E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Hüquq və azadlıqların məhkəmə təminatı

Hüquq və azadlıqların məhkəmə təminatı hüququ yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Sözügedən hüquq hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu, həmçinin yekun və məcburi qüvvəyə malik məhkəmə qərarının dərhal icra edilməsi hüququnu da özündə ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir .

İnzibati orqana və ya məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə və ya inzibati orqana müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır.

Hüquqi yardım almaq hüququ

Hüquqi yardım almaq hüququ şəxslərin ədalət mühakiməsinə bərabər çıxışını hüquqi dövlətdə təmin edən effektiv mexanizmdir.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq, habelə səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədil­məsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Həmin maddənin II hissəsində hüquqi yar­dımın qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz, dövlət he­sabına göstərildiyi müəyyən olunmuşdur. Ödənişsiz hüquqi yardım aztəminatlı şəxs­lərin digər şəxslərlə bərabər şəkildə hüquqi yardımla təmin olunması üçün nəzərdə tutul­muşdur.

Məhkəmədənkənar hüquqi yardım QHT-lər, fərdi qay­dada fəaliyyət göstərən hüquqşünaslar tərəfindən göstərildiyi halda, məhkəmə prosesi zamanı peşəkar hü­quqi yardım yalnız Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri tərə­findən həyata keçirilir.

Cinayət işləri üzrə müdafiəçi tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə göstərilən hüquqi yardım müdafiəçi ilə müdafiə olunan şəxs arasında razılaşdırılmış şərtlər əsasında müdafiə olunanın hesabına ödənilir. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı qanunvericiliklə müəyyən edilmiş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata ke­çirən orqan həmin şəxsə hüquqi yardım göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına təmin etməlidir.

Mülki işlər üzrə isə dövlət hesabına vəkilin təmin edilməsi işdə iştirak edən şəxs­lərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda məhkə­mə­nin müvafiq qərarı əsasında həyata keçirilir.

Azərbaycan Respub­likasının Konstitusiya Məhkəməsi 28 mart 2019-cu il tarixli Plenumunun Qərarı əsasında hüquqi yardım almaq hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, hər kəsin yüksək key­fiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçiril­məsinin vacib təminatıdır. Bu hüququn funk­siya­larından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, eyni zamanda dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hü­quq və azadlıqlarının qeyri-qanuni məhdud­laşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəma­nət verir.

Hüquqi yardım almaq hüququnun dövlətdaxili hüquqi əsaslarını Azərbaycan  Respublikası Konstitusiyasının, İnzibati Xətalar Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin, Mülki-Prosessual Məcəl­ləsinin, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Cinayət işlərinə dair hü­quqi yardım haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarının müvafiq maddələri təşkil edir.

Həmçinin, Avropa İnsan Hüquqları Konvensiyasının, “Mülki və siyasi hüquqlar haq­qında” Bey­nəlxalq Paktın və İnsan hüquqları haqqında Ümumi Bəyannamənin mü­vafiq mad­dələri hü­qu­qi yardım almaq hüququnun beynəlxalq hüquqi əsaslarını təşkil edir.

Hərbi vəziyyət

“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının  Qanununda verilən anlayışa əsasən, hərbi vəziyyət Azərbaycan Respublikasının Konstitusiyasına və sözügedən Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Bu rejim dövlət ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə, blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda, xarici dövlət və ya dövlətlər tərəfindən müharibə elan edildikdə, dövlətə qarşı real silahlı hücum təhlükəsi yarandıqda tətbiq edilir. 

Azərbaycan Respublikasında hərbi vəziyyətin elan edilməsi və tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasına və “Hərbi vəziyyət haqqında” Qanuna əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə görə, Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyət elan etmək səlahiyyətinə malikdir. Prezidentin hərbi vəziyyət elan edilməsi haqqında fərmanı Milli Məclis tərəfindən təsdiq edildikdə qüvvəyə minir və bu barədə dərhal əhaliyə məlumat verilir.

Bu rejimin əsas məqsədi dövlətin milli təhlükəsizliyinin və ərazi müdafiəsinin təmin edilməsi və ictimai asayişin qorunmasıdır. Hərbi vəziyyət yalnız xüsusi hallar üçün nəzərdə tutulmuş müvəqqəti bir tədbirdir və qanun çərçivəsində tətbiq edilir.

Hərbi vəziyyət dövründə vətəndaşların sərbəst toplaşmaq hüququ, tətil hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, əmək hüququ, yaşayış və ya olduğu yeri seçmək hüququ, məlumat azadlığı və s. hüquq və azadlıqlarının həyata keçirilməsi qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. “Hərbi vəziyyət haqqında" Qanuna əsasən, bu rejimin bitməsi ilə vətəndaşların məhdudlaşdırılmış hüquqları hərbi vəziyyət dövrünün başa çatması ilə eyni vaxtda bu barədə xüsusi məlumat verilmədən tam bərpa edilir.

