E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Konstitusiya

Konstitusiya – (lat. Contitutio – quruluş, təsisat) dövlətin əsas qanunudur.

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya ölkənin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təşkil edir. 

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir. Konstitusiyada insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının başlıca vəzifəsi (borcu) kimi müəyyən edilir. 

Konstitusiyanın müddəalarından görünür ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.

 Azərbaycan Respublikası Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslində insan və vətəndaşların hüquq və azadlıqları öz təsbitini tapmışdır: mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, mənzil toxunulmazlığı hüququ,  sağlam ətraf mühitdə yaşamaq hüququ, təhsil hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ, seçki hüququ, hüquqi yardım almaq hüququ, sağlamlığın qorunması hüququ və s.

Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

Köləlik

“Köləlik” dedikdə, şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə başa düşülür.

Kölə ticarəti isə şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və ya dəyişdirmək məqsədilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi azadlığa qəsd edən əməldir.

Köləlik cinayətinin ictimai təhlükəliliyi beynəlxalq hüququn prinsipi kimi insan hüquq və azadlıqlarının tanınmasını və təmin edilməsini nəzərdə tutan beynəlxalq hüquq normalarının pozulmasında, həmin bəşəri dəyərlərin təhlükə altına alınmasında ifadə olunur. Bu cinayətin əsas obyektini dövlətlər arasında insan hüquq və azadlıqlarına hörmət və onların təmin edilməsinə yönələn beynəlxalq münasibətlər sistemi başa düşülür. Əlavə obyekt qismində şəxsiyyətin azadlığı, şərəf və ləyaqəti çıxış edir. Köləlik cinayətinin obyektiv cəhəti şəxsin üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmədə ifadə olunan hərəkətlərlə səciyyələnir. 

Şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri həyata keçirmə dedikdə, həmin şəxsə sahiblik, ondan istifadə və onun barəsində sərancam vermə hüququnun həyata keçirilməsi başa düşülür.

Şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə dedikdə, həmin şəxsə sahiblik, ondan istifadə və onun barəsində sərancam vermə hüquqlarının hamısının, yaxud bəzisinin (məsələn, şəxsə sahiblik, onun əməyindən istifadə etmə) həyata keçirilməsi başa düşülür. Köləlik cinayəti formal tərkiblidir və subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Köləlik cinayəti düşmənçilik və nifrət hissini, tamahı, öz üstünlüyünü nümayiş etdirmək hissini ehtiva edir. Bu cinayətin subyekti 16 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxs (vəzifəli və vəzifəsi olmayan) ola bilər.

Köləliyə yönəltmə dedikdə, şəxsin üzərində istifadə və sərancam hüquqlarını həyata keçirmədən onu kölə etmək üçün şərait yaratma başa düşülür. Kölə kimi istifadə etmək qul kimi ondan, onun əməyindən faydalanmaqda ifadə olunur.

Satma dedikdə, şəxsin başqasının daimi sahibliyinə əvəzi ödənilməklə verilməsi başa düşülür.

Dəyişdirmə şəxsi hər hansı əşya və kölə ilə dəyişdirmə hərəkətlərində ifadə olunur.

Saxlama şəxsi tutmaqla, hər hansı üsulla əldə etməklə onun azadlığını məhdudlaşdırmada ifadə olunur.

Şəxs barəsində sərancam vermə dedikdə, təqsirkarın zərərçəkmiş şəxs üzərində hər hansı hərəkəti (əqdi) həyata keçirməsi (məsələn, bağışlama) başa düşülür.

Köləlik əsasında cinsi azadlığa qəsd edən əməl köləlikdə olan qadını zorlamada, fahişəliyə məcbur etmədə, onun barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmədə, əxlaqsızlıq etmədə və s. ifadə olunur.

Kölə ticarəti isə şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və ya dəyişdirmək məqsədilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi azadlığa qəsd edən əməl formal tərkiblidir və subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və bu cinayətin subyaekti 16 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxs ola bilər.

Köləlik və kölə cinayəti AR CM-in “Sülh və insanlıq əleyhinə cinayətlər” fəslinin 106-cı maddəsində nəzərdə tutulmuşdur.

