E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Unudulmaq hüququ

Unudulmaq hüququ (right to be forgotten) şəxsin özünün tələbi ilə qanunvericiliklə müəyyən edilmiş əsaslarla onun barəsində olan bütün məlumatların (internet re­surslarından, axtarış sistemlərindən) silinməsini müəyyən edir.

Unudulmaq hüququ fərdi məlumatların qorunması, şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqəli olan insan hüquqları sırasında yer alır.

Unudulmaq hüququnun məqsədi rəqəmsal əsrdə fərdlərin öz şəxsi məlumatlarını qorumasını və onlar üzərində nəzarət edə bilməsini təmin etməkdir. Bu hüquq şəxslərə axtarış sistemləri və ya internet saytları ilə əlaqə saxlamağa, köhnəlmiş və ya yanlış, utancverici hadisələr barədə şəxsi məlumatları ehtiva edən xüsusi səhifələrə keçidlərin silinməsini tələb etməyə imkan verir.          

Unudulmaq hüququ çox zaman şəxsi toxunulmazlıq hüququ ilə eyniləşdirilir. Hər iki hüquq fərdlərin şəxsi məlumatlarının qorunması ilə bağlı olsa da, fərqli hüquqlardır. Belə ki, şəxsi toxunulmazlıq hüququ ictimaiyyətə məlum olmayan, unudulmaq hüququ isə müəyyən vaxtda ictimaiyyətə məlum olan şəxsi məlumatlara ictimai çıxışın qadağan edil­məsini nəzər­də tutur.

Avropa İttifaqı Fərdi məlumatların qorunması haqqında Ümumi Reqlamentinin (GDPR) 17-ci maddəsində təsbit edilmiş “unudulmaq hüququ” (bu hüquq həm də “Silinmə hüququ” adlandırılır) - məlumat subyektinə nəzarətçidən ona aid şəxsi məlumatları gecikdirmədən (istisna hallar olmadıqda) silməyi tələb etməyə icazə verir.

Fərdi məlumatların avtomatlaşdırılmış işlənməsi zamanı fiziki şəxslərin hüquqlarının müdafiəsi haqqında Avropa Şurasının 108 saylı Konvensiyası unudulmaq hüququnu açıq şəkildə tən­zimləməsə də, o, məlumatlara daxil olmaq, düzəltmək və silmək hüquqları daxil olmaqla, məlumat hüquqlarına dair milli qanunlara təsir edən geniş məlumatların qorun­ması prinsiplərini müəyyən edir.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyində şəxsi məlumatların qorunmasına dair bir sıra hüquqi aktlar mövcud olsa da, həmin qanunlar şəxsi məlu­matların qorunması və məxfiliyin təmin edilməsinə yönəldildiyi üçün orada "unudulmaq hüququ" birbaşa olaraq tənzimlənmir.

Uşaq pornoqrafiyası

Uşaq pornoqrafiyası dedikdə yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan (18 yaşdan kiçik şəxs) təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən vizual (realistik) təsvirlər başa düşülür. Vizual təsvirlərə fotoşəkillər, videolar, rəqəmsal və ya kompüter tərəfindən yaradılan faktiki azyaşlıdan fərqlənməyən şəkillər və yaradılmış, uyğunlaşdırılmış və ya dəyiş­dirilmiş, lakin müəyyən edilə bilən, faktiki azyaşlıları təsvir edən şəkillər daxildir.

Uşaq pornoqrafiyası ilə mübarizənin dövlətdaxili hüquqi əsaslarını Cinayət Mə­cəl­ləsinin, “Uşaq hüquqları haqqında” və “Uşaqların zərərli informasiyadan qorun­ması haq­qın­da” Azərbaycan Respublikası Qanunlarının müva­fiq maddələri təşkil edir.

Uşaqlara qarşı cinsi zorakılığı əks etdirən şəkillərdən ibarət uşaq pornoqrafiyası və uşaqlara qarşı cinsi zorakılığın və cinsi istismarın digər xüsusilə ağır formaları yeni texnologiyaların və internetin istifadəsi ilə artması və yayılmasına qarşı mübarizə BMT-nin “Uşaq Hüquqları” Konvensiyasına uyğun olaraq həyata keçi­rilməli və bu zaman uşağın ən yüksək maraqları əsas götürülməlidir. Belə ki, BMT-nin “Uşaq Hüquqları” Kon­ven­siyasının 34-cü mad­dəsinə uyğun olaraq, iştirakçı dövlətlər uşağı cinsi istis­marın və cinsi zorakılığın bütün formalarından qorumağı öhdələrinə gö­tü­rür­lər.

