E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Gender meynstriminqi

Gender meynstriminqi siyasətlərin, proqramların və ya layihələrin hazırlanmasında həm qadınların, həm də kişilərin qayğılarının, ehtiyaclarının, yaşayış şəraitinin və şərtlərinin nəzərə alınması deməkdir.

Təhsil sistemi kontekstində gender meynstriminqi dedikdə tədris proqra­mının tərtib olunması prosesinin bütün aspekt­lərində gender bərabərliyinin təmin edilməsi  nəzərdə tutulur.

Gender meynstriminqi istənilən sahələr üzrə (qanunvericilik, siyasət və ya proq­ramlar da daxil olmaqla hər hansı planlaşdırılmış fəaliyyətdə) gender perspektivlərini nəzərə alaraq gender bərabərliyini təşviq etmək üçün istifadə edilən bir konsepsiyadır.

Konsepsiyanın məqsədi ayrı-seçkiliyin qarşısını almaq, həm kişilərin, həm də qadınların həyatın bütün sahələrində (siyasətdə, biznesdə, əmək bazarında, səhiyyədə, təhsildə, hüquqi təminatda, zorakılıqdan müdafiə kontek­stində və s.) mövcud olan  resurslara və imkanlara bərabər çıxışını təmin et­mək­­­dir.

Gender meynstriminqi bərabərsizliklərin fərdi səviyyədə necə təzahür etdiyini deyil, həm də onların formalaşdığını və ətrafdakı struktur amillərə qarşı necə reaksiya verdiyini başa düşmək deməkdir. Məsələn, cinsi qısnama ayrı-ayrı şəxslər səviyyəsində qanuniləşdirilir, lakin o, iş yerində gender əsaslı zorakılıq haqqında siyasətlər və ölkə/beynəlxalq səviyyədə daha geniş bir qanunvericiliklə müəyyən edilə bilər.

Avropa Şurası tərəfindən hazırlanmış “Gender Meynstriminqi vasitələri” dövlətlərə siyasi qərarların qəbulu, həyata keçirilməsi və qiymətləndirilməsi zamanı, həmçinin dövlət idarəçiliyində gender əsaslandırmasında çətinliklərin öhdəsindən gəlmək və genderə həssas qərarların qəbulunu təşviq etmək üçün strategiyalar təklif edir.

Həmçinin BMT-nin  Təhlükəsizlik Şurasının 2000-ci il tarixli, 1325 saylı Qətnaməsi qadınların münaqişələrin həllində, sülhün təmin edilməsində, qorunmasında, həmçinin humanitar tədbirlərdə və münaqişədən sonrakı yenidən­qurmada tam və bərabər iştirakının vacibliyini vurğulayır.

Gender bərabərliyi

Gender bərabərliyi cinsindən və gender kimliyindən asılı olmayaraq insanların bərabər hüquqlara, bərabər resurslara və bərabər imkanlara əlçatan olmasıdır. İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bu o demək deyil ki, hər iki cins eynidir, bu, daha çox “hər ikisi eyni hüquqa və ləyaqətə malikdir” deməkdir. Qadın və kişilərin sosial vəziyyətindəki fərqlər, onların hüquqlarının bərabər olmaması əsrlər boyu yanlış olaraq bioloji səbəblərlə izah edilib. Halbuki gender bərabərliyi - qadın və kişilər arasında sosial bərabərliyi ehtiva etməklə, bərabər maddi rifahı, bərabər imkanları, qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirakı, resurslara və qazanclara bərabər hüquqlu nəzarəti nəzərdə tutur. Gender bərabərliyi dedikdə, heç də kişi və qadının eyni cür davranışı nəzərdə tutulmur. Sadəcə, insanın kişi və ya qadın doğulmasından asılı olmayaraq, bərabər hüquqa malik olması önə çəkilir. Yəni, insanın qadın doğulması hər hansı məhdudiyyətə səbəb olmamalı, eyni zamanda, gender bərabərliyi kişilərə qarşı cinsi ayrı-seçkiliyi və izolyasiyasını nəzərdə tutmamalıdır. Gender bərabərliyi bütövlükdə insan hüquqları və azadlıqlarını ehtiva etməsinə baxmayaraq, əksər vaxtı məhz qadın hüquqları ilə sıx bağlı olur, çünki bütün mədəniyyətlərdə qadınlara qarşı gender əsaslı stereotiplər üstünlük təşkil etmişdir. Bəzi hallarda insanlar “bərabərliyi” yanlış olaraq “eynilik” kimi yozur, bu da ciddi fəsadlara yol açır. Əslində, məsələnin məğzində “bərabərlik eynilik deyil” konsepsiyası durur və gender bərabərliyinə də məhz bu bucaqdan baxılır. Yəni, qızlar və oğlanların, qadın və kişilərin fiziki, fizioloji və psixoloji fərqliliklərini nəzərə alaraq, onlara eyni deyil, bərabər hüquq və azadlıqlar, bərabər resurs və imkanlar tanınır.

Gender bərabərliyinin anlayışı və onun təmin edilməsinin hüquqi əsasları  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının 10.10.2006-cı il tarixli Qanunu ilə müəyyən edilmişdir.

BMT Baş Məclisinin 1979-cu il tarixli qətnaməsi qəbul edilməklə,  
3 sentyabr 1981-ci ildə qüvvəyə minmiş və Azərbaycan Respublikası tərəfindən 10 iyul 1995-ci ildə ratifikasiya edimiş “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiya gender bərabərliyinə nail olmağa həsr olunmuş mühüm, universal və hüquqi cəhətdən məcburi olan beynəlxalq müqavilədir.