Hər bir insanın vətəndaşlıq almaq hüququ var. Heç kəs əsassız olaraq vətəndaşlığından məhrum edilə bilməz. Vətəndaşlıq insana ozünüidentifikasiya hissi yaradır, həmçinin insanların dövlət tərəfindən müdafiəsini, habelə bir çox mülki və siyasi hüquqlarını təmin edir.
Vətəndaşlıq elə bir hüquqi bağlılıqdır ki, onun əsasını doğulma, yaşama və ya mənşə amilindən irəli gələn sosial bağlılıq faktı, eləcə də hüquq və vəzifələrin mövcudluğu təşkil edir. Adətən şəxs doğulduğu dövlətin (jus soli) və ya doğulduğu vaxt valideynlərinin vətəndaşı olduqları dövlətin (jus sanguinis) vətəndaşlığını əldə edir.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya onun vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmçinin, Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiya vətəndaşlıq hüququna təminat verir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz, heç bir halda ölkədən qovula və ya xarici dövlətə verilə bilməz. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq hamı üçün bərabər hüquqi nəticələr doğurur.
Vətəndaşlıq hüququ Konstitusiyanın 52 və 53-cü maddələrində, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunda, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində təsbit olunub.
Beynəlxalq hüquqda vətəndaşlıq məsələlərinə aid müddəalar “Qaçqınların statusuna dair” 1951-ci il Konvensiyası, “Vətəndaşlığı olmayan şəxslərin statusuna dair” 1954-cü il Konvensiyası, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il tarixli Konvensiyası , “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsinə dair” 1965-ci il Konvensiyasının 5-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24 və 26-cı maddələrində, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” 1979-cu il Konvensiyasının 9-cu maddəsində, “Uşaq hüquqlarına dair” 1989-cu il Konvensiyasının 2-ci maddəsində və sair aktlarda əksini tapmışdır.