E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Yaşamaq hüququ

Yaşamaq hüququ heç bir ayrı-seçkilik qoyulmadan hər kəs malikdir və o, fərdləri qanunsuz həyatdan məhrum edilmədən qoruyur. Həmçinin, bu hüquq müharibə və ya digər fövqəladə hallarda əməl olunmasından geri çəkilməyə yol verilməyən dörd hüquqdan biridir.

Yaşamaq hüququnun təmini ilə əlaqədar dövlətlər neqativ və pozitiv öhdəliklər daşıyırlar. Neqativ öhdəlik tələb edir ki, dövlətlər insanı həyatdan qanunsuz məhrum etməkdən çəkinsinlər. Pozitiv öhdəliklər isə dövlətlərə yurisdiksiyalarında olan hər kəs üçün dövlətin daxili sistemində yaşamaq hüququnun pozuntularına qarşı hərtərəfli müdafiəni təmin edən müvafıq qanunlar, səmərəli cinayət mühakimə icraatı sisteminin mövcudluğunu təmin etmək tələbini qoyur.    

Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmaz olaraq təsbit edilmişdir. 1998-ci ildən Cinayət Məcəlləsində ölüm cəzası yer almasa da, Konstitusiyada müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü ilin martın 8-də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolu imzalanıb. Beləliklə, müvafiq ölkədaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra Azərbaycan Respublikası ölüm cəzasını tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan etməklə bağlı beynəlxalq öhdəlik götürmüş olacaqdır.                                               

Beynəlxalq hüquqda yaşamaq hüququ Ümumi İnsan Hüquqları Bəyannamənin 3-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2-ci maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı maddəsi ilə təsbit olunmuşdur.

Yaradıcılıq hüququ

Hər kəsin yaradıcılıq azadlığı vardır. Bu azadlıq hər kəsin mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyətlə sərbəst məşğul olmaq huququnu ehtiva edir. Mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs yaradıcı şəxs hesab olunmaqla, yeni mədəni sərvətlərin yaradılması sahəsində seçiminə müvafiq azadlığa malikdir. Dövlət hakimiyyəti və yerli idarəçilik orqanları vətəndaşların yaradıcılıq fəaliyyətinə müdaxilə etmək hüququna malik deyildir. Müvafiq qabiliyyətə malik hər bir şəxsin yaradıcılıq azadlığı cəmiyyətin mədəni inkişafının həlledici şərti, onun özünüdərki

və özünütəkmilləşdirməsinin alətidir.

Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Hər kəs peşəkar və ya həvəskar yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər. Azərbaycan Respublikasında yaradıcılıq fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Peşəkar yaradıcılığın inkişafı məqsədilə dövlət tərəfindən iqtisadi tədbirlər həyata keçirilir. Dövlət yaradıcılıq azadlığını hərtərəfli dəstəkləmək və onun həyata keçirilməsi üçün şərait yaratmaqla yanaşı, yaradıcılıq azadlığından cəmiyyətin və ayrı-ayrı şəxslərin ziyanına istifadə olunması yolverilməzdir.

Yaradıcılıq azadlığı vətəndaşların əqli mülkiyyət obyektinə aid yaradıcılıq fəaliyyətinin nəticələrinə olan hüquqlarının səmərəli müdafiə sisteminin yaradılmasını tələb edir. Azərbaycan Respublikasında istənilən şəxs öz maraqlarına və bacarıqlarına uyğun peşəkar əsasda və azad yaradıcılıq (həvəskar) əsasında istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün yaradıcılıq fəaliyyətinin nəticələrini müəlliflik hüququ ilə qorumaq, mədəni sərvətləri nümayiş etdirmək, bu Qanunun tələbləri nəzərə alınmaqla, mülkiyyətində olan mədəni sərvətləri satmaq, bağışlamaq, habelə həmin məqsədlər üçün xarici ölkələrə aparmaq hüququna malikdir.

Müәlliflik hüququ, әqli mülkiyyәt hüququ, yaradıcılıq fәaliyyәtinin nәticәlәrindәn sәrbәst istifadә etmә vә dövlәt tәrәfindәn dәstәklәnmә baxımından yaradıcılıq fәaliyyәti ilә mәşğul olan şәxslәr bәrabәr hüquqludurlar.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyətin inkişafında, təbliğində və təşviqində xüsusi xidmətləri olan yaradıcı şəxslərə, festival və müsabiqə qaliblərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada fəxri adlar, təqaüdlər, mükafatlar verilir.

“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsində qeyd olunur ki:

1. Tərəflər öz ərazilərində ayrı-ayrı fərdləri və sosial qrupları aşağıdakılara təşviq edən mühit yaratmağa səy göstərirlər:

a) qadınların, habelə müxtəlif sosial qrupların, o cümlədən azlıqlara və ya yerli əhaliyə mənsub şəxslərin səciyyəvi şəraitini və ehtiyaclarını nəzərə almaq şərtilə, özlərinin mədəni özünüifadə formalarını yaratmaq, istehsal etmək, yaymaq, ötürmək və onlardan istifadə edə bilmək;

b) istər öz ərazilərindəki, istərsə də dünyanın digər ölkələrindəki mədəni özünüifadə formalarından istifadə imkanına malik olmaq.

2. Tərəflər sənət adamlarının, yaradıcılıq prosesində iştirak edən digər şəxslərin, mədəni birliklərin və onların fəaliyyətini dəstəkləyən təşkilatların mühüm töhfəsini, mədəni özünüifadə müxtəlifliyinin genişlənməsində onların əsas rolunu qəbul etməyə səy göstərirlər.