Bundan başqa, “Uşaqların satışı, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair Uşaq Hüquqları Konvensiyası”na BMT-nin 25 may 2000-ci il tarixli Fakultativ Proto­kolunun, Avropa Şurasının “Uşaqların Cinsi İstismar və Seksual Zorakılıqdan Müda­fiəsi” haqqında 25 oktyabr 2007-ci il tarixli Konvensiyasının, Uşaqların cinsi istismarı və uşaq por­noqrafiyası ilə mübarizə və Şuranın 2004/68/JHA Çərçivə Qərarını əvəz edən Avropa Parlamenti və Avropa Şurasının 13 dekabr 2011-ci il tarixli 2011/93/EU Direktivi kimi sənədlərin müddəaları uşaq pornoqrafiyasının beynəlxalq hüquqi əsas­larını təşkil edir.

Uşaq əməyi

Uşaq əməyi dedikdə 18 yaşınadək olan şəxslərin əmək münasibətlərinə cəlb edilməsi başa düşülür. Belə ki, BMT Baş Assambleyasının 20 noyabr 1989-cu ildə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, həmin yaşdan daha əvvəl yetkinlik yaşına çatmış sayılmırsa. Oxşar müddəa “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununda da mövcuddur. Həmin Qanuna əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxs uşaq hesab olunur.

Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə təmin edilir. Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməməyi işəgötürənin əsas vəzifələrindən biri kimi qeyd etmişdir (12-ci maddə ğ-bəndi). Konstitusiyanın 17-ci, Əmək Məcəlləsinin 46-cı maddəsində göstərilib ki, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. On beş yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və bu cür müqavilənin bağlanması İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələri ilə məsuliyyətə səbəb olur. 15 yaşından 18 yaşına kimi şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığa götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir. 18 yaşına çatmamış şəxslərin təhsil almalarına mane ola biləcək işlərə qəbul edilməsi qadağandır. Qanunvericilikdə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri nəzərdə tutulur. Uşaqlara əlavə təminatlar, güzəştlər var.

Beynəlxalq sənədlər də uşaq əməyinin tətbiq oluna bildiyi iş yerlərinin məhdud olduğunu təsbit edir. Belə ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 32-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar.

Bununla yanaşı, uşaq əməyinin ən pis formaları beynəlxalq müstəvidə qadağan edilir. 1999-cu il iyunun 17-də Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının Baş konfransı tərəfindən qəbul edilmiş "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiya “uşaq əməyinin ən pis formaları”nın aşağıdakıları ehtiva etdiyini nəzərdə tutur:

a)  köləliyin bütün formaları və ya köləliyə oxşar təcrübə, məsələn, uşaqların satılması və uşaq alveri, borc və təhkimçilik asılılığı, habelə məcburi və ya icbari əmək, o cümlədən, uşaqlardan silahlı münaqişələrdə istifadə edilməsi üçün onları məcburi və ya icbari surәtdә cəlb etmə;

b)  fahişəliklə məşğul olmaq, pornoqrafik materialların istehsalı, yaxud pornoqrafik tamaşalar üçün uşaqdan istifadə etmə, onu cәlb etmə və ya təklif etmə;

c)  müvafiq beynəlxalq müqavilәlәrdә müəyyən edildiyi kimi, hüquqa zidd fəaliyyətlə məşğul olmaq üçün, xüsusilə, narkotik maddələrin istehsalı və satışı üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya tәklif etmə;

d) öz xarakterinə və ya yerinə yetirildiyi şəraitə görә uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına ziyan vura biləcək iş.

Uşağın mənzil hüququ

Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.

Həmçinin valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər (Ailə Məcəlləsi maddə 69.3.).

Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar təmin edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında növbədənkənar yaşayış sahələri verilir (Mənzil Məcəlləsi maddə 56.2.2.).