E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Mülkiyyət hüququ

Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Mülkiyyət hüququna müdaxiləyə legitim məqsədlə - yalnız qanunun aliliyi prinsipinə əsaslanmaqla yol verilə bilər. Mülkiyyətdən məhrumetmənin bütün hallarında ədalətli kompensasiya ödənilməsi təmin olunmalıdır.

Azərbaycan Respublikasında heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Mülkiyyət hüququ ilə bağlı müddəalar Konstitusiyanin 29-cu maddəsində, Mülki Məcəllədə, həmçinin, Ümumdünya insan hüquqları Bəyannaməsinin 17-ci maddəsində, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapır.

Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi

Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur”.

Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə bu, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

Məhkəməyə təkrar müraciət hüququ

Konstitusiyanın 65-ci maddəsində təsbit edilmiş məhkəməyə təkrar müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır və ilk növbədə, məhkəmə səhvlərinin tezliklə aradan qaldırılmasına xidmət edir. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. Bunun üçün isə qanunvericilikdə yeni məhkəmə icraatlarının və prosedurlarının tətbiqi ilə məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici ilk növbədə pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, yanlış məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz. Dövlətin hüquq və azadlıqların səmərəli müdafiəsini təmin etmək öhdəliyi baxımından belə qərarların qüvvədə qalması yol verilməzdir. Ona görə də, ədalət mühakiməsinin həyata keçirilməsi qaydasını müəyyən edərkən qanunverici məhkəmə sistemi çərçivəsində bu cür səhv qərarların aradan qaldırılmasının hüquqi mexanizmini də nəzərdə tutmuşdur.

Milli mənsubiyyət hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsinə, əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Respublikada insan ləyaqəti qorunur və ona hörmət edilir. Bundan əlavə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Milli mənsubiyyət hüququnun təmin edilməsi dövlətin tolerantlığının, dünyəviliyinin və demokratikliyinin göstəricisidir. Sözügedən hüquq irqindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və əqidəsindən asılı olmayaraq hər bir şəxsə şamil edilir. Milli mənsubiyyət məsələsi “etnos” və ya “soykök” lə bağlı məsələdir. Bu anlayış bioloji deyil, sosiolojidir. Yəni o, tərbiyə, əxlaq və s. ilə müəyyənləşir və fərdin bioloji xüsusiyyətləri ilə şərtlənmir. Azərbaycanda yaşayan və onun vətəndaşı olan şəxs əcnəbi valideyndən dünyaya gələ bilər, lakin gördüyü tərbiyə və yaşadığı mühit əsasında özünü əcnəbi deyil, azərbaycanlı hesab edir. Ümumilikdə, milli mənsubiyyət insan üçün vacib amildir. Bu hal fərdin özünü müəyyən bir etnosla eyniləşdirməsi deməkdir. Fərd özünü hər hansı xalqın nümayəndəsi hesab edərək onun mənəvi dəyərlərini, mədəniyyətini, adətlərini və ənənələrini qəbul edir. Bu mənada milli mənsubiyyət məsələsi şəxsiyyət üçün istiqamətverici rol oynayır. Milli mənsubiyyətin müəyyənləşdirilməsi üçün müxtəlif əlamətlərin nəzərdən keçirilməsi vacibdir. Buraya dil, din, adət-ənənə və s. aiddir. Beynəlxalq aktlarda bir-sıra hallarda onun əvəzinə “milli azlıqlar” söz birləşməsi istifadə edilir.

Qeyd edilənlərdən əlavə olaraq, milli mənsubiyyət fərdin hüquqi statusuna hüquqi amil kimi təsir etmir. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddə əks etdirilən məlumatlar sırasında fərdin milli mənsubiyyəti qeyd edilmir. Adıçəkilən hüquqdan istifadə etmə fərdə imkan verir ki, aid olduğu etnosun adət-ənənələrini həyata keçirsin, öz həyatında həmin etnosun sosial normalarını tətbiq və təqlid etsin.

Müraciət hüququ

Hər kəsin öz hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini qorumaq və həyata keçirmək üçün dövlət və bələdiyyə orqanlarına, dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ var. Müraciət etmək hüququ sərbəst və könüllü həyata keçirilir. Müraciət hüququnun həyata keçirilməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

Bu hüquq bir tərəfdən, hər kəsin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini dövlət orqanlarının qanunsuz hərəkətlərindən qorumaq məqsədi daşıyır (buna görə də özünümüdafiə üsullarından biridir), digər tərəfdən fikir azadlığının ifadə formasıdır. Bundan əlavə, müraciət etmək hüququ birbaşa demokratiyanın alətidir, çünki xalqın mənafeyini, fikrini, tələblərini əks etdirən həm fərdi, həm də kollektiv müraciətlər şəklində xalqın iradəsini dövlətə çatdırır.

Publik orqanlara müraciət etmək konstitusion hüququnun vətəni İngiltərə sayılır. Məhz burada 1689-cu il tarixli “Hüquqlar haqqında” Bəyannamədə ilk dəfə olaraq “təbəələrin krala vəsatətlə müraciət etmək qeyri-məhdud hüququ” əks olunmuş və belə vəsatətə görə tutma yaxud hər hansi bir formada təqib qanunsuz hesab edilirdi.

Publik hakimiyyət orqanlarına müraciət etmək hüququ beynəlxalq hüquqda birbaşa göstərilməsə də, o maddi hüquq norması kimi digər insan hüquq və azadlıqlarından (müdafiə hüququ, ifadə azadlığı) irəli gəlir. Bununla yanaşı, beynəlxalq hüquqda pozulmuş hüquqların müdafiəsi üçün səlahiyyətli orqanlara (BMT-nin Baş Assambleyası yanında İnsan hüquqları Şurası, Avropa İnsan hüquqları məhkəməsi və s.) müraciət etmək prosessual hüquq kimi təsbit olunur.

