E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

İşgəncələrin qadağan olunması

İşgəncə - hər hansı bir şəxsə ondan və ya başqa şəxsdən məlumat almaq, yaxud  onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və a başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli və ya rəsmi şəxsi kimi çıxış edən başqa bir şəxs və ya şəxslər tərəfindən, yaxud da onların təhriki və ya bixəbərliyi, yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü fiziki yaxud mənəvi əzab yetirən hərəkətlərdir. Bu anlayışa qanuni sanksiyalar nəticəsində törəyən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi kimi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və əzablar daxil edilmir. Beləliklə işgəncənin tərkib elementlərinə əsasən 4 ünsür aiddir: 1) fiziki və ya mənəvi əzaba səbəb olması; 2) qəsdən törədilməsi; 3) xüsusi məqsədinin olması; 4) dövlət vəzifəli şəxslərinin təhriki, xəbərdar olması və ya göz yumması ilə müşahidə olunması.

İşgəncə "çox ciddi və fiziki və mənəvi ağrı və əzablara səbəb olan qəsdən qeyri-insani rəftar" olaraq təyin olunur. Ağrı və əzabın kəskinlik səviyyəsi işgəncə ilə qeyri-insani və alçaldıcı rəftar arasındakı əsas fərqdir. Kəskinlik səviyyəsi qurbanın cinsi, yaşı, sağlamlıq vəziyyəti, həmçinin, əməlin davam etmə müddətindən asılı olaraq müəyyən edilir. İHAM işgəncə kimi tanınan hərəkətlərə fiziki və mənəvi ağrı yetirmə, ailəyə zərər vermə təhdidləri, gözləri bağlı saxlanma və sair əməlləri aid etmişdir.

"Qeyri-insani rəftar" minimal qəddarlıq dərəcəsini keçməli, lakin işgəncə səviyyəsinə çatmamalıdır . Həbs zamanı və ya psixiatrik xəstəyə münasibətdə azadlığın həddindən artıq məhdudlaşdırılması qeyri-insani rəftara bərabər ola bilər.

"Alçaldıcı rəftar" ləyaqəti alçaldan şəraitdə, məsələn, uzun müddət natəmiz və ya çox sıxlıq şəraitdə saxlanmada təzahür edə bilər. Bu cür rəftar qadağan olunmuş fiziki əzab təsirləri ilə yanaşı, natamamlıq hissi və güclü mənəvi əzaba səbəb olur. Təhlükəsizlik səbəbləri ilə əsaslandırılmış olsa belə şəxsi müayinənin ictimai yerlərdə və ya əks cinsin iştirakı insanın ləyaqətinə hörmət edilmədən həyata keçirilməsi, uzun müddət təkadamlıq kamerada saxlanma, tibbi yardımın olmaması və ya ondan imtina edilməsi xüsusilə ruhi xəstələrdə narahatlıq və ya stressə səbəb olarsa alçaldıcı, daha sərt şərtlərdə isə qeyri-insani rəftar hesab oluna bilər.

AR Cinayət məcəlləsində təsbit olunmuş humanizm prinsipinə əsasən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.

İşgəncənin qadağan olunması beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir və jus cogens (mütləq) qayda hesab olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsi, “İşgəncələrə və di̇gər qəddar, qeyri̇-i̇nsani̇, yaxud ləyaqəti̇ alçaldan davranış və cəza növləri̇nə qarşı” Konvensi̇ya(1984),  “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyası(1987) işgəncə əməli ilə bağlı məsələləri beynəlxalq səviyyədə tənzimləyir.

İstirahət hüququ

İstirahət hüququ əmək fəaliyyəti ilə məşğul olan hər kəsin iş günü, həmçinin istirahət və bayram günlərində və ildə azı bir dəfə ödənişli məzuniyyətindən ibarət olan işdən azad vaxtı üzərində sərbəst sərəncam vermək hüququdur. Hər kəsin istirahət hüququ vardır.

İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən digər məsələlərlə yanaşı, həmçinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunması ilə bağlı əmək şəraitini təmin etməlidir. Odur ki, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi və müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.

Əmək qanunvericiliyinə müvafiq olaraq iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, habelə kollektiv müqavilə ilə müəyyən edilir.

Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.

İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.

 İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. 

1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:

Yeni il bayramı (yanvarın 1-i və 2-si);

Beynəlxalq Qadınlar Günü (martın 8-i);

Faşizm üzərində qələbə günü (mayın 9-u);

Müstəqillik Günü (mayın 28-i); 

Azərbaycan Xalqının Milli Qurtuluş Günü (iyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü (iyunun 26-sı);

Müstəqilliyin Bərpası Günü (oktyabrın 18-i);

Zəfər Günü (noyabrın 8-i);

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (noyabrın 9-u); 

Konstitusiya Günü (noyabrın 12-si);

Milli Dirçəliş Günü (noyabrın 17-si);

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);

Novruz bayramı - beş gün;

Qurban bayramı - iki gün;

Ramazan bayramı - iki gün.

2. Yeni il bayramı, Beynəlxalq Qadınlar Günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan Xalqının Milli Qurtuluş Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

İstirahət hüququ “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin 4-cü bəndində, Avropa Sosial Xartiyasının 2-ci maddəsinin 5-ci bəndində, Beynəlxalq Əmək Təşkilatının müvafiq sənədlərində öz əksini tapmışdır.

İnformator (whistleblower)

İnformator (whistleblower) anlayışı müasir hüquq sistemlərində dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mexanizmlərdən biridir. İnformator dedikdə qeyri-qanuni və ya korrupsiya xarakterli əməllər barədə səlahiyyətli orqanlara məlumat verən şəxs nəzərdə tutulur. Bu fəaliyyətin əsas xüsusiyyəti ondan ibarətdir ki, təqdim edilən məlumat həqiqətə uyğun, dəqiq və ictimai maraqların qorunmasına yönəlmiş olmalıdır. Eyni zamanda, informatorun şəxsiyyətinin və təqdim etdiyi məlumatların məxfiliyi təmin edilməli, yalan məlumat verdiyi halda isə həmin şəxs hüquqi və mənəvi məsuliyyət daşımalıdır. Dövlətin vəzifəsi isə informatoru qisas və ya təqib hallarından qorumaq, zərurət yarandıqda isə onun və yaxınlarının təhlükəsizliyinə təminat verməkdir.

Azərbaycan qanunvericiliyində “informator” anlayışı “məlumat verən şəxs” termini ilə ifadə olunur. 2004-cü ildə qəbul edilmiş “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-2-ci maddəsi korrupsiya əməlləri barədə məlumat verən şəxslərin müdafiəsini nəzərdə tutur. Bundan əlavə, 1998-ci il tarixli “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanun da şahidlərlə yanaşı, informatorların və onların yaxınlarının dövlət tərəfindən müdafiəsini təmin edir. Bu qanuni mexanizmlər ölkədə məlumat verən şəxslərin hüquqi statusunu möhkəmləndirir.