Köləlik və kölə cinayəti Sülh və insanlıq əleyhinə cinayətlərə aid olduğundan həmin cinayət əməlini nəzərdə tutan cinayət qanunu retroaktiv qüvvəyə malikdir.

10 dekabr 1948-ci il tarixli İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 4-cü maddəsində deyilir: heç kim köləlikdə və ya qul vəziyyətində saxlanıla bilməz, köləlik və kölə ticarətinin bütün növləri qadağan edilir.

“Köləlik haqqında Konvensiyaya qoşulmaq barədə” AR Milli Məclisi 31 may 1996-cı il tarixli № 99-IQ Qanun qəbul etmişdir.  Köləlik haqqında Konvensiya 25 sentyabr 1926- cı il tarixdə Cenevrədə imzalanmışdır.

Köləlik haqqında Konvensiyanın 1-ci maddəsində deyilir: köləlik, şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə ilə bağlı onun statusu və vəziyyətidir.

“Köləliyin, qul ticarətinin və köləliyə oxşar institutların və adətlərin ləğv olunması haqqında” Əlavə Konvensiyaya qoşulmaq barədə AR Milli Məclisi 31 may 1996-cı il tarixli № 101-IQ Qanun qəbul etmişdir.

Köləliyin, qul ticarətinin və köləliyə oxşar institutların və adətlərin ləğv olunması haqqında Əlavə Konvensiya 7 sentyabr 1956-cı il  tarixdə qəbul edilmişdir.

Bu Konvensiyanın 7-ci maddəsində deyilir: “köləlik” 1926-cı il Köləlik Konvensiyasında müəyyən edildiyi kimi, şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə ilə bağlı onun statusu və vəziyyətidir, “qul” isə belə statusda və vəziyyətdə olan şəxsin özüdür.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Roma, 4.XI.1950) 4-cü maddəsinin (Köləliyin və məcburi əməyin qadağan olunması) 1-ci bəndində deyilir: heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.

Kollektiv hüquqlar

Kollektiv hüquqlar insan hüquqlarının üçüncü nəsli hesab edilir. Yeni nəsil hüquqlar hesab edilən kollektiv hüquqların formalaşmasının əsas şərti  “həmrəylik prinsipi”nin mövcud olmasıdır. Həmrəyliyə əsaslanan kollektiv hüquqlar İnsan hüquqları üzrə Beynəlxalq İnstitutun Baş Katibi Karl Vasak (1929-2015) tərəfindən elmi konsepsiya olaraq irəli sürülmüşdür. 20-ci əsrin 60-70-ci illərində  meydana gəlmiş “Həmrəylik (Solidarity)” üçüncü nəsil insan hüquqları  “qrup və kollektiv hüquqları”nı (qrup şəklində müraciət etmək hüququ)  özündə ehtiva edir. Kollektiv hüquqlar maraqların ümumi və birliklər vasitəsilə həyata keçirilə bilmək qabiliyyəti ilə xarakterizə olunur. Kollektiv hüquqlar əhatə dairəsinə görə sosial sferada önəmli hüquqlardan hesab olunur, ictimai münasibətlərin  digər sahələrində də yer almaqla bərabər əmlak, qeyri-əmlak  münasibətlərinin iştirakçısıdır. Kollektiv hüquqlar xalqların öz müqəddəratını təyin etmək hüququ, etnik, dini və ya dil azlıqlarının mədəniyyətlərini qorumaq hüququ, müraciət etmək hüquqları və qanunvericilik təşəbbüsündə təmsil olunmaq hüquqlarında konstitusion hüquqlar olaraq İfadə olunur. O cümlədən əmək münasibətlərində də kollektivin hüquqlarının ifadə forması  “kollektiv müqavilə”, “kollektiv saziş”lərdə realizə edilir. Kollektiv hüquqlar xüsusi mülkiyyət üzərində mülkiyyət hüququnun (məsələn: paylı mülkiyyət, səhmdar hüququ və s.) tanınması ilə bərabər eyni zamanda yerli özünüidarə orqanlarında idarəetmə subyektinə çevrilmək hüququnu da ifadə edir.

