E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Seçki hüququ

Bu hüquq vətəndaşa dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmək üçün dövlət tərəfindən təminat verilən, aktiv və passiv seçki hüququ vasitəsilə həyata keçirilən imkandır.

Aktiv seçki hüququ vətəndaşların dövlət başçısının və dövlətin nümayəndəli orqanlarının (parlament, bələdiyyə və s.) seçkilərində seçici kimi iştirak edərək səsverməsindən ibarətdir. Səsvermə zamanı seçici birbaşa olaraq namizədlərin (namizədlər siyahısının) “lehinə” və ya “əleyhinə” səs verir. Səsvermədə iştirak etmək könüllüdür və seçicinin vətəndaş vicdanı məsələsidir. Bu gün dünyanın bir çox ölkələrində peşəsindən, sosial vəziyyətindən, təhsilindən və s. asılı olmayaraq bütün yetkinlik yaşına çatmış vətəndaşlar aktiv səsvermə hüququna malikdirlər. Bəzi dövlətlərdə aktiv səsvermə hüququna məhdudiyyətlər var (məsələn, yaş həddi: Yunanıstanda - 20 yaş; Malayziya, Boliviya – 21 yaş; Taylandda, Küveytdə - təhsil senzi; Estoniyada, Botsvanada - oturaqlıq senzi və s.).

Aktiv seçki hüququ vətəndaşın ən mühüm siyasi hüquqlarından biridir. Bununla belə, mütləq deyil. 1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 25-ci maddəsi onun həyata keçirilməsinə ayrı-seçkiliyə yol verməmək və ya əsassız olmamaq şərtilə məhdudiyyətlərin müəyyən edilməsi imkanını xüsusi olaraq qeyd edir. Bundan əlavə, bu beynəlxalq sənəd aktiv seçki hüququnun əsas prinsiplərini nəzərdə tutur: bərabərlik, gizlilik, azad iradə ifadəsi. Bu prinsiplər 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 21-ci maddəsinin 3-cü bəndində də təsbit edilmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-ci Prokolunun 3-cü maddəsinə müvafiq olaraq dövlətlər öz üzərinə ağlabatan müntəzəmliklə gizli səsvermə yolu ilə qanunvericilik orqanlarına azad seçkilər keçirmək öhdəliyi götürürlər.

Passiv seçki hüququ - şəxsin parlamentə, yerli özünüidarəetmə orqanına və seçkili dövlət vəzifəsinə (respublikanın prezidenti) seçilmək imkanıdır. Passiv seçki hüququnun əsasları dövlətlərin konstitusiyaları ilə, daha ətraflı isə seçki məcəllələri, prezidentinin seçkiləri, parlament seçkiləri haqqında və s. qanunlarla tənzimlənir. Passiv seçki hüququ əldə etmək üçün aktiv seçki hüququna nisbətən daha yüksək yaş həddi müəyyən edilir.

Sosial təminat hüququ

Sosial təminat hüququ qüsurlu doğulma, xəstəlik, müəyyən yaş həddinə çatma və s. səbəblərlə əlaqədar yaşayışını normal səviyyədə təmin edə bilməyən cəmiyyət üzvünə müxtəlif formalarda yardım, qayğı və müalicə göstərilməklə, ehtiyaclarının qarşılanmasını ehtiva edir. Konstitusiya hər bir şəxsin sosial təminat hüququnu tanımaqla yanaşı, həmin hüququn maneəsiz həyata keçirilməsi üçün zəruri şərait yaratmağı ailənin, dövlətin vəzifəsi kimi müəyyən edir, cəmiyyətin bu sahədə təşəbbüslərini dəstəkləyir. 

Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Ailə qanunvericiliyi digər məsələlərlə yanaşı, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətini də nəzərdə tutur.

Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyac duyan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Sosial təminat hüququnun qeyd olunan halları bitmiş siyahını əks etdirmir və qanunla müəyyən edilən digər hallarda da sosial təminat təqdim oluna bilər.

Sosial təminatın ən geniş istifadə olunan forması təqaüd və sosial müavinətlərdir. Əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Sosial müavinətlər “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

Sosial təminat hüququ “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9 və 10-cu-maddələrində, Avropa Sosial Xartiyasının 12, 13, 23 və 27-ci maddələrində, həmçinin Beynəlxalq Əmək Təşkilatının müvafiq sənədlərində öz əksini tapmışdır.