Mənzil toxunulmazlığı hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Qanunvericiliyə uyğun olaraq, məhkəmə qərarı və ya qanunla müəyyən edilən hallarda səlahiyyətli subyektlər mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil ola, zəruridirsə, axtarış və digər istintaq hərəkətləri apara bilərlər.

Vətəndaşların mənzil toxunulmazlığı hüququnun qorunması dövlətin pozitiv öhdəliklərindən biridir və səlahiyyətli qurum bunun icrası üçün zəruri addımlar atmalıdır. Bu addımlar qanunvericiliyin təkmilləşdirilməsi, hüquq mühafizə orqanlarının və ya aidiyyəti digər qurumların səlahiyyət həddinin dəyişdirilməsi və digər formalarda təzahür edə bilər.

Vətəndaşın mənzil toxunulmazlığı hüququ təkcə onun fiziki yaşayış sahəsi üzərində hüququnu deyil, həm də dinc şəraitdə yaşamaq hüququnu əhatə edir. Müdaxilə həm fiziki formada, məsələn, şəxsin evinə icazəsiz daxil olma formasında, həm də qeyri-fiziki formada, məsələn, səs-küy, xoşagəlməz qoxu və s. formada baş verə bilər. Bu hüquq dövlət orqanları tərəfindən, xüsusən məhkəmə qərarlarının icrası ilə əlaqədar olaraq, müəyyən tədbirlərin görülməsini özündə ehtiva edə bilər .

Mənzil toxunulmazlığı hüququ Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə yanaşı, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 17-ci maddəsində və Əlillərin hüquqları haqqında Konvensiyanın 22-ci maddəsində öz əksini tapır.

Mənzil hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Normadan müəyyən etmək olur ki, mənzil hüququnun və şəxsin bu istiqamətdə mənafelərinin qorunması dövlətin prioritet məsələlərindəndir. Bundan başqa dövlət müxtəlif sosial-iqtisadi layihələr və strateji planlar icra etməklə insanların mənzil hüquqlarını realizə etməyinə şərait yaradır və bunu təşviq edir.

Mənzil hüququ vətəndaşların müstəsna hüquqlarından biridir. Hər bir vətəndaş hər hansı məhdudiyyət qoyulmadan qanunvericiliyə uyğun şəkildə istənilən sayda mənzilə sahib ola bilər. Mənzil hüququ özlüyündə onu ehtiva edir ki, fərd istənilən yaşayış məntəqəsində yaşayış sahəsi ala və ya tikə bilər, həmçinin istəyinə uyğun formada və qanunvericiliyinə zidd olmayan şəkildə əmlakına daxili və xarici dəyişiklilklər edə bilər. Fərd mənzilindən elə istifadə etməlidir ki, bu başqalarının və dövlətin mənafeyinə zidd olmasın. Mənzilin harda yerləşməsi bəzi hallarda mənzil sahiblərinin hüquqlarını məhdudlaşdıra bilər. Məsələn, tarix və mədəniyyət abidəsi olan binalarda yerləşən mənzillərin sahiblərinin üzərinə binanın qorunması məqsədilə əlavə öhdəliklər qoyula bilər.

Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə əsaslanır. Habelə, adıçəkilən Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam vermə üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi bu hüququn təminatının əsas amillərindəndir.

Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Mənzil Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Mənzil hüququna dair analoji müddəalar "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 13-cü maddəsində, "İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında" Avropa Konvensiyasının 4 №-li protokolunun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur.

Məhkəmə səhvinə görə kompensasiya

Məhkəmə səhvinə görə kompensasiya - Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Qeyd olunan aktlarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 56-cı maddəsi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərin dairəsini təsbit etmişdir.

Bununla yanaşı, Konstitusiyasının 68-ci maddənin II hissəsində və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı Protokolun 3-cü maddəsinə əsasən, “Şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əfv edildikdə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövlətin qanununa və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır”. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiy­asının 5-ci maddəsi bu hüquqla əlaqədar müddəaları nəzərdə tutur.

Mədəniyyət hüququ

Mədəniyyət hüququ ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu olaraq, hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ kim başa düşülür.

Mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bərpası, mənimsənilməsi və təşviqi, həmçinin mədəniyyət xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət və mədəni həyatda iştirak etmək hüququ dövlət tərəfindən təmin edilir.

Mədəniyyət sahəsində hər kəsin hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.

Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sosial mənşəyindən, sağlamlıq imkanlarından, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində öz hüquq və azadlıqlarını həyata keçirməsinə təminat verir.

Bütün mədəni hüquqlardan kişi və qadınların bərabər istifadəsinə təminat dövlətlərin öhdəliyi olaraq qəbul edilir.

Dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların mədəniyyətlərinin, hüquq və azadlıqlarının bərabərliyi və öz mədəniyyətlərini qorumaq, öz mədəni kimliklərini müəyyən etmək, mədəni sərvətlərini bərpa etmək, gücləndirmək və inkişaf etdirmək hüququ vardır.

Hər kəsin öz mədəni kimliyini, ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradıcılıq fəaliyyətini seçməkdə, mədəni sərvətlərin yaradılmasında, mədəni nemətlərdən bərabər istifadə etməkdə tam sərbəstdir.

Dövlət tərəfindən qorunan  və mühafizə olunan mədəniyyət abidələrinin qəsdən məhv etmə və ya korlama böyük ictimai təhlükə törətməyən cinayət əməli hesab olunur

Mədəniyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın (1966-cı il) 3-cü maddəsində və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmişdir.

Məlumat almaq azadlığı

Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.

Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.

Məlumatın əldə edilməsi dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri, dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması, statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi, dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə, mediada, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi, normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə təmin edilir.

Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. 

Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və mühafizə olunur. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.

Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:

-onun haqqında toplanan məlumatla tanış olmaq;

-məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;

-məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.

Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.

Məlumat almaq azadlığı “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 19-cu maddəsində, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 19-cu maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində öz əksini tapmışdır.

