Cinsi istismar dedikdə şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsini, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsini nəzərdə tutan və cinayət qanunvericiliyi ilə cəza təhdidi ilə qadağan olunmuş, təqsirkar tərəfindən törədilən cinayət əməlləri başa düşülür.
Əlavə olaraq, cinsi istismar obyektiv cəhətdən şəxsin, yəni yetkinlik yaşına çatan qadının cinsi azadlığına və ya yetkinlik yaşına çatmayanların və azyaşlıların cinsi toxunulmazlığına yönələn, onların iradəsinə zidd olaraq zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma, yaxud kişini (və ya uşaqları) uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə və ya qadını seksual xarakterli hərəkətlər etməyə məcbur etmək və ya bu məqsədlə istifadə etməklə, habelə gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə ilə müşahidə olunan qəsdən edilən cinayət əməlləridir.
Cinsi istismar insanın şəxsi toxunulmazlıq hüququnun, cinsi azadlq hüququnun və mənəvi bütövlüyünün pozulması ilə nəticələnən cinayət məsuliyyətini yaradan hərəkətdir.
Cinsi istismar cinayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 108-ci (Cinsi zorakılıq), 144-1-ci (İnsan alveri), 150-ci (Seksual xarakterli zorakılq hərəkətləri), 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə), 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 243-cü (Fahişəliyə cəlb etmə) maddələrində öz əksini tapmışdır.
BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasında (CRC, 1989) deyilir ki: “Maddə 34. İştirakçı dövlətlər uşağı seksual istismarın və seksual yola çəkmənin bütün formalarından müdafiə etməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçı dövlətlər aşağıdakıların qarşısını almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri görürlər: a) uşağın hər hansı qanunsuz seksual fəaliyyətə sövq və ya məcbur edilməsi; b) istismar məqsədilə uşaqlardan fahişəlikdə və ya digər qanunsuz seksual praktikada istifadə edilməsi; c) istismar məqsədilə uşaqlardan pornoqrafiyada və pornoqrafik materiallarda istifadə edilməsi. Maddə 35. İştirakçı dövlətlər uşaqların hər hansı məqsədlərlə və hər hansı formada oğurlanmasının, uşaqlarla ticarətin və ya qaçaqmalçılığın qarşısını almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri görürlər”.
BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının” (CEDAW, 1979) 2-ci və 5-ci maddələrində deyilir: “İştirakçı-dövlətlər qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarını pisləyir; ayrı-seçkiliyə qarşı müdafiənin təmin olunması və bərabərlik prinsipinin bərqərar olunması məqsədilə hüquqi çərçivə yaradılmasını təmin edir və İştirakçı-dövlətlər aşağıdakı məqsədlərlə bütün müvafiq tədbirləri görürlər: a) cinslərdən birinin naqisliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan xurafatın kökünün kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək; b) ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsini, kişi və qadınların öz övladlarının tərbiyəsinə və inkişafına, uşaqların mənafeyi bütün hallarda üstün tutulmaq şərtilə, birgə məsuliyyət daşımalarının etiraf olunmasını təmin etmək”.
Cinsi istismarla bağlı müddəalar “İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında” 1950-ci il 21 mart tarixli Konvensiyanın Yekun Protokolunda nəzərdə tutulmuşdur.