Sağlam ətraf mühitdə yaşamaq hüququ

Sağlam ətraf mühitdə (insanın fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu) yaşamaq hüququ hər kəsin sağlam ətraf təbii mühitdə beynəlxalq və dövlət standartlarına cavab verən şəraitdə yaşamasının real imkanı olmaqla, insanların ekoloji əhəmiyyətli qərarların hazırlanması, müzakirəsi və qəbulunda iştirakını, onların həyata keçirilməsinə nəzarəti, lazımi ekoloji məlumatın alınmasını, ekoloji hüquqpozma ilə əlaqədar sağlamlıqlarına və əmlaklarına vurulmuş zərərin əvəzini almaq hüququnu ehtiva edir.

Hər kəs həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq, sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq, müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirlər həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək, qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək, ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyəti orqanlarına və təşkilatlarına müraciət etmək, ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək, insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin, fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq, qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək hüququna malikdir.

 Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir, təbii resursların istifadəsini, bərpasını və mühafizəsini (ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması) tənzimləyir. Bu məqsədlə dövlət proqramları tərtib edilir, təbii resursların kadastrı, monitorinqi və uçotu aparılır.

Sağlam ətraf mühit hüququ insan hüquqlarına və iqlim dəyişikliyinə beynəlxalq yanaşmanın əsasını təşkil edir. Bu hüquq “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində, “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” 1999-cu il Konvensiyasında, 1972-ci il Stokholm Bəyannaməsində, 1992-ci il Rio Bəyannaməsində və Qlobal Ətraf Mühit Paktında öz əksini tapmışdır.

 

Sağlamlığın qorunması hüququ

Sağlamlıq – insanın təkcə xəstəlik və fiziki qüsurlara malik olmaması deyil, həm də fiziki, ruhi və sosial rifahıdır. Sağlamlığın qorunması hər bir insanın fiziki, psixi sağlamlığının qorunması və möhkəmləndirilməsinə, onun uzunömürlü fəal həyatına, sağlamlığını itirdiyi hallarda ona tibbi yardımın göstərilməsinə yönəldilmiş siyasi, iqtisadi, hüquqi, sosial, mədəni, elmi, tibbi, sanitar-gigiyena, anti-epidemiya xarakterli tədbirlərin məcmusunu təşkil edir.

Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Vətəndaşların sağlamlığını qorumaq hüququ ətraf mühitin mühafizəsi, əlverişli əmək, məişət, istirahət şəraitinin yaradılması, vətəndaşların sağlamlıq məsələləri ilə əlaqədar tərbiyələndirilməsi və maarifləndirilməsi, keyfiyyətli qida məhsullarının istehsalı və realizasiyası, əhaliyə çatımlı olan tibbi-sosial yardımın təqdim olunması ilə təmin olunur.

Əhalinin sağlamlığının qorunması bu sahədə insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, profilaktik tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi prinsipləri əsasında həyata keçirilir.

Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

Əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi, dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi, ətraf mühitin qorunması ekoloji təhlükəsizliyin təmin edilməsi, icbari tibbi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi, əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım göstərilməsinə təminat verilməsi, dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi, ailənin, valideynlərin və uşaqların mühafizəsi, səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, tibb müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrini təşkil edir.

Əhalinin sanitariya-epidemioloji salamatlığı Dövlət Sanitariya-Epidemioloji Xidmətin nəzarəti altında bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əks-epidemik tədbirlər kompleksini həyata keçirməklə, müvafiq qanunvericiliyə uyğun olaraq təmin edilir.

Vətəndaşların sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq hüququ vardır. İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə
cəlb edilirlər.

Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb
müəs­­sisə­­lərində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər.

Vətəndaşların tibbi sığortası (icbari və könüllü) Azərbaycan Respublika­sının sığor­ta
qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir. Əhalinin dərman vasitələri ilə təminatı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.

Sağlamlığın qorunması hüququ İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 25-ci maddəsində, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində, Avropa Sosial Xartiyasının 11-ci maddəsində, 2002-ci il noyabr ayının 15-də Brüsseldə qəbul edilmiş “Pasiyentlərin hüquqları haqqında” Avropa Xartiyasında öz əksini tapmışdır.

