E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Bərabərlik hüququ

Bərabərlik hüququ hamının qanun və məhkəmə qarşısında bərabərliyini ehtiva edir. Qanun heç bir fərq qoymadan hamını müdafiə edir, hamı üçün bərabər hüquq və vəzifələr yaradır.

Qanun və məhkəmə qarşısında bərabərlik təkcə, qanunun və onun tətbiqinin hamı üçün bərabər olması kimi deyil, həm də məhkəməyə müraciət etmək imkanının bərabərliyi kimi başa düşülməlidir.

Məhkəmə qarşısında bərabərlik hər bir şəxsə məhkəmədə özünü müdafiə etmək və dəlillərini təqdim etmək üçün bərabər imkanların, tərəflərin bərabər əsaslarla çəkişməsi üçün şəraitin yaradılmasını nəzərdə tutur.

Bərabərlik anlayışı qanunun cəmiyyətin hər bir üzvünə onun şəsxi keyfiyyətlərindən asılı olmayaraq, düzgün, ardıcıl tətbiq edilməsini, hüquqi imkanların bərabərliyini ehtiva edir.

Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azaqlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi, və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Bərabərlik hüququ Azərbaycan Respublikasının Konstitutsiyasının 25-ci maddəsi ilə yanaşı, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 3 və 26-cı, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6, 14-cü maddələri, 12 saylı Protokolun 1-ci maddəsi və digər sənədlərdə öz əksini tapır.

Birləşmək hüququ

Kollektiv şəkildə həyata keçirilə bilən hüquqlardan biri də birləşmək hüququdur. Birləşmək hüququ birgə fəaliyyətin zəruriliyindən irəli gəlir. Birləşmək hüququ könüllü olaraq həyata keçirilir. Hər hansı şəxsə fiziki və ya psixi təsir göstərməklə onu hər hansı qrupda birləşməyə məcbur etmə hüquqi məsuliyyət yaradır. Birləşmək hüququ şəxslərin azad seçimləri altında olmaqla onların siyasi partiyalar, ictimai birliklər və həmkarlar ittifaqı yaratması və ya qanunamüvafiq mövcud olan oxşar təşkilatlara daxil olması formalarında realizə edilə bilər.

Konstitusiyada ictimai birliklər dedikdə, sosial-ictimai, mədəni-maarif və elmi təşkilatlar nəzərdə tutulur. Qeyri-hökumət təşkilatları siyasətdə iştirak etməsələr də, sosial məsələlərlə əlaqədar olaraq onların sosial bazasından istifadə edilir. İctimai birliklər xüsusi hüquq qabiliyyəti əsasında fəaliyyət göstərməklə, sərbəstdir, müstəqildir, lakin yalnız təsis sənədlərində nəzərdə tutulmuş fəaliyyətlərlə və qanunvericiliklə müəyyən olunmuş qaydada məşğul ola bilərlər.

Həm vətəndaşlar, həm də əcnəbilər birləşmək hüququna malikdir. Lakin əcnəbilər siyasi partiya yaradaraq siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Adıçəkilən hüquq aktiv formada partiyalarda və həmkarlar ittifaqlarında təzahür etdiyindən, konstitusiyada əsas onların adı təsbit edilir. Hər bir partiyanın öz siyasi kursu olur.

Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Qanunvericilikdə birbaşa göstərilir ki, qanuni dövlət hakimiyyətini devirmək məqsədi güdən birliklərin yaradılması qadağandır. Bu cür fəaliyyət hüquqi məsuliyyət yaradır. Hər hansı ictimai birliyin fəaliyyətinə ancaq məhkəmə qaydasında xitam verilə bilər. 

Borca görə azadlıqdan məhrum etmənin qadağan edilməsi

Borca görə azadlıqdan məhrum etmənin qadağan edilməsi – universal hüquq prinsipi kimi fiziki şəxslər tərəfindən öz maliyyə öhdəliklərini borcverən (tələbkar) qarşısında yerinə yetirməməsi və ya borclarını borcverənə (tələbkara) qaytarmaması nəticəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məruz qalmasını qadağan edən anlayış kimi başa düşülməlidir.