Məcburi köçkün

Məcburi köçkün, hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub ölkə ərazisində başqa yerə köçmüş şəxsdir. Bu status, silahlı münaqişə, təqib, insan hüquqlarının kütləvi pozulması və ya təbii fəlakətlərin təsiri ilə öz evini tərk edən şəxsləri əhatə edir.

Azərbaycan qanunvericiliyində məcburi köçkün  anlayışı  “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.   Qanunvericiliyə əsasən, məcburi köçkünlər xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir. O cümlədən Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər məcburi köçkünlərə bərabər tutulurlar. 

Beynəlxalq səviyyədə məcburi köçkünlərin hüquqlarının müdafiəsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən həyata keçirilir. BMT Baş Məclisinin 1998-ci ildə qəbul etdiyi “Daxili Məcburi Köçkünlərə dair Rəhbər Prinsiplər” bu kateqoriyaya daxil olan şəxslərin qorunması üçün əsas çərçivəni təşkil edir. Bu sənəddə qeyd edilir ki, məcburi köçkünlər ayrı-seçkilik olmadan öz ölkələrində digər şəxslər kimi beynəlxalq və daxili qanunvericiliyə uyğun olaraq eyni hüquq və azadlıqlardan istifadə etmək hüququna malikdirlər. Bununla birlikdə qeyd edilməlidir ki, məcburi köçkünlərin statusunu tənzimləyən hər hansı beynəlxalq konvensiya mövcud deyildir.

Azərbaycan qanunvericiliyinə görə, məcburi köçkünlərin sosial müdafiəsi, yaşayış şəraitinin yaxşılaşdırılması və onların normal həyat fəaliyyətinin bərpası üçün xüsusi tədbirlər həyata keçirilir. Bu şəxslərin hüquqlarının qorunması həm milli qanunvericilik, həm də beynəlxalq standartlara əsaslanır. Məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

Məcburi əmək

Məcburi əmək şəxsin qanunsuz olaraq müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsidir.

Məcburi əmək həm beynəlxalq hüquqda, həm də bir çox ölkələrin milli qanun­vericiliyində cinayət tərkibi kimi qadağan edilib. 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Məcburi Əmək haqqında 29 saylı Konven­siyasının müddəalarına əsasən məcburi əmək fərdlərin cəza təhdidi altında və öz ira­dəsi əleyhinə işləməyə məcbur edilmə­sidir. Konvensiya məcburi əməyi fiziki, psi­xo­loji və ya iqtisadi məcburiyyət yolu ilə əldə edilən istənilən əmək kimi müəyyən edir. Konvensiya konkret hallar istisna olmaqla, heç kimin məcburi əməyə cəlb edil­mə­məsini və belə əməyin yalnız qanuni məqsədlər üçün istifadə edilməsini təmin etmək məqsədi daşıyır.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən heç kəs zorla işlədilə bilməz. Həmin maddənin 5-ci hissəsinə görə məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

Məcburi əməklə bağlı münasibətlərin dövlətdaxili hüquqi əsaslarını Azər­bay­can  Res­pub­likasının Konsti­tusiyasının, İnzibati Xətalar Məcəlləsinin, Cinayət Məcəl­lə­­sinin, Əmək Məcəlləsinin, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun mü­va­fiq maddələri təşkil edir.

Həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının, Mülki və Siyasi Hüquqlar haq­qında Bey­nəlxalq Paktın, həmçinin BƏT-in Məcburi Əmək haqqında 1930-cu il tarixli, 29 saylı və İcbari Əməyin ləğv edilməsi haqqında 1957-ci il tarixli, 105 saylı Konvensiyalarının, habelə Məcburi Əmək Konvensiyasının 2014-cü il tarixli, 29 saylı əlavə Protokolunun mü­vafiq mad­dələri məcburi əməklə bağlı münasibətlərin bey­nəlxalq hüquqi əsaslarını təşkil edir.

Məzuniyyət hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsi hər kəsin istirahət hüququna malik olmasını bəyan etmişdir.

Həmin maddənin 2-ci hissəsində qeyd olunmuşdur ki, əmək müqaviləsi ilə işlə­yən şəxslərin qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət hüququ vardır.

Məzuniyyət hüququnun məqsədi işçinin iş mühitindən ayrılaraq sağlam­lığının müha­­fizəsi məqsədilə istirahət etməsi, əmək qabiliyyətinin qorunmasıdır. Bu baxım­dan, işçinin əmək qanunvericiliyində nəzərdə tutulmuş məzuniyyət hüqu­qunun (əmək, yaradıcılıq, ödə­nişsiz, sosial, yaradıcılıq və təhsil məzuniyyətlərinin) təmin edilməsi mütləqdir.

Məzuniyyət hüququ yalnız əmək müqaviləsi ilə işləyən şəxslərə şamil olunur. Mülki-hüquqi müqavilələr (xidməti müqavilələr) üzrə işlər görən və ya xidmətlər gös­tərən işçilər məzuniyyət hüququndan istifadə etmirlər.

Azərbaycan Respub­likası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Ple­numunun Qərarında da qeyd edilmişdir ki, əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır.

Məzuniyyət hüququ ilə bağlı münasibətlərin dövlətdaxili hüquqi əsaslarını Azər­bay­can  Res­pub­likasının Konsti­tusiyasının, Əmək Məcəlləsinin, İnzibati Xətalar Məcəl­ləsinin, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 iyul 2002-ci il tarixli, 8-1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi Qaydaları”nın mü­va­fiq maddələri təşkil edir.

Həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İttifaqının “İş vaxtı” Direktivi (2003/88/EC),  “Valideynlik məzuniyyəti” Direktivi (2010/18/EU), həm­çinin Beynəlxalq Əmək Təşkilatının Ödənişli illik məzuniyyət haqqında 132 saylı, Ailə məsuliyyətləri olan işçilər haqqında 156 saylı və Analığın mühafizəsi haqqında 183 saylı Konvensiyalarının mü­vafiq mad­dələri məzuniyyət hüququ ilə bağlı münasibətlərin tənzimlənməsinin bey­nəlxalq hüquqi əsaslarını təşkil edir.