Sərbəst toplaşmaq azadlığı

Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür.

Toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Toplantının təşkilatçıları dövlət tərəfindən təmin olunan təhlükəsizlik tədbirləri hüdudlarından çıxan toplantının təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə polis qüvvələrinin cəlb olunması barədə müraciət edə bilərlər. 

Şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda iştirak etməyə məcbur edilə bilməz. Kimisə toplantıda iştirak etməyə məcbur edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.

Toplantı zamanı iştirakçılar ictimai qaydanın qorunmasına köməklik göstərməli və təşkilatçıların, habelə müvafiq icra hakimiyyəti orqanı nümayəndələrinin qanuni tələblərinə əməl etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.

Qanuna uyğun keçirilən toplantının iştirakçısı həmin toplantıda iştirak etməsinə görə sonradan hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yalnız hüquq pozuntusuna yol vermiş bu Qanuna uyğun keçirilən toplantının iştirakçıları hüquqi məsuliyyətə cəlb edilə bilərlər. Dinc toplantı qeyri-dinc toplantıya çevrildiyi halda hüquq pozuntusu törətməyən toplantı iştirakçısı, habelə toplantının dinc olmadığından qabaqcadan xəbərdar olmamış toplantı iştirakçısı yalnız həmin toplantıda iştirak etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz.

Toplantı iştirakçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.

Sərbəst toplaşmaq azadlığı “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 20-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 21-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 11-ci maddəsində öz əksini tapmışdır.

Siyasi sığınacaq hüququ

Sığınacaq təqiblərə məruz qalan, öz ölkəsindən başqa dövlətə gəlmiş və öz ölkələrinə qayıtmaq istəməyən və ya bundan ehtiyat edən şəxslərə verilmiş hüquqi müdafiədir. Siyasi sığınacağı öz ölkəsində müəyyən səbəblərə görə təqiblərə məruz qalmış və ya təzyiqlərlə üzləşən şəxsin başqa ölkədə yaşamasına və işləməsinə imkan verən hüquq kimi nəzərdən keçirmək olar.

Siyasi sığınacaq əsasən milli, irqi, dini, siyasi baxışlarına və sosial mənsubiyyətinə görə öz ölkələrində təqibə məruz qalmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir.

Siyasi sığınacaq almaq istəyən şəxslərə siyasi sığınacağın verilməsi irqi; dini; milli-etnik; müəyyən sosial qrupa mənsubluq; siyasi fikir və ya siyasi fəaliyyətlə bağlı təqib olunmadan asılıdır.

Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.

Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.

Siyasi sığınacağın iki formasına rast gəlmək olar: ərazi və diplomatik sığınacaq.

Siyasi sığınacaq hüququ 1967-ci il tarixli “Ərazi sığınacağı haqqında Bəyannamə” ilə tənzimlənir. Ərazi sığınacağı dedikdə, bu və ya digər səbəbdən təqib olunan şəxsin başqa ölkənin ərazisində müdafiə olunmasıdır. BMT Baş Məclisinin 2312 saylı (XXII) 14 dekabr 1967-ci il tarixli qətnaməsi ilə “Ərazi Sığınacağı haqqında Bəyannamə” qəbul edilmişdir.

Diplomatik sığınacaq hüququ isə təqib olunan şəxslərin səfirlik və konsulluqların binalarında himayəyə götürülməsidir. Diplomatik sığınacaq hüququ 1961-ci il Vyana Konvensiyası ilə tənzimlənir.

Dövlət sığınacaq verdiyi şəxsə münasibətdə müəyyən öhdəliklər daşıyır: sığınacaq verilən şəxslər geri verilə bilməz; dövlət sığınacaq verdiyi şəxsə onun hər hansı bir ölkədə hüquqları pozulan zaman diplomatik müdafiə ilə təmin edə bilər; dövlət sığınacaq verdiyi şəxsin fəaliyyətinə görə məsuliyyət daşıyır, yəni o, həmin şəxsin tərk etdiyi dövlətə qarşı zorakılıq aktları törətməsinə yol verməməlidir.

Siyasi sığınacaq hüququ “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 14-cü maddəsində, BMT-nin “Qaçqınların statusu haqqında” 28 iyul 1951-ci il tarixli Konvensiyasında öz əksini tapmışdır.

 

Soyqırım

Soyqırımı cinayəti” dedikdə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür.

