E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Şəxsi toxunulmazlıq hüququ

Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.Bu hüququn məqsədi fərdlərin şəxsi və ailə həyatını dövlət orqanlarının qanunsuz müdaxiləsindən qorumaqdır.

Azərbaycan Respublikası Konstitusiyasına görə hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.  İnsan hüquqları üzrə Avropa məhkəməsinin formalaşdırdığı presedentə əsasən şəxsi həyat anlayışına şəxsin fiziki və mənəvi toxunulmazlığını, şəxsin fiziki və sosial kimliyinin aspektlərini, şəxsin foto və videolarına hüququnu, şəxsin reputasiyasını (nüfuzunu), genetik mənada valideyn olub-olmamaq seçiminə hörmət olunması hüququnu, ictimai yerdə şəxsin dayandırılıb axtarılmasından müdafiə hüququ və s. şamil etmək olar.

Ailə həyatının dairəsinə isə nikaha əsaslanan münasibətlər ilə yanaşı faktiki ailə həyatını təşkil edən münasibətlər, o cümlədən, nikahdankənar doğulmuş övladlarla, bacı-qardaşla, nəvələrlə nənə-baba arasında olan münasibətlər daxildir.

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Burada şəxsi və ailə həyatının sirri olan məlumatlar dedikdə insanın ictimai və ya xidməti fəaliyyəti ilə əlaqədar olmayan elə məlumatlar başa düşülür ki, şəxs, şərəf və ləyaqəti alçaldan və ya ləkələyən olub-olmamasından asılı olmayaraq onların kənar şəxslərə məlum olmasını istəmir.

Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması cinayət məsuliyətinə səbəb olur.

Şəxsi toxunulmazlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi , Cinayət Məcəlləsinin 156-cı maddəsi, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi və ilə qorunur.

Şəxsi həyata hörmət hüququ

Şəxsi həyata hörmət hüququ ən əhəmiyyətli hüquqlardan hesab edilir və hər kəsin şəxsi toxunulmazlıq hüququ olaraq başa düşülür. Şəxsi həyata hörmət hüququ: 1. şəxsin fiziki, psixoloji və ya mənəvi toxunulmazlığı; 2. şəxsi həyatın gizli qalmalı olan aspektləri; 3. şəxsin identikliyi kimi üç kateqoriyada özünü təzahür etdirir.

Şəxsi həyata hörmət hüququnun tərkib elementi olan şəxsin fiziki və mənəvi toxunulmazlığı şəxsə qarşı fiziki zorakılıq və mənəvi-psixoloji təzyiq hallarının yolverilməzliyini əhatə etməklə dövlətlərin vətəndaşlar qarşısında öhdəliyi kimi meydana çıxır.

Hər kəsin şəxsi həyatının sirrini saxlamaq hüququ şəxsi həyatın gizli qalmalı olan aspektlərini ehtiva edir. Şəxsin nüfuzunun qorunması şəxsi həyata hörmət hüququnun tərkib hissəsi olaraq qorunur.

Şəxsin adı, soyadı, valideyinlərinin kimliyi və şəxsin öz mənşəyini öyrənmək, fərdi məlumatlara sahib olmaq və şəxsiyyət sənədlərinə malik olmaq hüququ şəxsi identikliyin tərkib hissəsi hesab olunur.

Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması böyük ictimai təhlükə törətməyən cinayət əməli hesab olunur.

Şəxsi həyata hörmət hüququ: Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının (1950-ci il) 8-ci maddəsində, “Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (1966-cı il) 17-ci maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsində, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmişdir.

Şərəf və ləyaqətin müdafiəsi hüququ

Şərəf - insanın ictimai və şəxsi davranışı ilə malik olduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu, fərdi mənəvi və etik keyfiyyətlərinin qiymətləndirilməsidir.

Ləyaqət - insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin, bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Mənəvi kateqoriya kimi şəxsin öz-özünə hörmətidir.

Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

 Hər kəs şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilər. Maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra yol verilir. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər.

Şərəf və ləyaqətini ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Şərəf və ləyaqətin müdafiəsi hüququ, həmçinin onu nəzərdə tutur ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

İşgəncə - dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki, xəbərdar olması, yaxud göz yumması ilə hər hansı bir şəxsə ondan və ya başqa şəxsdən məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü, fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlərdir.

Pis rəftarların işgəncə hesab olunması üçün ağrı və iztirab yetirən əməlin minimum kəskinlik dərəcəsinə çatması tələb olunur. Bu kəskinlik dərəcəsi nisbidir və əməlin davam etmə müddəti, ona məruz qalan şəxsin yaşı, cinsi, sağlamlıq vəziyyəti, həmçinin əməlin məqsədi, motivi, niyyəti, tətbiq edildiyi şəraitdən asılı olaraq müəyyən edilir.

Qeyri-insani rəftar (cəza) – işgəncə səviyyəsinə çatmayan, qəsdən, bir neçə saat ərzində davam edən, fiziki bədən xəsarətləri yetirilməsi, yaxud güclü fiziki, psixi və mənəvi iztirab kimi əməllərdə təzahür edə bilər.

Ləyaqəti alçaldan rəftar (cəza) - insan ləyaqətini aşağı salan, ona hörmətsizliyi nümayiş etdirən, qurbanı qorxu, narahatlıq və natamamlıq hissi keçirməyə məcbur edən, onun fiziki və psixoloji müqavimətini qırmağa qadir olan rəftardır.

Şərəf və ləyaqətin müdafiəsi hüququ şəxsin özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməməsini də əhatə edir.

İşgəncələrin qadağan olunması İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 7 və 10-cu maddələrində, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsində, “İşgəncələrin və digər qəddar, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan davranış və cəzanın qadağan olunması haqqında” BMT Konvensiyasında öz əksini tapmışdır. 

Şəxsi səsvermə prinsipi

Şəxsi səsvermə prinsipi (lat. principium voti personalis) – seçki hüququnun fundamental prinsiplərindən biri olub, seçicinin seçki hüququnu yalnız şəxsən və bilavasitə həyata keçirməsini nəzərdə tutur. Bu prinsip seçki hüququnun həyata keçirilməsində fərdi iradə azadlığını və hüquqi məsuliyyəti təmin edən əsas konstitusion mexanizmdir.

Şəxsi səsvermə prinsipinə görə, seçici səsvermə prosesində başqa şəxsin vasitəçiliyindən istifadə edə bilməz və öz iradəsini müstəqil şəkildə ifadə etməlidir. Şəxsi səsvermə prinsipi seçki hüququnun subyektiv xarakteri ilə sıx bağlıdır.

Bu prinsip bir seçicinin yalnız bir dəfə səs verməsini təmin edir (təkrar səsvermə qadağandır), başqasının səsverməsi isə qanun pozuntusu hesab olunur, seçicinin şəxsiyyətinin müəyyən edilməsi məcburidir və seçki bülleteninin doldurulması seçici tərəfindən əsasən müstəqil şəkildə həyata keçirilməlidir. Funksional  baxımdan, bu prinsip seçki saxtakarlığının qarşısını alır, seçici iradəsinin autentikliyini təmin edir və demokratik legitimliyin möhkəmlənməsinə xidmət edir.

Şəxsi səsvermə prinsipinin normativ hüquqi əsası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub. Belə ki, Konstitusiyanın 2-ci maddəsinə görə, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Bu prinsipin beynəlxalq hüquqi əsası “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda təsbit edilmişdir. Paktın 25-ci maddəsinin tələblərinə əsasən, şəxsi səsvermə prinsipi seçki hüququnun ayrılmaz elementlərindən biri hesab olunur.