Beynəlxalq hüquqda da informatorların qorunması ayrıca vurğulanır. Azərbaycan tərəfindən ratifikasiya olunmuş BMT-nin Korrupsiya əleyhinə Konvensiyası (UNCAC) dövlətlərə informatorların hər hansı ədalətsiz münasibətdən müdafiəsi üzrə tədbirlər görmək öhdəliyini qoyur. Avropa Şurası çərçivəsində də informatorların hüquqlarının qorunmasına istiqamətlənmiş tövsiyə xarakterli sənədlər qəbul edilmişdir. Misal üçün, Avropa Şurası Nazirlər Komitəsinin İnformatorun "whistleblowers"  müdafiəsinə dair CM/Rec(2014)7 saylı Tövsiyəsi informatoru istər dövlət, istərsə də özəl sektorda olsun, işgüzar münasibətləri çərçivəsində ictimai mənafelərə təhlükə və ya zərər haqqında məlumat verən və ya açıqlayan hər hansı şəxs kimi müəyyən edir və onların müdafiəsi üçün zəruri hədlər müəyyən edir. Sənəddə təşkilata üzv dövlətlərə işgüzar münasibətlər çərçivəsində ictimai mənafelərə təhlükə və ya zərər barədə məlumat verən və ya açıqlayan şəxslərin qorunması üçün normativ, institusional və məhkəmə çərçivəsini təmin etmələri tövsiyə olunur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) presedent hüququ da informator institutunun mühüm aspektlərini vurğulayır və standartlarını müəyyən edir. Guja Moldovaya qarşı (2008) işində Məhkəmə qeyd etmişdir ki, yüksək ictimai maraq doğuran məsələləri gündəmə gətirmək məqsədilə edilən informatorluq hallarında vəzifəli şəxslərə qarşı ağır sanksiyaların tətbiqi məqsədəuyğun deyil. İHAM həmçinin vurğulamışdır ki, alternativ müdafiə vasitələrinin mövcud olmaması səbəbindən Guja həmin məlumatı açıqlamaq hüququna malik idi. Ən önəmlisi isə, Məhkəmə bir daha bəyan etmişdir ki, sərt cəzaların tətbiqi çəkindirici təsir (chilling effect) göstərə  və dövlət qulluqçularını qanunsuz halları bildirməkdən çəkindirə bilər. Bu sahədə İHAM-ın qəbul etdiyi digər qərarlara misal olaraq Heinisch Almaniyaya qarşı (2011)  Halet Lüksemburqa qarşı (2023) işləri göstərmək olar.

Beləliklə, həm milli, həm də beynəlxalq hüquqi çərçivə göstərir ki, informatorlar cəmiyyətin şəffaflığı və hüquqa hörmətin təmin edilməsində mühüm rol oynayır. Onların qorunması mexanizmləri isə hüquqi dövlətin əsas prinsiplərindən biri kimi qəbul edilir.

İnsan alveri

İnsan alveri dedikdə 16 yaşına çatmış anlaqlı fiziki şəxs tərəfindən zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi əməllərinin birbaşa qəsdlə törədilməsi  başa düşülür.

Bu anlayışda “insanın istismarı” dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. İnsan alverindən zərər çəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu anlayışda göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir. İnsan alveri cinayətinin obyekti insanın (həm yetkinlik yaşına çatan, həm də yetkinlik yaşına çatmayan şəxsin) şəxsi azadlığıdır. Əlavə obyekt qismində insanın həyatı və sağlamlığı, şərəf və ləyaqəti və s. ilə bağlı ictimai münasibətlərdir. İnsan alveri cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, AR Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan ictimai təhlükəli əməllərdən hər hansı birinin törədilməsi beynəlxalq-hüquqi aktlarla, eləcə də AR qanunvericiliyi ilə qadağan olunan qul əməyinin, qul ticarətinin və insanın şəxsi azadlığına qəsd edən sair qanunsuz əməllərin yayılmasına və insanın alqı-satqı obyekti olmasını pisləyən ictimai – mənəvi normaların pozulmasına səbəb olur.

AR CM-in 144-1-ci maddəsində insan alverinə verilən anlayış  İnsan alverinə qarşı mübarizə haqqında” 2005-ci il 28 iyun tarixli 958-IIQ nömrəli AR Qanununun 1.0.1-ci maddəsində insan alveri anlayışına verilən anlayışla eynidir.

AR CM-in 144-1-ci maddəsində nəzərədə tutulan cinayət əməlinə dair müddəalar “İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında” BMT-nin 1950-ci il 21 mart tarixli Konvensiyasına, BMT-nin 2000-ci il 15 noyabr tarixli “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolların tələblərinə söykənir.