Soyqırımı cinayət əməlinin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və ya dini qrupun, bir qrup kimi bütövlükdə və qismən məhv edilməsi və ya  məhv edilməsi təhlükəsinin yaranması, yaxud həmin qrupların tarixi, mədəni, mənəvi və s. dəyərlərinin yer üzündən silinib getməsi, habelə belə təhlükənin meydana gəlməsi ilə səciyyələnir.

Soyqırımı cinayətinin obyektini hər hansı milli, etnik, irqi və ya dini qrupların normal həyat və fəaliyyəti təşkil edir.

Bu cinayət obyektiv cəhətdən aşağıdakı hərəkətlərin törədilməsi ilə səciyyəvidir:

-hər hansı milli, etnik, irqi və ya dini qrup üzvlərini öldürmə;

-hər hansı milli, etnik, irqi və ya dini qrup üzvlərinin sağlamlığına ağır zərər vurma  və onların əqli qabiliyyətinə ciddi zərər vurma;

-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma;

-hər hansı milli, etnik, irqi və ya dini qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə;

-hər hansı milli, etnik, irqi və ya dini qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə.

1. Milli qrup dedikdə, hər hansı bir millətə mənsubiyyəti olan, milli, tarixi, etnik, dil, mədəni və s. ənənələri ilə bir-birinə bağlılığı olan insanlar qrupu başa düşülür.

2. Etnik qrup dedikdə, hər hansı bir xalqa (etnosa) mənsubiyyəti olan müəyyən bir ərazidə sıx və kompakt yaşayan, ümumi tarixi kökləri, dil, mədəni-məişət ənənələri, mədəniyyəti olan insanlar qrupu başa düşülür.

3. İrqi qrup dedikdə, hər hansı bir irqə (monqoloid, avropoid, neqroid) mənsub olan, dərisinin, gözlərinin rənginə, boyunun hündürlüyünə və s. görə fərqlənən ümumi irsi bağlılığı olan insanlar qrupu başa düşülür.

4. Dini qrup dedikdə, hər hansı bir dövlətdə əhalinin əksəriyyətinin mənsub olduğu dinə deyil, başqa dinə ibadət (etiqad) edən insanlar qrupu başa düşülür.

5. Hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərinin əqli qabiliyyətlərinə ciddi zərər vurma dedikdə, qrup üzvlərinin ağır psixi xəstəliklərə tutulmasına, onların şüurlu düşünmə qabiliyyətlərinin yox olmasına və s. yönələn hərəkətlərin edilməsi başa düşülür.

6. Hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş həyat şəraiti yaratma dedikdə, qrup üzvlərinin öz mövcudluğunu saxlaması üçün zəruri olan qidalanmadan, geyimdən, işləyib qazanc əldə etmək imkanından tamamilə və ya qismən məhrumetmə, ətraf mühiti zəhərləmə və s. başa düşülür. 

7. Qrup daxilində doğumların qarşısının alınmasına yönəlmiş tədbirləri həyata keçirmə, qrup üzvləri arasında nikahın, cinsi əlaqədə olmanın qadağan edilməsində, onların məcburi sterilizasiya olunmasında, axtalanmasında, hamiləliyin zorla süni pozulmasında və s. istifadə oluna bilər.

8. Bir qrupa mənsub olan uşaqların zorla başqa qrupa keçirilməsi hər hansı milli, etnik, irqi və ya dini qrupa aid olan uşaqların onların valideyinlərinin razılığı olmadan və ya onların iradəsi əleyhinə zorla, məcburi şəkildə alınaraq başqa bir qrupa verilməsini nəzərdə tutur.

Soyqırımı cinayəti maddi-formal tərkibli cinayətdir və belə nəticələrin baş verdiyi andan cinayət başa çatmış sayılır. Bu cinayət subyektiv cəhətdən bir başa qəsdlə səciyyələnir və həmin cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs (həm vəzifəli, həm də vəzifəli olmayan) ola bilər.

  Soyqırımı cinayəti AR CM-in “Sülh və insanlıq əleyhinə cinayətlər” fəslinin 103-cü maddəsində nəzərdə tutulmuşdur.

 

Soyqırımı cinayəti sülh və insanlıq əleyhinə cinayətlərə aid olduğundan həmin cinayət əməlini nəzərdə tutan  cinayət qanunu retroaktiv qüvvəyə malikdir.

“Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” 12 may 2006-cı il № 106-IIIKQ Azərbaycan Respublikasının Konstitusiya Qanununun preambulasında deyilir: bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın və Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədilə qəbul edilir.

“Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq barədə” AR Milli Məclisi 31 may 1996-cı il tarixli № 97-IQ Qanun qəbul etmişdir.

Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya 9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III)A Qətnaməsi ilə qəbul olunub və
12 yanvar 1951-ci ildə qüvvəyə minib. Soyqırımı cinayəti bu Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuşdur.

Seksizm

Seksizm bir şəxsin və ya qrupun cinsinə görə daha aşağı sayılması ideyasına əsaslanan hərəkət, jest, təsvir, söz, yazı, vərdiş və ya davranışdır. Bu, ictimai və ya şəxsi həyatda həm onlayn, həm də oflayn formada baş verə bilər. Seksist davranışın məqsədi və ya nəticəsi i) şəxsin və ya qrupun ləyaqətini alçaltmaq və ya hüquqlarını pozmaq, ii) fiziki, cinsi, psixoloji və ya sosial-iqtisadi zərər vurmaq və ya əzab vermək, iii) qorxu, düşmənçilik, alçaldıcı və ya xoşəgəlməz mühit yaratmaq, iv) şəxsin və ya qrupun azadlığına və insan hüquqlarının tam həyata keçirilməsinə mane olmaq, v) gender stereotiplərini qorumaq və möhkəmləndirmək olur. Seksizmə verilmiş ilk belə beynəlxalq anlayış Avropa Şurasının  “Seksizmin qarşısının alınması və onunla mübarizə haqqında” Tövsiyəsində (CM/Rec(2019)1) əksini tapmışdır.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” 10 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən  cinsi mənsubiyyətə görə ayrı-seçkilik – seksual qısnama, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük kimi müəyyən edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında” 22 iyun 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi məişət zorakılığının qarşısının alınmasının əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir.

Bu sahədə beynəlxalq sənədlərə nümunə olaraq “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” BMT Konvensiyasını (CEDAW, 1979), Avropa Şurasının  “Seksizmin qarşısının alınması və onunla mübarizə haqqında” Tövsiyəsini (CM/Rec(2019)1), “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasını (İstanbul Konvensiyası (2011)) və Beynəlxalq Əmək Təşkilatının “Əmәk vә mәşğulluq saһәsindә ayrı-seckilik һaqqında” 1958-ci il tarixli Konvensiyasını (№ 111) misal göstərmək olar.

Sosial hüquqlar

Sosial hüquqlar insan hüquqlarının ikinci nəsli hesab edilir və təbiətinə görə pozitiv hüquqdur. Hər bir insanın layiqli həyat hüququnun realizəsi sosial hüquqların təmin edilməsinin xüsusiyyətlərində ifadə olunur. Bu hüquqlar cəmiyyətin hər bir fərdinin sosial təminat hüququnu əhatə etməlidir.

Sosial hüquqlar cəmiyyət və dövlət tərəfindən qəbul edilən və normativ hüquqi aktlarda təsbit olunan, hər bir insanın normal fizioloji, maddi və mənəvi  mövcudluğu, inkişafı, layiqli sosial həyatı və ictimai əhəmiyyətli fəaliyyəti üçün zəruri olan imkanlarını, maraqlarını və müəyyən xüsusiyyətlərini müdafiə və təmin edən hüquqlar kompleksidir. Bu hüquqlar əsasən cəmiyyətdə sosial gərginliyin aradan qaldırılmasına  və əhalinin sosial müdafiəsinin təmin edilməsinə yönəlir.

Sosial hüquqlar ən geniş əhatə dairəsinə malik kompleks normalar sahəsidir. Bu hüquqlar özündə əmək hüququ, tətil hüququ, istirahət hüququ, sosial təminat hüququ və mənzil hüququnu konstitusion hüquqlar kimi  ehtiva edir.

Sosial hüquqların həyata keçirilməsi üçün əsas hüquqi mənbələrdən Azərbaycan Respublikasının Konstitusiyasını, İqtisadi, sosial və mədəni hüquqlar haqqında 19 dekabr 1966-cı il tarixli Beynəlxalq Paktı, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktları qeyd etmək olar.