Dolayı ayrı-seçkilik dedikdə fərdin və ya sosial qrupun birbaşa göstərilməyən, lakin nəticə etibarilə diskriminasiyaya səbəb olan meyarlar əsasında qeyri-bərabər rəftara məruz qalması başa düşülür. Belə ayrı-seçkilik çox zaman neytral görünən siyasət və ya qərarların müəyyən qrup üzvlərinə mənfi təsir göstərməsi formasında özünü büruzə verir. Məsələn, uşaq bağçasında allergen uşaqlar üçün xüsusi menyunun olmaması laktoz ve qlütenə allergiyası olan uşaqların dolayı şəkildə ayrı-seçkiliyə məruz qalmasına səbəb olur. Bundan başqa, vakansiya elanında müvafiq vəzifə üçün müəyyən il iş (staj) təcrübəsi tələbi gənc, lakin həmin sahə üzrə xüsusi biliyə sahib şəxsləri kənarda qoyur.
Azərbaycan Respublikasının qanunvericiliyində “dolayı ayrı-seçkilik” termini birbaşa ifadə olunmasa da, bərabərlik hüququ müxtəlif normativhüquqi aktlarda təsbit edilmiş və diskriminasiyanın bütün formaları, o cümlədən dolayı ayrı-seçkilik qadağan olunmuşdur. “Bərabərlik hüququ”nun ölkənin əsas hüquqi sənədi olan Azərbaycan Respublikası Konstitusiyasında, habelə Əmək Məcəlləsi, Cinayət Məcəlləsi, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq müddəalarında təsbit edilməsi həm birbaşa, həm də dolayı ayrı-seçkiliyin yolverilməzliyi prinsipini ehtiva edir.
BMT-nin "İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi", habelə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya, “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiya, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, BƏT-in “Məşğulluq və peşə sahəsində ayrı-seçkiliyin qarşısının alınması haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” Konvensiyalarının və Avropa İttifaqının 2000/43/EC saylı Direktivinin (irq və etnik mənşəyə əsaslanan bərabər rəftar prinsipi) müvafiq müddəaları ayrı-seçkiliyin (həm birbaşa, həm də dolayı ayrı-seçkilik) qadağan olunmasının beynəlxalq hüquqi əsaslarını təşkil edir.