 

Mülki hüquqlar

Mülki hüquqlar geniş anlayışlarda ifadə olunmaqla mülki hüquq subyektlərinin, fiziki və hüquqi şəxslərin əmlak, əşya və şəxsi qeyri əmlak münasibətlərində, əqdlər və öhdəliklərdən irəli gələn münasibətlərdə yaranmasını, ötürüməsini, ləğvini və xitamını  özündə ehtiva edir.

Mülki hüquqlar insanın doğulduğu vaxtdan yaranan və öldükdən sonra da qanunvericiliklə müəyyən edilən qaydada mühafizə edilən və realizə edilən hüquqlardır.

Fiziki və hüquqi şəxslər mülki hüququn subyektləri hesab edilir və qanunla müəyyən edilmiş mülki hüquqlara malikdirlər. Mülki hüquqlar birbaşa və təmsilçilik vasitəsilə həyata keçirilə bilər. Mülki hüquqlar fərdi və kollektiv formada tanına bilər.

Mülki hüquqlara müqavilə azadlığı, mülkiyyət hüququ, mülkiyyətin toxunulmazlığı, sahiblik hüququ, əmlak müstəqilliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi kimi hüquqlar aid edilir.

Mülki hüquqlar sisteminə daxil olan mülkiyyət hüququnun xüsusi növləri tənzimlənir və xüsusi mülkiyyət hüququ qanunla qorunur, konstitusion hüquq hesab edilir.

Mülki hüquqlar daşınar və daşınmaz əmlakda, əşyada, torpaqda, səhmlərdə, qiymətli kağızlarda, servitut, uzufrukt, əmanət, veksel, istiqraz, hesablaşma və qanunla müəyyənləşmiş digər təyinatlarda realizə edilir.

Mülki hüquqlar sərəncam vermək, bağışlama, alqı-satqı, dəyişdirmə, istifadə, icarə, kirayə, saxlama, sığorta, lizinq, kredit, girov, ipoteka, zaminlik, qarantiya, podrat, tapşırıq, brokerlik, daşıma, renta, komissiya, nümayəndəlik formalarında həyata keçirilir.

Vərəsəlik hüququ mülki hüquqlara aid qorunan və  ötürülən hüquqlardandır. İnsanın ana bətnində olduğu vaxtdan xüsusi hal olaraq yaranan hüquqlarından potensial vərəsəlik hüququnu ehtimal edə bilərik.

Mülki hüquqların həyata keçirilməsi üçün əsas hüquqi mənbələrdən Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və digər normativ aktları qeyd edə bilərik.

Mediasiya

Mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunvericiliklə müəyyən olunmuş prosesdir. Burada “tərəflər” dedikdə, hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar başa düşülür.

Mediasiya könüllülük, konfidensiallıq, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi prinsipləri əsasında həyata keçirilir.

Mediasiyada könüllülük prinsipi tərəflərin mediasiya prosesində iştirakı və mediatorun seçilməsi ilə bağlı sərbəstliklərində öz əksini tapır. Onlar mediasiyanı istənilən mərhələdə dayandırmaq hüququna malikdirlər.

Hüquq bərabərliyi və əməkdaşlıq prinsipi tərəflərin mediasiya prosesində bərabər hüquqlara malik olmasında və mübahisənin həlli üçün qarşılıqlı əməkdaşlıq etməsində özünü göstərir. Mediasiya tərəflərin ünsiyyətinə və danışıqlarına əsaslanır.

Mediator hər iki tərəfə bərabər yanaşmalı və qərəzsiz olmalıdır. Dövlət qurumları və digər şəxslər tərəfindən onun fəaliyyətinə müdaxilə yolverilməzdir.

Mediasiya prosesinə müdaxilənin yolverilməzliyi mediasiya zamanı üçüncü şəxslərin və ya dövlət qurumlarının prosesə müdaxiləsinə icazə verilməməsində ifadə olunur. Mediator yalnız tərəflərin razılığı əsasında hərəkət etməlidir.

Mediasiya zamanı əldə edilən bütün məlumatlar konfidensialdır və tərəflərin razılığı olmadan açıqlana bilməz. Tərəflər arasında ayrı bir şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir.

Mediasiya mülki və kommersiya (xarici elementli mübahisələr də daxil olmaqla) mübahisələri, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Mediasiya vasitəsilə mübahisənin daha az vaxt və daha az maliyyə vəsaitlərinin sərf edilməsi ilə həllinə və tərəflər arasında əməkdaşlığın qorunmasına nail olunur.

Mediasiya milli səviyyədə "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Beynəlxalq səviyyədə isə BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) Model Qanunu, Avropa Şurasının 2008/52/EC saylı Direktivi və 7 avqust 2019-cu ildə imzalanmış Sinqapur Mediasiya Konvensiyası kimi sənədlər mövcuddur.

Milli (daxili) hüquq müdafiə vasitələrinin tükənməsi

Milli (daxili) hüquq müdafiə vasitələrinin tükənməsi dedikdə, beynəlxalq hüququn əsas prinsiplərindən biri olaraq, fiziki və ya hüquqi şəxslərin beynəlxalq orqanlara müraciət etməzdən əvvəl öz milli dövlətləri daxilində mövcud olan bütün hüquq müdafiə üsul və vasitələrindən istifadə etmələri tələbinin ifadəsi kimi başa düşülür. 

Beynəlxalq hüquqda milli (daxili) hüquq müdafiə vasitələrinin tükənməsi "milli (daxili) hüquq müdafiə vasitələrinin tükənməsi" prinsipi kimi tanınır. Bu prinsipə görə, bir şəxs beynəlxalq məhkəməyə və ya digər beynəlxalq hüquq orqanlarına müraciət etməzdən əvvəl, əvvəlcə öz ölkəsində mövcud olan bütün hüquq müdafiə vasitələrindən istifadə etməlidir.