Kollektiv hüquqların xüsusiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 36.3, 57.1, 58.1, 96-cı maddələrində təsbit edilir. Eyni zamanda  kollektiv hüquqlar çoxsaylı beynəlxalq müqavilələrdə: “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktda (ICESCR, 1966), “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda (1966), BMT-nin “Millətlərarası və ya etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları barədə” Bəyannaməsində (1992),  BMT-nin “Yerli xalqların hüquqları haqqında” Bəyannaməsində  (2007) və “İnsan və xalqların hüquqları haqqında” Afrika Konvensiyasında (Banjul Konvensiyası, 1981/1986)   əks olunmuşdur.

 

 

Kibertəhlükəsizlik

“Kibertəhlükəsizlik” (ing. cybersecurity) – informasiya və kommunikasiya texnologiyaları mühitində məlumatların, sistemlərin, şəbəkələrin və istifadəçilərin müxtəlif təhdidlərdən qorunmasını təmin edən hüquqi, texniki və təşkilati tədbirlərin məcmusu. Bu anlayış həm dövlət, həm özəl sektor, həm də fərdi istifadəçilər səviyyəsində tətbiq olunur və əsas məqsədi məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının təmin edilməsidir.

Azərbaycan qanunvericiliyində bu anlayış əsasən “informasiya təhlükəsizliyi” və “kritik informasiya infrastrukturunun təhlükəsizliyi” kimi kateqoriyalar vasitəsilə tənzimlənir və müvafiq olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun, Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi Qaydaları və digər normativ aktlarda öz əksini tapır. Təhlükəsizlik riski – təhlükəsizliyi təmin olunan obyektə mümkün təhdidlərin baş verməsinin, bu zaman həmin obyektdəki zəifliklərdən, boşluqlardan və digər uyğunsuzluqlardan istifadə edilməsinin və baş verə biləcək fəsadların birgə ehtimalı deməkdir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi həmin infrastrukturun təhlükəsizliyinə dair tələblərin müəyyən edilməsi, bu tələblərə uyğunluğun qiymətləndirilməsi, aşkar olunan uyğunsuzluqların aradan qaldırılması və həmin tələblərə müvafiq olan informasiya təhlükəsizliyini idarəetmə sisteminin tətbiq edilməsi, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına nəzarətin həyata keçirilməsi yolu ilə təmin edilir.

Kibertəhlükəsizlik çərçivəsində həyata keçirilən tədbirlərə zərərli proqram təminatının (məsələn, viruslar, trojanlar və s.) qarşısının alınması, icazəsiz girişlərin məhdudlaşdırılması, məlumat sızmalarının qarşısının alınması, eləcə də kritik infrastrukturun qorunması daxildir. Bununla yanaşı, kibertəhlükəsizlik yalnız texniki müdafiə vasitələri ilə məhdudlaşmır; o, həm də hüquqi tənzimləməni, beynəlxalq əməkdaşlığı və istifadəçilərin maarifləndirilməsini əhatə edir.

Müasir dövrdə rəqəmsallaşmanın sürətlənməsi kibertəhlükəsizliyin əhəmiyyətini daha da artırmışdır. Xüsusilə dövlət təhlükəsizliyi, iqtisadi sabitlik və insan hüquqlarının qorunması baxımından kibertəhlükəsizlik strateji prioritet hesab olunur.

Beynəlxalq hüquqda “kibertəhlükəsizlik” anlayışı çox vaxt birbaşa tərif edilməsə də, onun məzmunu kibercinayətkarlıqla mübarizə və informasiya sistemlərinin qorunması üzrə normalar vasitəsilə müəyyən edilir. Bu baxımdan, Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyası (Budapeşt Konvensiyası, 2001) dövlətlər üçün kiberməkanda hüquqpozmaların kriminallaşdırılmasını, elektron sübutların toplanmasını və beynəlxalq əməkdaşlıq mexanizmlərini müəyyən edən əsas sənəd hesab olunur.

Bundan əlavə, BMT-nin “Kibercinayətkarlıq haqqında Konvensiyası” (UNODC çərçivəsində) kiberməkanda cinayətlərin qarşısının alınması, elektron sübutların toplanması və dövlətlərarası əməkdaşlıq üzrə ümumi çərçivə müəyyən edir və bu sahədə qlobal hüquqi mexanizmlərin formalaşdırılmasına xidmət edir.