Həbs yerlərində tibbi yardım almaq hüququ

AR Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnu təmin edir. Bu hüquq həbsdə saxlanan tutulmuş və ya həbs edilmiş şəxslərə də şamil edilir. Azərbaycan Respublikasının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli Qanunun 22-ci maddəsinə müvafiq olaraq həbs edilmiş şəxslər həbs yerlərinə qəbul edildiyi andan 24 saat ərzində həbs yerinin tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilirlər. Müayinənin nəticələrinə dair müvafiq qeydiyyat aparılır. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərinə qəbul edildikdən dərhal sonra onların hər hansı müşahidə olunan bədən xəsarətləri və həbs yerinə daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayətləri həbs yerinin müdiriyyəti tərəfindən qeydiyyata alınır. Həbs yerlərində tibbi-müayinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Tutulmuş və ya həbs edilmiş şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə, cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tibbi müayinə həmin şəxsin özünün seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri tərəfindən də həyata keçirilə bilər. Bu halda tibbi müayinənin xərcləri tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir. Tutulmuş və ya həbs edilmiş şəxsin tibbi müayinəsi zamanı əhəmiyyətli məqamlardan biri həkim sirrinin qorunmasının təmin edilməsidir. Qeyd edilən şəxslərin tibbi yardım almaq hüququnun təmin edilməsi vəzifəsi qeyd edilən Qanunun 33-cü maddəsinə əsasən bilavasitə həbsdə saxlama yerlərinin müdiriyyətlərinin üzərlərinə qoyulmuşdur. Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların büdcə vəsaitləri hesabına ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq hüququ “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsində də öz əksini tapmışdır.  Tutulmuş və ya həbs edilmiş şəxslərin tibbi yardım almaq hüquqları həmçinin  AR CPM-in 159-1.5, 161.1.3, 161.2-ci maddələri, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 27.2-ci bəndi, “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 2.6-cı bəndi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinə “Hauptvaxt haqqında” Əlavənin 28-ci maddəsində ehtiva edilir. Beynəlxalq sənədlərə gəlincə qeyd etməliyik ki, tutulmuş və ya həbs edilmiş şəxslərin tibbi müayinədən keçirilməsinin şərtləri və qaydaları Avropa Penitensiar Qaydalarının 16 və 42-ci bəndləri, BMT-nin Məhbuslarla beynəlxalq minimal standart davranış qaydalarının 22-ci bəndi ilə tənzim olunur. İşgəncənin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (İQAK) məhbusların penitensiar müəssisəyə daxil olduğu vaxt təxirə salmadan, həmçinin sonrakı mərhələlərdə, yəni lazım olduğu istənilən anda dərhal tibbi müayinədən keçirilmələrinin zəruriliyini öz qaydalarında tövsiyə edir.

Humanizm

Humanizm (latınca humanitas - “insanlıq”, humanus-“insanpərvər”, homo - “insan”) fəlsəfi cərəyan kimi İntibah dövründə yaranmış, insanı ən yüksək dəyər hesab edən dünyagörüşüdür. Humanizm insanın bir şəxsiyyət kimi dəyərini, onun azadlıq, xoşbəxtlik, inkişaf etmək hüququnu bəyan edir.

Bu yanaşma elə bir cəmiyyətin qurulmasını nəzərdə tutur ki, burada insan həyatı ən yüksək dəyərə malikdir və bütün maddi və qeyri-maddi resurslar insanın həyatını mümkün qədər rahat və təhlükəsiz etmək üçün sərf olunur.

Humanizmin qısa və əhatəli tərifi Nobel sülh mükafatı laureatı alman humanitar doktoru, filosof, musiqiçi, protestant teoloqu ve heyvansevər Albert Şveytser (Schweitzer) tərəfindən verilmişdir: “Humanizm insanı heç vaxt bir məqsəd üçün qurban verməməkdən ibarətdir”.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 4-cü maddəsi humanizm prinsipini Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin əsas prinsiplərindən biri kimi bəyan edir. Məcəllənin 9-cu maddəsi humanizm prinsipini insanların təhlükəsizliyinin təmin edilməsi, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlərin işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşımaması kimi müəyyən edir.

Humanizm, ateizm, rasionalizm, dünyəvi cəmiyyət, skeptisizm, azadfikirlilik, etika ideyalarının inkişafı və təbliği ilə məşğul olan, qeyri-teist əxlaqın inkişafı və bərqərar olmasına yardım edən beynəlxalq təşkilat Beynəlxalq Humanist və Etik Birliyidir (ingilis: International Humanist and Ethical Union, IHEU). 1952-ci ildə Amsterdamda təsis edilmiş bu təşkilat hal-hazırda 40 ölkədən olan 100-dən çox təşkilatı birləşdirir. Avropa Şurası, BMT, YUNESKO və UNICEF-də məşvərətçi statusa malikdir.