İnsanlıq əleyhinə cinayətlər

İnsanlıq əleyhinə cinayətlər dedikdə, Roma Statutuna müvafiq olaraq istər sülh, istərsə də müharibə zamanı hər hansı bir dövlətin və ya dövlətlərin, yaxud təşkilatın siyasi məqsədlərinin həyata keçirilməsində anlaqlı fiziki şəxs (şəxslər) tərəfindən hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olan beynəlxalq xarakterli ən ağır cinayət əməllərinin birbaşa qəsdlə törədilməsidir.

İnsanlıq əleyhinə cinayətlərin əsas obyekti – insanlıq, yəni geniş miqyasda və ya sistematik şəkildə həyata keçirilən hücumlar nəticəsində zərər çəkən mülki əhalinin təhlükəsizliyi, azadlığı və hüquqlarıdır. Başqa sözlə, bu cinayətlər bütün bəşəriyyətin ümumi dəyərlərinə, insan şəxsiyyətinə və insan ləyaqətinə qarşı yönəlmiş hesab olunur. Bu cinayətin əlavə obyekti isə – konkret cinayət formasından asılı olaraq ayrı-ayrı fərdlərin və ya qrupların fərdi hüquq və azadlıqlarıdır.

Roma Statutuna əsasən İnsanlıq əleyhinə cinayətlər aşağıdakı kimi qruplaşdırırlır:

Qəsdən adam öldürmə (qətl); Əhalini məhv etmə; Köləlik; Əhalinin deportasiyası və ya məcburi köçürmə; Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə; Cinsi zorakılıq (zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya, məcburi hamiləlik və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri etmə); Təqib; İşgəncə; İnsanları zorakılıqla yoxa çıxarma; İrqi ayrı-seçkilik (aparteid).

İnsanlıq əleyinə cinayətlər ilk dəfə olaraq 30 dekabr 1999-cu il tarixli AR Cinayət Məcəlləsinin VII bölməsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” adlı XVI fəslində təsbit edilmişdir. 

İnsanlıq əleyinə cinayətləri nəzərdə tutan  cinayət qanunu retroaktiv qüvvəyə malikdir. “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” 2006-cı il 12 may tarixli 106-IIIKQ nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanununun  preambulasında deyilir: “Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədilə qəbul edilir.”

Roma Statutu 1998-ci ildə BMT-nin konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır.

İnsanlıq əleyinə cinayətlər Roma Statutunun 7-ci maddəsində birbaşa nəzərdə tutulmuş və bu Beynəlxalq Nizamnamə ilə də tənzimlənir.

İqtisadi hüquqlar

İqtisadi hüquqlar insan hüquqlarının ikinci nəslinə aiddir. İqtisadi hüquqlar insanların öz iqtisadi səviyyələrinin yaxşılaşdırılması uğrunda mübarizəsi prosesində formalaşmış, onların həyata keçirilməsi və təmin edilməsi üçün dövlətin təşkil olunmuş, planlaşdırılmış və digər fəaliyyət formalarının tələb olunmasıdır. İqtisadi hüquqlar “pozitiv” hüquqlar hesab edilir. 

İqtisadi hüquqların həcmi və həyata keçirilmə dərəcəsi dövlətin iqtisadiyyatından və ehtiyatların vəziyyətindən daha çox asılıdır. İqtisadi hüquqların xüsusiyyətləri insan həyatının müəyyən iqtisadi sahəsinə aid olmasını, əsas müddəaların müvafiq şəkildə, “qeyri-ciddi” formulla göstərilməsinin mümkünlüyünü (məsələn, layiqli həyat, ədalətli və əlverişli iş şəraiti, təminatlı yaşayış və s.), iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadiyyatın və ehtiyatların vəziyyətindən asılı olmasını  ehtiva edir.

İqtisadi hüquqlar mülki hüququn subyektlərinin  xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti vasitəsilə həyata keçirdikləri sosial-iqtisadi prosesdir. Hər bir fiziki və hüquqi şəxsin iqtisadi hüquqların həyata keçirilməsi prosesində qanunla müəyyən olunmuş qaydada iştirak etmək hüququ var. Sahibkarlıq subyektləri iqtisadi hüquqların tənzimlədiyi münasibətlərin mühüm iştirakçılarından hesab edilir. Sahibkarlıq subyektləri kiçik, orta və iri vergi ödəyiciləridirlər.   