Bu anlayış, hüquqi məsələlərin effektiv şəkildə həll olunmasına, həmçinin şəxslərin və ya təşkilatların hüquqlarının təmin olunmasına yardım edir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi bu hüquq və azadlıqların inzibati və məhkəmə təminatını nəzərdə tutur: Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Hər bir şəxs hüquq və azadlıqlarının pozulmasından müdafiə olunmaq hüququna malikdir. Bu məqsədlə o, məhkəməyə və digər dövlət orqanlarına müraciət edə bilər. Əgər məhkəmə və digər orqanlar tərəfindən verilən qərarlardan şikayət etmək istəsə, o zaman həmin qərarlara qarşı apellyasiya və kassasiya qaydasında şikayət etməlidir. Bu maddə, şəxslərin hüquqlarının pozulması ilə bağlı əvvəlcə yerli məhkəmələrə və müvafiq hüquq orqanlarına müraciət etməli olduqlarını bildirir. Beynəlxalq məhkəməyə müraciət etməzdən əvvəl milli (daxili) hüquq vasitələrini tükəndirmək lazımdır.

Milli hüquq müdafiə vasitələrinin tükənməsinin mahiyyətində əsasən, subsidiarlıq prinsipi dayanır.

Belə ki, subsidiarlıq prinsipi, hüquq müdafiəsi sahəsində, məsələlərin və qərarların mümkün qədər aşağı səviyyəli orqanlar və qurumlar tərəfindən həll edilməsini təşviq edən bir yanaşmadır. Bu prinsipə əsasən, hüquq pozuntuları və ya hüquqi məsələlər ilk növbədə milli hüquq sistemləri tərəfindən həll edilməli, yalnız daxili hüquq vasitələri tükəndikdə və ya yetərli olmadıqda, beynəlxalq qurumlar müdaxilə etməlidir. Milli (daxili) hüquq müdafiə vasitələrinin tükənməsi tələbi, subsidiarlıq prinsipinin tətbiqi ilə əlaqədar olaraq, hüquq pozuntusu ilə üzləşən şəxsin əvvəlcə öz ölkəsinin hüquq mühafizə orqanlarına və məhkəmələrinə müraciət etməsini tələb edir. Bu vasitələr tükəndikdə və ya ədalət təmin olunmadıqda, məsələnin həlli üçün beynəlxalq hüquq orqanlarına müraciət etmək mümkündür.

Bu yanaşma, dövlətlərin suverenliyini qorumağa və yerli orqanların məsuliyyətini artırmağa kömək edir, eyni zamanda ədalətə nail olmaq üçün beynəlxalq müdaxilənin yalnız son çarə kimi nəzərdə tutulduğunu bildirir.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasında (Roma, 4 noyabr 1950) və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktında (16 dekabr 1966) milli (daxili) hüquq müdafiə vasitələrinin tükənməsi prinsipi yer almışdır.

Məişət zorakılığı

Məişət zorakılığı dedikdə  ailə üzvləri və ya eyni yaşayış sahəsini bölüşən, yaxud hazırkı və ya keçmiş nikah, habelə qeyri-rəsmi nikah müna­sibətləri çərçivəsində şəxslər arasında baş verən bütün fiziki, cinsi, psixoloji və ya iqtisadi zorakılıq aktları başa düşülür.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məişət zorakılığı qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qar­daşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), ərin və arvadın yaxın qohumlarınahabelə birgə yaşadığı hallarda digər qohum­larına, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərin, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərin birinin digərinə, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan  qohumlarına qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

Məişət zorakılığına qarşı mübarizənin dövlətdaxili  hüquqi əsaslarını Azər­bay­can Respublikası İnzibati Xətalar Mə­cəl­ləsinin, Ailə Məcəlləsinin və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azər­bay­can Respublikası Qanununun müvafiq maddələri təşkil edir.

BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası, “Qadınlara qarşı zorakılığın aradan qaldırılması  haqqında” Bəyannaməsi və Dayanıqlı İnkişaf Məqsədləri” (5.2-ci məqsəd: "Qadınlara və qızlara qarşı zorakılığa son verilməsi), habelə Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə haqqında” Konvensiyasının (İstanbul Konvensiyası) aidiyyəti müddəaları isə  məişət zorakılığının qadağan olun­masının bey­nəlxalq hüquqi əsaslarını təşkil edir.

Mülahizə sərbəstliyi

Mülahizə sərbəstliyi  dövlət hakimiyyəti or­qanlarına və vəzifəli şəxslərə (o cüm­lədən məhkəmələrə, icraedici orqanlara və digər səlahiyyətli subyektlərə), konkret hüquqi vəziyyətin xüsusiyyətlərini və şərtlərini nəzərə almaqla, məqsədyönlü və əsaslandırılmış qərar qəbul etmək imkanı verən hüquqi prinsipdir. Bu anlayış, xüsusilə dövlət orqanlarının səlahiyyətlərini tənzimləyən hüquqi sənədlərdə, insan hüquqları, inzibati hüquq məhkəmə prak­tikasında geniş yer tutur.