Bu prinsip, haqq və ədalət, habelə insan hüquqları prinsipləri ilə bir araya sığmayan və onlarla qeyri-mütənasib olan hallarda da borclular barəsində cəza tədbiri kimi azadlıqdan məhrum etmə cəzasından sui-istifadə edilməməli olduğunu açıq bəyan edir.

Beləliklə, bir sıra hüquq sistemləri dələduzluq, qərəzli olaraq borcun qaytarılmaması və ya digər cinayət əməlləri ilə bağlı hallara görə cinayət cəzalarını saxlamaqla, borcun restrukturizasiyası, yenidən (təkrar) ödəniş planları və ya digər danışıqlar yolu ilə həlli üçün adətən mülki mexanizmlərə (alternativ imkanlara) təminat verir.

Bu anlayış qeyd edilən prinsipin mahiyyətini əks etdirir və maliyyə çətinlikləri ilə üzləşən şəxslər üçün fundamental insan hüquqlarının müdafiəsində və ədalətli hüquqi rəftarın (davranışın) təşviqində onun əhəmiyyətini vurğulayır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsinə müvafiq olaraq “Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”.

Həmçinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 11-ci , Amerika insan hüquqları konvensiyasının 7-ci maddəsi də bu hüququ əks etdirir. Bu prinsip səlahiyyətli məhkəmə orqanının təminat vəzifələrini yerinə yetirməməsinə görə verdiyi əmrləri məhdudlaşdırmır.

Beynəlxalq humanitar hüquq

Beynəlxalq humanitar hüquq dedikdə beynəlxalq silahlı münaqişələr zamanı beynəlxalq hüququn subyektləri arasında yaranmış münaqişənin zərər vurduğu və ya zərər vura biləcəyi adamların və əmlakın mühafizəsi müharibənin aparılmasının metod və vasitələrinin məhdudlaş-dırılması sahəsindəki münasibətləri tənzimləyən, həmçinin norma və prinsiplərin pozulmasına görə məsuliyyəti müəyyənləşdirən beynəlxalq adət və müqavilələrdə ifadə olunmuş beynəlxalq hüquq normalarının məcmusu başa düşülür.

Bu hüququn əsas tətbiq sahəsi həm beynəlxalq, həm də qeyri-beynəlxalq (daxili) xarakterli silahlı münaqişələrdir. Beynəlxalq humanitar hüququn prinsiplərinin pozulması halında müvafiq məsuliyyət mexanizmləri, o cümlədən fərdi və dövlət məsu¬liyyəti formaları  tətbiq olunur.

Termin olaraq “beynəlxalq humanitar hüquq” ifadəsi ilk dəfə görkəmli hüquq¬şünas Jan Pikte tərəfindən dövriyyəyə gətirilmişdir və daha əvvəl “müharibə hüququ”, “müharibə qanun və adətləri”, “silahlı münaqişə hüququ” kimi ifadələrlə ta¬nınırdı. Bu hüquq sahəsi təkcə hüquqi normativlərin cəmi deyil, eyni zamanda insan ləyaqətinin silahlı münaqişə şəraitində belə qorunmasını təmin edən universal dəyərlər sistemidir.

Beynəlxalq humanitar hüququ tənzimləyən əsas beynəlxalq sənədlər sırasında Cenevrə Konvensiyaları və onlara  Əlavə Protokolları, həmçinin Haaqa Konvensiyaları, Roma statutu xüsusi yer tutur.

I Cenevrə Konvensiyası (“Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”), II Cenevrə Konvensiyası  ( “Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında”), III Cenevrə Konvensiyası (“Hərbi əsirlərlə rəftar haqqında”), IV Cenevrə Konvensiyası  (“Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında”)  və onlara əlavə edilmiş Protokollar (1 saylı Əlavə  “Beynəlxalq silahlı münaqişələr” zamanı, 2 saylı  Əlavə  “Qeyri-beynəlxalq silahlı münaqişələr” zamanı tətbiq edilir, 3 saylı Əlavə Protokol isə “Qızıl Kristal embleminin qəbulunu” qaydalarını təznimləyir) humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

Haaqa Konvensiyaları isə müharibə aparma qaydaları, neytral dövlətlərin hüquqi statusu, silahların istifadəsinə məhdudiyyətlər və mülki obyektlərin qorunması kimi məsələləri əhatə edir.