Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə — cinayətlərin təsnifatına uyğun olaraq qanunla müəyyən edilmiş müddətlərin cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək keçməsi nəticəsində, qanunda nəzərdə tutulan şərtlər və istisnalar nəzərə alınmaqla, şəxsin həmin cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməsinin yolverilməzliyini ifadə edən, cinayət məsuliyyətinin zamana görə məhdudlaşdırılmasını nəzərdə tutan cinayət məsuliyyətindən azad etmə növlərindən biridir.
Cinayət məsuliyyətinə cəlbetmə müddətləri şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən və cinayətin törədildiyi gündən hesablanan müddətlərdir. Cinayət məsuliyyətinə cəlbetmə müddəti cinayətlərin törədildiyi günün sonundan, növbəti günün əvvəlindən başlayır.
Törədilmiş cinayətlə həmin cinayətə görə şəxsin məsuliyyətə alınması arasında müddət nə qədər çox uzanarsa, şəxsin mühakimə edilməsi və cəzalandırılması da bir o qədər lüzumsuz olur. Cəza istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir.
Məsuliyyətə cəlbetmə müddəti cinayətin törədildiyi vaxtdan, uzanan cinayətlərdə təqsirkarın öz təşəbbüsü ilə, yaxud onun iradəsindən asılı olmayan səbəblər üzündən cinayət dayandırıldığı vaxtdan, davam edən cinayətlərdə isə davam edən cinayətin tərkib hissəsi olan sonuncu cinayət hərəkətinin törədildiyi vaxtdan başlanır.
Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin axımının hesablanmağa başlanması anı ilə əlaqədar AR Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2023-cü il tarixli qərarına əsasən AR Cinayət-Prosessual Məcəllələrinin müvafiq normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, AR Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ağır və ya xüsusilə ağır cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindiyi günədək, AR CM-in 307-ci maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə icraatlar, barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işləri üzrə məhkəmə hökmü qanuni qüvvəyə minənədək dayandırılmalıdır.
Cinayətlərin ideal məcmusu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti məcmuya daxil olan cinayətlərin hər biri üçün eyni vaxtdan başlayır.
Cinayət qanununda nəzərdə tutulmuş şəxsin törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin hansı cinayətlərin təsnifatına (AR CM-in 15-ci maddəsi) aid olmasından asılı olaraq qüvvədə olan cinayət qanunu müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin dörd növün müəyyən etmişdir. 1) böyük ictimai təhlükə törətməyən cinayətlərin edildiyi gündən iki il keçdikdə; 2) az ağır cinayətlərin edildiyi gündən yeddi il keçdikdə; 3) ağır cinayətlərin edildiyi gündən on iki il keçdikdə; 4) xüsusilə ağır cinayətlərin edildiyi gündən iyirmi il. Qanunda nəzərdə tutulmuş bu müddətlər keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Törədilən cinayət haqqında məlumat istintaq və təhqiqat orqanlarına bəlli olmamışdırsa, yaxud cinayət bəlli olsa da, əməlin subyektinin kim olmasına dair məlumat olmamışdırsa, cinayət törədildikdən sonra bu əməlin aid edildiyi cinayətlərin təsnifatına uyğun qanunla müəyyən edilmiş müddətlər keçdikdə, cinayəti törədən şəxs məsuliyyətdən azad edilir.
Cinayət törədildikdən sonra onu törədən subyekt bəlli olarsa, lakin şəxs istintaqdan və məhkəmədən gizlənərsə, qanunla nəzərdə tutulmuş müddətin axımı dayanır. Bununla belə, keçən müddət öz hüquqi əhəmiyyətini itirmir. Şəxs tutulduğu, yaxud da könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan qanunla müəyyən olunmuş müddətin axımı bərpa olunur.
Törədilən cinayətə görə ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulursa, lakin şəxs belə cinayət törədildikdən sonra qanunla müəyyən edilən iyirmi il keçdikdən sonra bəlli olarsa, onun barəsində məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə qanunla nəzərdə tutulmuş müddətin keçməsi ilə bağlı şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə həmin şəxsə ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilməz.
AR CM-in 75.5-ci maddəsinin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə məsuliyyətdən azad etmənin tətbiq edilməməsi “Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi haqqında” Konvensiya üzrə öhdəliklərlə bağlıdır.
“Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi haqqında” BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli Konvensiyasına Azərbaycan Respublikası 1996-cı il mayın 31-də qoşulmuşdur. Bu Konvensiyanın tələblərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə şamil olunmur.
“Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” AR-ın 12 may 2006-cı il tarixli Konstitusiya Qanununa görə, AR Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz. Beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərin cinayət təqibi yalnız həmin əmələ görə CM-də məsuliyyət müəyyən edildikdən sonra həyata keçirilə bilər.