Yaradıcılıq hüququ “İqtisadi, sosial, mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ın 15-ci maddəsində və Avropa Mədəniyyət Konvensiyasında öz əksini tapmışdır.

 

Yuvenal ədliyyə

Yuvenal ədliyyə (lat. juvenile justice, azərbaycanca: gənclərlə bağlı ədliyyə və ya yetkinlik yaşına çatmayanlarla bağlı ədliyyə sistemi) – qanundan kənar hərəkətlər edən, cinayət törətməkdə şübhəli bilinən və ya müdafiəyə ehtiyacı olan uşaqlara münasibətdə xüsusi prosedurlar, institutlar və qərar mexanizmlərindən ibarət ədliyyə sistemi. Bu sistem təlim-tərbiyə, reabilitasiya, sosial müdafiə və cəzanı humanistləşdirmə prinsiplərinə əsaslanır. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının (1989) 40-cı maddəsi yuvenal ədliyyə sisteminin əsas hüquqi və mənəvi prinsiplərini müəyyənləşdirir. BMT-nin “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi üzrə minimal standart qaydaları” (Beijing Rules, 1985) yuvenal ədliyyəni tərbiyəvi, sosial yönümlü və fərdi yanaşmaya əsaslanan ədalət sistemi kimi təsbit edir. BMT-nin “Yetkinlik yaşına çatmayanların azadlıqdan məhrum edilməsinə alternativ tədbirlər haqqında Qaydaları”nda (Tokyo Rules, 1990) yuvenal ədliyyə – profilaktika, reabilitasiya və sosial inteqrasiya yönümlü hüquqi siyasət kimi başa düşülür. Həmçinin BMT-nin Ər-Riyad Təlimatları (1990) və Avropa Uşaq Dostu Ədliyyə Təlimatları (2010) uşaqların deviant davranışının qarşısının alınmasına yönəlmişdir.

Azərbaycan Respublikası qanunvericiliyində “yuvenal ədliyyə” anlayışı termin kimi ayrıca tərif olunmur, lakin uşaqların cinayət məsuliyyəti və onlara dair xüsusi prosedurlar bir sıra normativ hüquqi aktlarda ətraflı tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 17, 34 və 48-ci maddələri,  “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları (1998), AR Cinayət Məcəlləsinin 20-ci və 79–93-cü maddələri, həmçinin AR Cinayət-Prosessual Məcəlləsinin 123-2 və 228-ci maddələri göstərir ki, Azərbaycan qanunvericiliyi yuvenal ədliyyə prinsiplərinə uyğun olaraq humanist və tərbiyəvi xarakterli yanaşmanı təmin edir. Yuvenal ədliyyə sisteminin əsas məqsədi cəza vermək deyil, uşağı islah etmək və yenidən cəmiyyətə qazandırmaqdır. Bu konsepsiya humanist fəlsəfəyə əsaslanır; insanın mənəvi bərpası, sosial məsuliyyət hissinin oyadılması və davranışın islahı cəzanın əsas funksiyası sayılır. Müasir hüquq nəzəriyyəsində yuvenal ədliyyə ədalət və tərbiyə, azadlıq və məsuliyyət arasında tarazlıq yaratmağa xidmət edir və yetkinlik yaşına çatmayanların hüquq sistemində mənəvi, sosial və hüquqi reabilitasiyasını təmin edən kompleks mexanizmdir.

 

Yurisdiksiyalar toqquşması

Yurisdiksiyalar toqquşması – bir neçə dövlətin eyni vaxtda eyni cinayətin törədilməsinə görə eyni şəxsi mühakimə etmək hüququna malik olması.

Yurisdiksiyalar toqquşması aşağıdakı meyarlar əsasında həll edilir: 

-     çoxtərəfli və ya ikitərəfli müqavilə öhdəlikləri;

-     cinayətin yeri;

-     cinayətkarın sorğu edən dövlətlə əlaqəsi;

-     sorğu edən dövlətlə cinayətkar, cinayət və ya qurban arasında hər hansı digər əlaqə;

-      sorğu edən dövlətdə cinayət təqibinin mümkünlüyü, ədalətliliyi və səmərəliliyi;

-     sorğu edən dövlətdə icraatın ədalətliliyi və qərəzsizliyi;

-     tərəflərin və şahidlərin rahatlığı və sorğu edən dövlətdə sübutların mövcudluğu və ədalət mühakiməsinin maraqları.

Dövlətlərin yurisdiksiyalarının toqquşması nəticəsində yaranan problemlərin həllinə onların yurisdiksiyalarını məhdudlaşdıran və ya birinə üstünlük verən beynəlxalq müqavilələrin bağlanması əhəmiyyətli dərəcədə kömək edir. Məsələn, “Ekstradisiya haqqında” 1957-ci il Avropa Konvensiyasının 17-ci maddəsində qeyd edilir ki, “Əgər ekstradisiya barədə eyni zamanda bir neçə dövlət eyni bir cinayətə, yaxud müxtəlif cinayətlərə görə sorğu edərsə, sorğu edilən Tərəf bütün halları və xüsusən də cinayətin nisbətən ağırlığını və törədilmə yerini, sorğuların müvafiq tarixlərini, tələb olunan şəxsin vətəndaşlığını və sonradan başqa dövlətə ekstradisiya imkanını nəzərə almaqla öz qərarını qəbul edir”.