İqtisadi hüquqların həyata keçirilməsi üçün əsas hüquqi mənbələrdən Azərbaycan Respublikasının Konstitusiyasını, İqtisadi, sosial və mədəni hüquqlar haqqında 19 dekabr 1966-cı il tarixli Beynəlxalq Paktı, Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında 12 dekabr 1974-cü il Xartiyasını və s. beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsini və digər normativ hüquqi aktları qeyd etmək olar.

İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü fəslində (398-441-ci maddələr) təsbit olunmuşdur. Eyni zamanda iqtisadi fəaliyyət sahəsində olan cinayətlər və onlara görə məsuliyyət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin 24-cü fəslində (190-213-cü maddələrdə) müəyyən edilmişdir.

İctimai əxlaq

İctimai əxlaq – dövlət və cəmiyyət tərəfindən qəbul edilən mənəvi, etik və davranış normalarının məcmusudur, bu qaydalar ictimai münasibətlərdə harmoniya, qarşılıqlı hörmət və nizam-intizamı təmin edir. Bu anlayış hüquqi məhdudiyyətlərin tətbiqində əsas meyar kimi çıxış edir və demokratik cəmiyyətin mənəvi sərhədlərini müəyyənləşdirir. “İctimai əxlaq” (ictimai mənəviyyat – public morality) anlayışı həm hüquqi, həm də fəlsəfi sənədlərdə müxtəlif formalarda izah olunur. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (1966) 18-ci maddəsində “əxlaq” (public morals) anlayışı cəmiyyətin qəbul etdiyi mənəvi qaydalar və dəyərlərin qorunması kimi başa düşülür.  Lakin bu anlayış universal xarakter daşımır; BMT-nin İnsan Hüquqları Komitəsi qeyd edir ki, bu məhdudiyyətlər hər bir xalqın mənəvi dəyərlərinə uyğun şəkildə müəyyənləşdirilməlidir. Eyni məzmun Avropa İnsan Hüquqları Konvensiyasının (1950) 9-cu maddəsində də öz əksini tapır. Konvensiyaya əsasən, fikir, vicdan və din azadlığı yalnız “ictimai təhlükəsizlik, sağlamlıq və əxlaq” məqsədləri ilə məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) öz qərarlarında bu anlayışı müxtəlif mədəniyyətlər və hüquq sistemləri çərçivəsində fərqli şərh edir. Məhkəmənin Handyside v. United Kingdom (1976) qərarında qeyd olunur ki,  “ictimai əxlaq anlayışı universal deyil, o, dövlətlərin öz tarixi və mədəni ənənələrinə görə dəyişir”. Bu mövqe beynəlxalq hüquqda “əxlaqın nisbi xarakteri” prinsipini təsdiqləyir. UNESCO-nun “Mədəni müxtəlifliyin qorunması haqqında” Bəyannaməsi (2001) də ictimai əxlaqın mədəni və etik dəyərlərin qorunması ilə sıx bağlı olduğunu bildirir.

Azərbaycan Respublikasında ictimai əxlaqın qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu anlayış AR Konstitusiyanın 48-ci və 49-cu maddələrində birbaşa təsbit edilmişdir və beləliklə, AR Konstitusiyası ictimai əxlaqı hüquqi məhdudiyyət meyarlarından biri kimi müəyyənləşdirir. Bununla da Azərbaycan dövləti ictimai əxlaqı ictimai sabitlik, mənəvi təhlükəsizlik və sosial harmoniyanı təmin edən hüquqi dəyər kimi qəbul edir. İctimai əxlaq həm beynəlxalq hüquqda, həm də milli qanunvericilikdə mənəvi və hüquqi qaydalar sistemini qoruyan fundamental prinsip kimi çıxış edir. O, insan azadlıqlarının hədlərinin müəyyən edilməsi, cəmiyyətin mənəvi sabitliyinin və sosial nizamın təmin edilməsi üçün vacib anlayışdır. İctimai əxlaqın qorunması dövlətin tənzimləyici funksiyalarından biri olmaqla yanaşı, həm də ictimai şüurun, milli-mənəvi dəyərlərin və mədəni kimliyin qorunmasının əsas vasitəsidir. Bu mənada ictimai əxlaq hüquq fəlsəfəsində azadlıq və məsuliyyətin sintez nöqtəsi kimi qiymətləndirilir.