Hüquq pozuntusu

Hüquq pozuntusu – dövlətin, cəmiyyətin və vətəndaşların mənafelərinə zərər vuran, anlaqlı şəxs tərəfindən törədilən qanunsuz, təqsirli, ictimai təhlükəli əməl. Əməl həm hərəkətlə, həm də hərəkətsizliklə törədilə bilər. Hərəkət subyektin aktiv davranışı (oğurluq, xuliqanlıq, soyğunçuluq, adam öldürmə, sağlamlığa zərər vurma, hədə-qorxu ilə tələb etmə və s.) ilə xarakterizə olunur. Hərəkətsizlik isə passiv davranışdır: vəzifəli şəxsin xidməti vəzifələrini yerinə yetirməməsi (səhlənkarlıq); növbətçi və ya obyekti mühafizə edən gözətçinin yuxuya getməsi; yardımın göstərilməməsi; vergilərin ödənilməməsi; məhkəməyə gəlməmək və s.    

Hüquqlardan sui-istifadənin qadağan olunması

Hüquqlardan sui-istifadənin qadağan olunması prinsipi formal baxımdan qa­nuni olan hüquqların qərəzli şəkildə həyata keçirilməsinin mülki hüquqi məsuliyyətə səbəb ola bilməsi ideyasını ifadə edir. Prinsipin tələblərinə əsasən, hər hansı hü­quq­dan istifadədə məqsəd yalnız başqasına  zərər vurmaqdırsa, bu cür istifadə qa­nun­­suzdur.

Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yəni  bir hüququn həyata keçiril­məsi digərlərinin hüquqlarının məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınma­ması ilə müşayiət edilə bilməz.

Azərbaycan Respub­likası Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli Ple­numun Qərarı ilə hüquqlardan sui-istifadənin qadağan olunması ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 13-cü maddəsinin III hissəsindən və 71-ci maddəsinin II hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı mad­dəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquq­lardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. 

Qanunvericilik hüquq subyektlərinə geniş hüquqlar tanıyır, lakin bu hüquqların sərhədsiz olduğu anlamına gəlmir. Hüquqdan istifadə zamanı əgər məqsəd yalnız digər şəxsə ziyan vurmaqdırsa, artıq bu hüququn məzmunu pozulmuş sayılır və belə davranış hüquqa zidd hesab edilir. Məsələn, bir şəxs qonşusuna qarşı qərəzli niyyətlə, yalnız ona narahatlıq yaratmaq üçün əmlak hüququndan istifadə edərsə, bu, artıq hüquqdan sui-istifadədir. Belə hallar qanunla qadağan edilir və nəticədə, həmin hərəkətlər hüquqi müdafiədən məhrum ola bilər.

Hüquqlardan sui-istifadənin qadağan olunması prinsipi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası (AİHK), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt kimi beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

AİHK-nın 17-ci maddəsinə əsasən, hər hansı bir dövlətin, qurumun və ya şəxsin Konvensiyada təsbit olunmuş hüquq və azad­lıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulanlardan daha artıq məhdud­laşdırmaq hüquqlardan sui-istifadənin qadağan olunması kimi qiymətləndirir.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, heç bir dövlətə, qrupa və ya şəxsə Paktda tanınmış hüquq və azadlıqları ləğv etməyə və ya onları Paktda nəzərdə tutulduğundan artıq ölçüdə məhdud­laşdırmağa yönəlmiş fəaliyyət göstərmək hüququ verilmir.

Hüquqi müəyyənlik prinsipi

Hüquqi müəyyənlik prinsipi hüququn aliliyi konsepsiyasının əsas element­lərindən biri olub hüquq normalarının aydın, dəqiq, sabit və proqnozlaşdırıla bilən olmasını tələb edən, fiziki və hüquqi şəxslərin (hüquq subyektlərinin) öz davranışlarının hüquqi nəti­cələrini əvvəlcədən bilməsini və qanuni mənafelərinin qorunmasını, eyni zamanda döv­lət orqanlarının qərarlarının özbaşına olmamasını və diskresion səlahiyyətlərinin məh­dudlaşdırılmasını təmin edən rəhbər davranışdır.

