olaraq qeyd edir. Bundan əlavə, bu beynəlxalq sənəd aktiv seçki hüququnun əsas prinsiplərini nəzərdə tutur: bərabərlik, gizlilik, azad iradə ifadəsi. Bu prinsiplər 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 21-ci maddəsinin 3-cü bəndində də təsbit edilmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-ci Prokolunun 3-cü maddəsinə müvafiq olaraq dövlətlər öz üzərinə ağlabatan müntəzəmliklə gizli səsvermə yolu ilə qanunvericilik orqanlarına azad seçkilər keçirmək öhdəliyi götürürlər.

Passiv seçki hüququ - şəxsin parlamentə, yerli özünüidarəetmə orqanına və seçkili dövlət vəzifəsinə (respublikanın prezidenti) seçilmək imkanıdır. Passiv seçki hüququnun əsasları dövlətlərin konstitusiyaları ilə, daha ətraflı isə seçki məcəllələri, prezidentinin seçkiləri, parlament seçkiləri haqqında və s. qanunlarla tənzimlənir. Passiv seçki hüququ əldə etmək üçün aktiv seçki hüququna nisbətən daha yüksək yaş həddi müəyyən edilir.


Top