İnternetə çıxış hüququ

İnternetə çıxış hüququ – şəxslərin qlobal informasiya-kommunikasiya şəbəkəsinə (internetə) sərbəst, təhlükəsiz və ayrı-seçkilik olmadan qoşulmaq, informasiya axtarmaq, əldə etmək, yaymaq və rəqəmsal xidmətlərdən istifadə etmək imkanını təmin edən fundamental insan hüququ.

Bu hüquq özündə internet infrastrukturunun inkişafı, əlçatanlığın təmin edilməsi və əsassız məhdudiyyətlərin aradan qaldırılması kimi dövlətin müsbət öhdəliklərini də ehtiva edir. Müasir hüquq doktrinasında internetə çıxış hüququ informasiya cəmiyyətində əsas hüquqların həyata keçirilməsinin mühüm vasitəsi hesab olunur. Bu hüquq xüsusilə fikir və ifadə azadlığı, məlumat əldə etmək hüququ və ictimai həyatda iştirak hüququ ilə sıx bağlıdır. İnternet müasir dövrdə məlumat mübadiləsi, ictimai iştirak və demokratik proseslər üçün əsas platformalardan biri olduğuna görə beynəlxalq təşkilatlar onun əlçatanlığını insan hüquqlarının təminatı üçün vacib şərt kimi qiymətləndirirlər.

Beynəlxalq hüquqda internetə çıxış hüququ çox vaxt "törəmə hüquq" (derivative right) kimi xarakterizə olunur. Yəni, bu hüquq birbaşa olaraq Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsindən (İfadə azadlığı) qaynaqlanır. 2012-ci ildə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilmiş qətnaməyə əsasən, insanların oflayn rejimdə sahib olduqları hüquqlar onlayn rejimdə də qorunmalıdır. Elmi baxımdan bu, internetin sadəcə texnoloji bir alət deyil, fundamental azadlıqların reallaşması üçün "zəruri infrastruktur" olması deməkdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) presedent hüququnda da (Ahmet Yıldırım Türkiyəyə qarşı) internet informasiya  əldə etmək və yaymaq üçün misilsiz bir vasitə kimi tanınır. Məhkəmə hesab edir ki, internetə çıxışın əsassız məhdudlaşdırılması “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”  Avropa Konvensiyasının 10-cu maddəsinin pozulmasıdır.

Azərbaycanda bu hüquq ayrıca termin kimi birbaşa qeyd olunmasa da, bir neçə normativ akt vasitəsilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (Fikir və söz azadlığı) və 50-ci maddəsi (Məlumat azadlığı) internet vasitəsilə informasiya əldə etmək və yaymaq hüququnun hüquqi əsasını təşkil edir. İnternet bu azadlığın əsas həyata keçirilmə platformasıdır. Həmçinin, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında” AR qanunları dövlət orqanlarının və digər informasiya sahiblərinin ictimai əhəmiyyətli məlumatlara çıxışı təmin etməsini tənzimləyir. “Telekommunikasiya haqqında” AR Qanunu isə telekommunikasiya xidmətlərinin, o cümlədən internet xidmətlərinin göstərilməsinin hüquqi əsaslarını müəyyən edir.

İnternetə çıxış hüququ həyata keçirilərkən digər şəxslərin hüquq və azadlıqlarının pozulmasına yol verilməməli, şəxslərin şərəf və ləyaqətinin təhqir edilməsi, əxlaq normalarının pozulması, habelə şəxsi məlumatların qanunsuz şəkildə yayılması kimi hallar baş verməməlidir.