Hüquqi müəyyənlik prinsipi hüquqi sabitlik, ge­riyə qüv­vənin qa­dağan olunması, qanuni gözləntilərin qorunması və məhkəmə qə­rarlarının sabitliyi kimi əlamətlərlə xarak­terizə olunur. Bu prinsip hüquqi təhlükəsizliyi təmin edir, dövlət hakimiyyətinin özba­şınalığını məhdudlaşdırır, hüquq münasibətlərində etimadı möhkəmləndirir. Prinsipin tə­ləb­lərinə əsasən hüququn aliliyi praktiki təminat mexanizmi kimi çıxış edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun  26 de­kabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb ola­cağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin”.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2026-ci il tarixli digər Qərarında isə göstərilmişdir ki, “Nəzərə alınmalıdır ki, bu maddədə öz əksini tapan “qanunla müəyyən edilən” müddəası məsuliyyətə səbəb olan əməlin və onun hüquqi nəticələrinin qanunda göstərilməsi ilə yanaşı, aydın və birmənalı şə­kildə müəyyən edilməli olmasını da nəzərdə tutur. Məsuliyyətlə bağlı hüquqi tənzim­ləmələr hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq elə şəkildə həyata ke­çiril­mə­lidir ki, şəxs qabaqcadan üzərinə düşən öhdəlikləri görməklə davranışını tənzimləyə və əməllərinin hansı hüquqi nəticəyə səbəb olacağını proqnozlaşdıra bilsin”.

Hüquqi müəyyənlik prinsipinin məzmunu və tətbiq meyarları xüsusilə  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) presedent hüququnda sistemli şəkildə inkişaf etdirilmişdir. İHAM hesab edir ki, qanun “keyfiyyətli qanun” (quality of law) standartına cavab verməli, yəni əlçatan və proqnozlaşdırıla bilən olmalıdır.

Bu prinsip həmçinin Avropa Şurası çərçivəsində hüququn aliliyi konsepsiyasının ayrılmaz hissəsi kimi qəbul edilir.

Hüquqi pozitivizm

Hüquqi pozitivizm – XIX əsrdə müstəqil doktrina kimi formalaşmış hüquq nəzəriy­yəsinin fundamental cərəyanı. Onun banisi ingilis hüquqşünası Con Ostin hesab olunur.  Pozitivizmə görə, hüquq müəyyən edilmiş formada səlahiyyətli orqan tərəfindən qəbul edilən qanunlar və dövlət hakimiyyətinin digər qanunvericilik aktlarında təsbit edilmiş hüquq normalarıdır (pozitiv hüquq).

Pozitivizmdə hüququn əsas mənbəyi qanundur, hüquq sistemi isə hüquq normalarının qapalı iyerarxiyası kimi qəbul edilir. Məhkəmələr normanı şərh edərkən yeni qanun yaratmır, sadəcə olaraq qanunvericinin iradəsini müəyyənləşdirir.

Hüquqi pozitivizm nəzəriyyəsi hüquqla əxlaq arasında zəruri bir əlaqənin mövcudluğunu inkar edir və vurğulayır ki, əxlaq prinsipləri hüququn məzmununu müəyyən etmir. Bu yanaşmaya görə, bir hüquq norması ədalətsiz ola bilər, lakin o, hüquq sistemi tərəfindən tanındığı və qüvvəyə minmiş olduğu üçün məcburidir.

Hərəkət etmək azadlığı

Hərəkət etmək azadlığı (right to freedom of movement) – hər bir şəxsin qanun çərçivəsində dövlət ərazisi daxilində sərbəst hərəkət etmək, yaşayış yerini seçmək, istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və geri qayıtmaq hüququnu ifadə edən fundamental insan hüquqlarından biri. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsində təsbit olunmuş, eyni zamanda milli qanunvericilik, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu və Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Konstitusiya Məhkəməsi Plenumunun 1 fevral 2024-cü il tarixli qərarında da qeyd olunur ki, bu hüquq və digər əsas hüquqlar mütləq xarakter daşımır və Konstitusiyanın 71-ci maddəsinin II hissəsində müəyyən edilmiş çərçivələr daxilində məhdudlaşdırıla bilər.

Bununla yanaşı, həm milli, həm də beynəlxalq hüquq bu azadlığın mütləq olmadığını qəbul edir. “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın 12-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, hərəkət azadlığı yalnız qanunla nəzərdə tutulmuş, demokratik cəmiyyətdə zəruri və mütənasib olan hallarda – milli təhlükəsizlik, ictimai asayiş, ictimai sağlamlıq və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarında da vurğulanır ki, fiziki şəxsin hərəkət azadlığına müdaxilə edən hər hansı tədbir qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün zəruri, yararlı və məzmun, zaman, məkan və şəxslərin dairəsi baxımından əsaslandırılmış olmalıdır.

Beynəlxalq hüquqi müstəvidə isə hərəkət etmək azadlığı “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın 12-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 4 saylı Protokolun 2-ci maddəsində, həmçinin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində təsbit olunmuşdur. Həmin sənədlərə əsasən, hər bir şəxs qanuni əsaslar daxilində bir dövlətin ərazisi daxilində sərbəst hərəkət etmək, yaşayış yerini seçmək, ölkəni tərk etmək və geri qayıtmaq hüququna malikdir.