Lakin mülahizə sərbəstliyi tam şəkildə və ya subyektiv qərar qəbul etmək hüququ demək deyil. Mülahizə sərbəstliyi qanunilik, əsaslandırma və pro­porsionallıq prinsipləri ilə məhdudlaşdırılır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məh­kəməsinin 15 oktyabr 2024-cü il tarixli Plenum Qərarı ilə məhkəmə icraatı  və məh­kəmə qərarlarının icrası məsələlərinə dair ümumi qaydaların müəyyən edil­mə­si  Konstitusiyanın 94-cü maddəsinin  I hissəsinin  6-cı bəndi baxımından qanun­ve­ricinin diskresion səlahiyyətlərinə aiddir. Bu sahədə o, geniş mülahizə sərbəstliyinə malikdir. Bununla belə, qanunvericinin qeyd edilən mülahizə sərbəstliyi hədsiz deyil və Konstitusiyada təsbit olunmuş tələblərə, o cümlədən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Kons­titusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsi özünün  digər, 28 mart 2023-cü il  tarixli  Plenum Qəra­rın­da isə qa­nunverici, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı məsələləri tənzimləyərkən icra məmurlarına müvafiq qərarın icrasının təmin olunması ilə bağlı hərəkətlərin həyata keçirilməsində mülahizə sərbəstliyi verməkdən çəkin­məklə, icra məmurları tərəfindən görülə biləcək tədbirlərin dairəsini, icra müddətlərini, o cümlədən digər prosessual məsələləri dəqiq müəyyən etmişdir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da  “mülahizə sərbəstliyi  (“margin of appreciation”) prinsipi geniş yer tutur. Bu, xüsusilə insan hüquqları və azadlıqlarının tətbiqi zamanı dövlətlərə müəyyən hallarda qərarvermə azadlığı tanın­ması anlamına gəlir. Lakin bu azadlıq mütləq deyil məhkəmənin nəzarəti altında həyata keçirilməlidir.

Mütləq hüquqlar

Mütləq hüquqlar dedikdə dəyişilməz və heç bir halda məhdudlaşdırıla və ya dayandırıla bilməyən hüquqlar başa düşülür. Bu hüquqlar insanın təbii və ayrılmaz hüquqları hesab olunur, dövlət heç bir halda, hətta fövqəladə vəziyyət şəraitində belə bu hüquqları məhdudlaşdıra bilməz. Mütləq hüquqların qorun­ması beynəlxalq insan hüquqları sistemində dövlətin ən ali və dəyişilməz öhdə­liklərindən biridir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əsasən, yaşamaq hüququ (2-ci maddə), işgəncələrə məruz qalmamaq hüququ (3-cü maddə), köləlikdə və asılı vəziyyətdə saxlanmamaq hüququ (4-cü maddə), qanunsuz cəzaya yol verilməməsi (7-ci maddə) mütləq hüquqlar kimi təsbit olunmuşdur.

“Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq  Paktın tələblərinə əsa­sən dövlət heç bir halda, hətta fövqəladə vəziyyət şəraitində belə mütləq hü­quqlardan (yaşamaq, işgəncələrə və ya ağır, qeyri-insani və ya  ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq, köləlikdən azad olmaq  və s.) imtina edə bilməz.

 

Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması

Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması dedikdə, 16 yaşına çatmış təqsirkar tərəfindən şəxsin və ya qrupun fərqli milli, irqi, sosial və ya dini  mənsubiyyətinə qarşı düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla birbaşa qəsdən törədilən cinayət əməli başa düşülür.

Bu cinayətin obyekti milli, irqi, sosial və ya dini hüquq bərabərliyi və bu sahədə AR Konstitusiyası ilə müəyyən edilmiş əsas hüquq və azadlıqlardır (hər hansı dinə etiqad etmək və etməmək azadlığıdır). AR Konstitusiyasına görə bütün dini etiqadlar qanun qarşısında bərabərdir: İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır (maddə 18); Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır (maddə 25, III hissə); Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz (maddə 44); İrqi, milli, dini, sosial nifrət və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir (maddə 47). Bu cinayətlər AR Cinayət Məcəlləsinin 283-cü maddəsində nəzərdə tutulmuşdur; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayət cəzası ilə cəzalandırılır.

Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını qadağan edən müddəalar Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın (BMT Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200 A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilib) 20-ci maddəsinin 2-ci bəndində, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (BMT Baş Məclisi tərəfindən 21 dekabr 1965-ci ildə qəbul olunub) 4-cü və 5-ci maddələrində təsbit edilmişdir.

Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması və bu növdən olan sair cinayətlər nifrət motivli cinayətlər hesab edildiyi üçün Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən üzv dövlətlərə “Nifrət cinayətlərinə qarşı mübarizə haqqında” CM/Rec(2024)4 saylı Tövsiyə qəbul edilmişdir.

Bu Tövsiyənin “Əhatə dairəsi, tərifi və yanaşma” hissəsində nifrət cinayətinin tərifi verilir. Həmin sənədə əsasən, Tövsiyənin məqsədləri üçün “nifrət cinayəti” dedikdə, bir və ya bir neçə real və ya qəbul edilən şəxsi xüsusiyyətə və ya statusa əsaslanan nifrət elementi ilə törədilmiş cinayət əməli başa düşülür. Burada “nifrət” — qərəz, qabaqcadan formalaşmış mənfi münasibət və ya etinasızlıq (ikrah) hissini (hörmətsizliyi) əhatə edir. “Şəxsi xüsusiyyət və ya status” anlayışı isə irq, dərinin rəngi, dil, din, vətəndaşlıq, milli və ya etnik mənsubiyyət, yaş, əlillik, cins, gender, cinsi oriyentasiya, gender kimliyi və ifadəsi, həmçinin cinsi xüsusiyyətləri də ehtiva edir.

 

Müəlliflik hüququ və əlaqəli hüquqlar

Müəlliflik hüququ və əlaqəli hüquqlar – müəllif hüququ və əlaqəli hüquqların əldə edilməsi, qorunması, həyata keçirilməsi və tətbiqi ilə bağlı hüquq normalarının məcmusudur. Müəlliflik hüququ və əlaqəli hüquqlar müəlliflərin və digər hüquq sahiblərinin öz yaradıcı və intellektual məhsulları üzərindəki mənəvi və iqtisadi maraqlarını qoruyur. Bu hüquq sahəsi daha geniş olan əqli mülkiyyət hüququnun tərkib hissəsidir.

