Qəyyumluq və himayəçiliklə bağlı qanunvericilikdə bir sıra müddəalar müəyyən edilmişdir. Belə ki, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.
Aşağıdakı hallarda yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik təyin edilir:
1. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda;
2. Valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə;
3. Bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda;
4. Valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda.
Qəyyumluq və himayəçiliyin təyin edilməsi üçün müəyyən qaydalar mövcuddur. Belə ki, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.
Himayəçilik isə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin edilir. Önəmli cəhət budur ki, himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.
Qəyyumluq və himayəçilik orqanlarının fəaliyyəti mülki qanunvericiliklə tənzimlənir. Qəyyumluq və himayəçilik orqanlarının fəaliyyəti müvafiq mülki qanunvericilik aktları ilə tənzimlənir və bu orqanların səlahiyyətləri qanunvericilikdə dəqiq şəkildə müəyyən edilirMəhkəmə fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Qəyyumluq və himayəçilik orqanının nəzarət fəaliyyəti də mövcuddur. Belə ki, qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir.
Qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Qəyyum və himayəçi təyin edilməsi üçün fiziki şəxs yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli olmalıdır. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman aşağıdakılar nəzərə alınır:
1. Onun əxlaqi və digər şəxsi keyfiyyətləri;
2. Qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti;
3. Onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu.
Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq sosial xidmət müəssisələrində olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulan hallardan başqa, əvəzsiz icra edilir.
Yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməməsi şərti ilə qəyyumluq və himayəçilik orqanının razılığı ilə yol verilir. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar.
Qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Sadalanan vəzifələr məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış yetkinlik yaşına çatmış fiziki şəxslərin himayəçilərinə həvalə edilmir.
Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın fəaliyyət qabiliyyətli sayılması və onun üzərindən qəyyumluğun və ya himayəçiliyin götürülməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmağa borcludur.
Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi qaydaları Mülki Məcəllədə öz əksini tapmışdır. Belə ki, qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.
Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum aşağıdakı əqdləri bağlaya bilməz:
1. Qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri;
2. Qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri;
3. Habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri.
Himayəçi isə qeyd olunan əqdlərin bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər.
Qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır. Bu halda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın etibarnamə ilə idarəetməyə verilməmiş əmlakı barəsində öz səlahiyyətlərini saxlayır. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsi səlahiyyətlərini həyata keçirərkən idarəçiyə qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi ilə əlaqədar müvafiq qaydalar tətbiq edilir.
Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsinə aşağıdakı hallarda xitam verilir:
1. Əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqaviləyə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar üzrə;
2. Qəyyumluğa və ya himayəçiliyə xitam verildiyi hallarda.
Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz vəzifələrinin icrasından azad edir. Qəyyumluqda olan müvafiq sosial xidmət müəssisələrinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini, əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir. Üzürlü səbəblər olduqda, məsələn, xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a., qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər.
Qəyyum və himayəçinin vəzifələrinin icrasından kənar edilməsi də mümkündür. Belə ki, qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər.
Qəyyumluq və himayəçiliyə hansı hallarda xitam verilir? Qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir. Qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir. Qəyyumluqda olan yetkinlik yaşına çatmayanın on səkkiz yaşına çatdığı, habelə nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan üzərində himayəçiliyə xüsusi qərarsız xitam verilir.
Fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində patronaj təyin edilə bilər. Belə ki, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir.
Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.
Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir. Patronajda olan fiziki şəxsin patronu (köməkçisi) nəzərdə tutulan müvafiq hallar, yəni qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından azad edildiyi hallar mövcud olduqda öz vəzifələrini yerinə yetirməkdən azad edilir.