Müəlliflik hüququ ifadə üsulu və ya formasından asılı olmayaraq, ədəbi, elmi və incəsənət sahəsindəki hər bir məhsulu əhatə edir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir. Qorunan materiallara nümunə olaraq kitablar, broşürlar, kompüter proqramları və elektron verilənlər bazalarını göstərmək olar.

Əlaqəli hüquqlar əsərlərin birbaşa müəllifi olmayan, lakin onların yaradılmasına və yayılmasına (ictimailəşməsinə) töhfə verən şəxslərin və qurumların hüquq və maraqlarını qoruyur. Əlaqəli hüquqların qoruduğu obyektlər orijinal əsərlərdən fərqlənir və adətən ifaçıları, səs yazılarının (fonoqramlar) istehsalçılarını və radio-televiziya təşkilatlarını əhatə edir.

“Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında” Bern Konvensiyasının 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun qorunma müddəti müəllifin ömrü boyu və onun ölümündən sonra əlli (50) il, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” 5 iyun 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinə əsasən  yetmiş (70) il davam edir. “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyanın 14-cü maddəsinə əsasən əlaqəli hüquqların qorunma müddəti iyirmi (20) il, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” 5 iyun 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən əlli (50) ildir.

Azərbaycan Respublikasında müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı əsas normativ hüquqi akt “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” 5 iyun 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunudur. Qanun müəlliflik hüququ obyektlərini elm, ədəbiyyat və incəsənət əsərləri kimi müəyyən edir.

Müəlliflik hüququ və əlaqəli hüquqları tənzimləyən əsas beynəlxalq aktlara  “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası (1886),  “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” Roma Konvensiyası (1961),  Əqli mülkiyyət hüquqlarının ticari məsələlərinə dair Saziş (TRIPS, 1994), həmçinin  Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT, 1996) müəlliflik hüququna dair Müqaviləsi (WCT) və ÜƏMT-nin ifalar və fonoqramlara dair Müqaviləsi (WPPT, 1996) daxildir.

 

Məhkəmə presedenti

Məhkəmə presedenti – presedent (lat. praecedens – əvvəlki, qabaqcadan gələn) – konkret iş üzrə məhkəmə orqanlarının hüquq norması qüvvəsinə malik olan, oxşar işlərin həlli zamanı tətbiq olunmasını nəzərdə tutan qərarı. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli 352 nömrəli Fərmanının 6-cı hissəsində  Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilir.

Məhkəməyə çatımlılıq

Məhkəməyə çatımlılıq – hər kəsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını təmin edən fundamental prinsip. Bu prinsipə əsasən, hüquq və mənafelərinin pozulduğunu və ya mübahisələndirildiyini hesab edən hər hansı maraqlı şəxs (vətəndaş, fərdi sahibkar və ya hüquqi şəxs) məhkəmə müdafiəsi üçün müraciət etmək və qanunla nəzərdə tutulmuş prosessual vasitələrdən istifadə edərək məhkəmə qaydasında ona nail olmaq hüququma malikdir. Dövlət bu cür müdafiəni təmin etməyə borcludur. Məhkəməyə çatımlılıq prinsipi Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsində öz əksini tapmışdır. Bu maddəyə əsasən “Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”.

Maraqların toqquşması

Maraqların toqquşması – dövlət məmurunun öz xidməti vəzifələrinin yerinə yetirilməsinə və məsuliyyətinə düzgün olmayan şəkildə təsir göstərə bilən şəxsi maraqlarının mövcud olduğu halda dövlət məmurunun ictimai vəzifələr ilə şəxsi maraqları arasında toqquşma. OECD Təlimatlarına əsasən, rəsmi vəzifə öhdəlikləri yerinə yetirilərkən ictimai maraqlara xidmət şəxsi məsələlərdən üstün tutulmalı və qərar qəbul edən şəxsin dini, peşəkar, siyasi, partiya, etnik, ailə və  digər üstünlükləri və zövqləri  qərarlarına təsir göstərməməlidir.

Mütənasiblik prinsipi

Mütənasiblik (proporsionallıq) prinsipi – dövlət hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərini həyata keçirərkən fərdin hüquq və azadlıqlarına müdaxiləsinin qanuni məqsədə yönəlməsini, zəruri və ölçülü olmasını tələb edən ümumi hüquq prinsipidir. Bu prinsip hüquqi müdaxilənin “məqsəd–vasitə–nəticə” əlaqəsinin əsaslandırılmasını və müdaxilə ilə qorunan ictimai maraq arasında ədalətli tarazlığın təmin edilməsini şərtləndirir.

Müasir konstitusion hüquq nəzəriyyəsində mütənasiblik prinsipi insan hüquqlarının effektiv müdafiəsinin əsas metodoloji aləti hesab olunur. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 2-ci bəndinə əsasən, “Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır”.

Bu prinsip hüquq və azadlıqların əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almaqla, Konstitusiya nəzarəti və məhkəmə təcrübəsində hüquqi balansın təmin olunmasına xidmət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində mütənasiblik prinsipi ifadə edilərək qeyd edilmişdir ki, “fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır”. 

Hazırda mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən hüquq və azadlıqların üzv-dövlətlər tərəfindən  məhdudlaşdırılmasının mümkünlüyünü və ya yolverilməzliyini araşdırmaq üçün fəal şəkildə istifadə olunur. Mütənasibliyin yoxlanılması klassik olaraq əsasən üç mərhələli: məqbulluğun müəyyən edilməsi (məqsədlə bağlı məsələlərin həlli); zərurət (vasitələrlə bağlı məsələlərin həlli); dar anlamda mütənasibliyin (məqsəd və məhdudlaşdırılan hüquqlar arasında tarazlıq) müəyyən edilməsi meyarları ilə həyata keçirilir. Məhkəmə praktikasında buna proporsionallıq testi də deyilir. Bir sözlə, dövlətin məhdudlaşdırma ilə bağlı legitim məqsədi o dərəcədə ciddi və əsaslı olmalıdır ki, şəxsin hüquqlarına müdaxilə zəruri olsun.

İnsan Hüquqları Komissiyası mütənasiblik prinsipini ilk dəfə “Lauless İrlandiyaya qarşı iş” üzrə 1 iyul 1961-ci il tarixli qərarında tətbiq etmişdir. Sonrakı qərarlar arasında 23 iyul 1968-ci il tarixli “Belçika Linqvistik işi” xüsusi əhəmiyyət kəsb edir. Bu iş dillərin statusunda ayrı-seçkilik məsələlərinə aid olsa da, gəlinmiş nəticələr sonralar mütənasiblik prinsipinin doktrinasının müəyyən edilməsi baxımından əhəmiyyətli olmuşdur. İnsan Hüquqları Komissiyası həmin işdə qət etmişdir ki, “hüquqlara çatımlılıq məsələsində subyektlər arasında fərq qoyulması obyektiv və ağlabatan əsaslara malik olmadığı halda bərabərlik prinsipi pozulmuş sayılır. Əsaslılıq demokratik cəmiyyətlərdə ümumən üstünlük təşkil edən prinsiplər nəzərə alınmaqla, məhdudlaşdırıcı tədbirin məqsəd və nəticələrinə görə qiymətləndirilməlidir. Tətbiq olunan vasitələrlə qarşıya qoyulmuş məqsəd arasında ağlabatan mütənasibliyin olmadığı aydın şəkildə müəyyən edildikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”  Avropa Konvensiyasının 14-cü maddəsi pozulmuş sayılmalıdır”.

Doktrinada bu prinsip əsasən hüquqların müdafiə mexanizmi və hakimiyyətdən sui-istifadənin qarşısını alan hüquqi filtr kimi xarakterizə olunur. Təcrübədə hüququn aliliyi, qanunçuluq, hüquqi müəyyənlik, ədalət, humanizm  və bərabərlik prinsipləri ilə əlaqəli tətbiq edilir.

Mühafizə orderi

Mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt.

Mühafizə orderi “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və məişət zorakılığı hallarında zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hüquqi tədbir kimi çıxış edir. Bu qərar vasitəsilə zorakılıq törədən şəxsin davranışına müəyyən məhdudiyyətlər qoyulur. Onun zərərçəkmiş şəxslə əlaqə saxlaması, ona yaxınlaşması, təqib etməsi və ya yaşayış yerinə gəlməsi kimi hərəkətləri qadağan edilə bilər. Beləliklə, mühafizə orderi məişət zorakılığının təkrar baş verməsinin qarşısının alınmasına, zərərçəkmiş şəxsin həyatının, sağlamlığının və təhlükəsizliyinin qorunmasına xidmət edən preventiv hüquqi vasitə kimi çıxış edir və müvəqqəti xarakter daşıyır. 

Azərbaycan Respublikasının qanun­vericiliyinə  əsasən, məişət zorakılığı qurbanlarının müdafiəsi məqsədilə tətbiq edilən mühüm hüquqi mexanizmlərdən biridir.  Qanunvericilikdə qısamüddətli və uzunmüddətli mühafizə orderləri nəzərdə tutulur. Qısamüddətli mühafizə orderi zərərçəkmiş şəxsin dərhal müdafiəsini təmin etmək üçün verilir, uzunmüddətli mühafizə orderi isə məhkəmə tərəfindən daha uzun müddət üçün tətbiq edilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə  məişət zorakılığının təkrar törədilməsini, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılmasını və zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edir. Həmin növ orderə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. 

 Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin növ order 60-180 gün müddətinədək verilir. Məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi, zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri və mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat uzunmüddətli mühafizə orderində göstərilə bilər.

Bu baxımdan, mühafizə orderi məişət zorakılığı ilə mübarizə sistemində zərərçəkmiş şəxsin təhlükəsizliyini təmin edən və zorakılıq törədən şəxsin davranışını hüquqi qaydada məhdudlaşdıran mühüm müdafiə mexanizmi hesab olunur.

Muzdluluq

Muzdluluq - muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat  vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etmə. Başqa sözlə, pul və ya şəxsi qazanc naminə silahlı münaqişələrdə muzdlu döyüşçü kimi iştirak etməkdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş “Muzdluluq” formal tərkibli cinayətdir və belə nəticələrin baş verdiyi andan cinayət başa çatmış sayılır. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə səciyyələnir və həmin cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs (həm vəzifəli, həm də vəzifəli olmayan) ola bilər.

Muzdluluq cinayəti “Sülh və insanlıq əleyhinə cinayətlər”ə aid olduğundan, həmin cinayət əməlini nəzərdə tutan cinayət qanunu retroaktiv qüvvəyə malikdir.

Muzdluluq anlayışı beynəlxalq hüquqda bir sıra universal hüquqi sənədlərdə təsbit olunmuşdur. Xüsusilə, bu anlayışın hüquqi tərifi və onunla bağlı məhdudiyyətlər 1949-cu il Cenevrə Konvensiyaları və həmin konvensiyalara əlavə edilmiş 1977-ci il tarixli I Əlavə Protokol çərçivəsində müəyyən edilmişdir. Sözügedən sənədlərdə muzdlu döyüşçülərin statusu, onların silahlı münaqişələrdə iştirakı və belə şəxslərin beynəlxalq humanitar hüquq baxımından hüquqi vəziyyəti tənzimlənir.

Bundan əlavə, muzdlu fəaliyyətin qarşısının alınması məqsədilə 1989-cu il tarixli “Muzdlu döyüşçülərin cəlb edilməsinə, istifadə olunmasına, maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında  Beynəlxalq Konvensiya” qəbul edilmişdir. Bu konvensiya muzdlu fəaliyyətin beynəlxalq təhlükəsizlik və dövlətlərin suverenliyi üçün yaratdığı təhdidləri nəzərə alaraq, belə fəaliyyətlərin qarşısının alınmasını, onların cinayət kimi tanınmasını və iştirakçı dövlətlər tərəfindən məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutur.