E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Ekstradisiya

Ekstradisiya bir dövlətin ərazisində olan və digər dövlətin qanunlarını pozduğu iddia edilən şəxsin, həmin dövlətin hüquqi tələbi əsasında cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkum edilməsi məqsədilə təhvil verilməsidir. Ekstradisiya prosesi cinayət törətmiş şəxslərin cəzasız qalmasının qarşısını almaq, beynəlxalq hüquq və əməkdaşlıq prinsiplərini təmin etmək məqsədini daşıyır.

Azərbaycan Respublikasında ekstradisiya proseduru Cinayət-Prosessual Məcəllənin müvafiq müddəaları, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanun, həmçinin Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq konvensiyalar, o cümlədən BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Konvensiyası (Palermo Konvensiyası) və Ekstradisiya haqqında Avropa Konvensiyası ilə tənzimlənir.

Ekstradisiyanın həyata keçirilməsi üçün tələb edilən şəxs tərəfindən törədilmiş əməl həm tələb edən, həm də tələbi yerinə yetirən dövlətin qanunvericiliyinə görə cinayət sayılmalı və həmin cinayətin törədilməsinə görə azı bir il azadlıqdan məhrumetmə cəzası, yaxud daha ağır cəza növü nəzərdə tutulmalıdır.

Şəxsin verilməsinə əsas olan cinayətə görə sorğu edən xarici dövlətin qanunvericiliyi ilə dəyişdirilməz ömürlük azadlıqdan məhrumetmə və ya ölüm cəzası nəzərdə tutulduqda, verilməsi nəticəsində sorğu edilən şəxsin sorğu edən dövlətdə işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yaxud cəzaya məruz qalacağını güman etməyə kifayət qədər əsaslar olduqda, verilməsi nəticəsində sorğu edilən şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqibə məruz qalacağını və ya ədalətli məhkəməyə olan hüququnun kobud surətdə pozulmasını güman etməyə kifayət qədər əsaslar olduqda və qanunvericiliklə müəyyən olunmuş digər hallarda şəxsin verilməsindən imtina edilə bilər.

Ekstradisiya haqqında Avropa Konvensiyasına görə siyasi və adi cinayət hüququna uyğun olaraq cinayət sayılmayan hərbi cinayətlərlə bağlı ekstradisiya həyata keçirilmir.

Emansipasiya

Emansipasiya (lat. emancipatio-asılılıqdan azad olunma) — azadlıq, məhdudiyyətin olmaması, hüquqlarda bərabərləşdirilmə deməkdir[1]. Hüquqi termin olaraq emansipasiya- yetkinlik yaşına çatmayan (adətən 16 yaşlı) şəxsin yetkin şəxsə aid fəaliyyət qabiliyyətinin (yəni, öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etməsi) əldə etməsi prosesidir. Emansipasiya həmin şəxsə valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan müqavilə bağlamaq, əmlakını idarə etmək və digər qanuni qərarlar qəbul etmək kimi hüquq və vəzifələri müstəqil həyata keçirməyə imkan verir.

Əksər hüquq sistemlərində emansipasiya aşağıdakı hallarda və qaydada həyata keçirilir:

Məhkəmə qərarı ilə: yetkinlik yaşına çatmayan şəxs öz işlərini idarə etmək iqtidarında olduğunu sübut edə bilsə, emansipasiya əldə etmək üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə yetkinlik səviyyəsi, maliyyə müstəqilliyi və valideynlərdən müstəqil hərəkət etmək qabiliyyətini təsdiqləyən digər hallar kimi amilləri nəzərə alır.

Yetkinlik yaşına çatmayanların hüquqlarına nəzarəti həyata keçirən orqanların qərarı ilə: yetkinlik yaşına çatmayan şəxsin valideynləri və ya digər qanuni qəyyumların razılığı əsasında verilən dövlət qərarıdır.

Birbaşa (avtomatik) emansipasiya: bəzi ölkələrdə (məsələn, Azərbaycanda, Fransada, Rusiyada) yetkinlik yaşına çatmadan nikaha daxil olduqda şəxs avtomatik olaraq tam fəaliyyət qabiliyyətini qazanır.

Azərbaycanda emansipasiya prosesi (şərtlər, əldə etmə və sair məsələlər) AR Mülki Məcəlləsinin 28-ci maddəsi ilə tənzimlənir.

1. Emansipasiya edilmək üçün şəxs qeyd olunan şərtlərə cavab verməlidir:

16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi əsasında işləməli;

Valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmalı;

On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış şəxs nikaha daxil olduqda.

2. Emansipasiya prosesi

Emansipasiya aşağıdakı yollarla həyata keçirilir:

Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə;

Razılıq olmadığı təqdirdə məhkəmənin qərarı ilə;

On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan.

3. Emansipasiya edilmiş şəxsin hüquq və öhdəlikləri:

valideynlərin razılığı olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ;

məhkəmədə öz hüquqlarını və qanuni mənafelərini müstəqil müdafiə etmək hüququ;

daşınmaz əmlak üzərində müstəqil sərəncam vermək hüququ;

ona məxsus əmlakla öhdəlikləri üzrə məsuliyyət daşıması;

əmək qabiliyyəti olmayan, ehtiyaclı valideynlərin saxlanılması üçün aliment öhdəliyinin yaranması;

vurulmuş zərərdən irəli gələn öhdəliklərə görə məsuliyyət daşıması (valideynlər və ya qəyyumlar artıq yeniyetmənin öhdəliklərinə görə məsuliyyət daşımırlar).  

4. Emansipasiya edilmiş şəxsin hüquq və öhdəliklərində məhdudiyyətlər

Emansipasiya edilmiş şəxs qanunla müəyyən olunmuş yaş həddi ilə yaranan, aşağıda sadalanan vəzifələri daşımır və hüquqları əldə etmir:

seçki hüququnu;

nəqliyyat vasitələrini idarə etmək hüququnu (“A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ istisna olunmaqla);

alkoqollu içkiləri və tütün məmulatlarını əldə etmə hüququnu;

valideynlərdən aliment almaq hüququnu;

həmçinin, o hərbi xidmətə çağırıla bilməz.

5. Emansipasiyanın ləğvi

Şəxsin emansipasiya statusu yalnız məhkəmə qərarı ilə ləğv edilə bilər:

Müstəqil qazancından məhrum edildikdə (əmək müqaviləsi ilə işləmədikdə və yaxud sahibkarlıq fəaliyyəti ilə artıq məşğul olmadıqda);

Nikah etibarsız hesab olunduqda (məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər).

Qeyd edilməlidir ki, nikah ləğv edildikdə şəxsin emansipasiya statusu saxlanılır.

6. Emansipasiya beynəlxalq tənzimləmədə

Emansipasiya praktikasının milli qanunvericilikdən asılı olaraq dəyişməsinə baxmayaraq, o, bir konsepesiya qismində beynəlxalq sənədlərdə də tənzimlənir. Uşaq hüquqları haqqında Konvensiya (1989) emansipasiya prosesini birbaşa təsvir etməsə də, o, yetkinlik yaşına çatmayanların öz qərarlarını vermək hüquqları ilə bağlı ola biləcək prinsipləri müəyyən edir. Dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər. Bu məqsədlə uşağın maraqlarına toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir (maddə 12).

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya yeniyetmələrin emansipasiya məsələlərini birbaşa tənzim etməsə də, bu prosesin həyata keçirilməsində əsas hüquq və azadlıqlarını müəyyən edir. Şəxsi və ailə həyatının hörmət edilməsi hüququ (maddə 8) uşağın valideynlərdən müstəqil olaraq hərəkət etməsini (emansipasiya üçün məhkəməyə müraciət etməsini) ehtiva edir.

 



 

Ekosid cinayəti

Ekosid cinayəti dedikdə (yunanca oikos – ev, vətən, latınca caedere – öldürmək, hərfi mənada – nəslin, tayfanın məhv edilməsi) bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllərin ekoloji fəlakətə səbəb olması və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükənin yaranması başa düşülür. Ekosid cinayət əməlinin ictimai təhlükəliliyi bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin törədilməsi, bu əməllərin ekoloji fəlakətə səbəb olması və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükənin yaranması ilə xarakterizə olunur.

Ekosid cinayətinin obyektini bitki və ya heyvanlar aləmi, atmosfer, torpaq, su ehtiyatları və sairlər, ayrı-ayrı insanların və ya bütövlükdə insanlığın (bəşəriyyətin) həyatı və sağlamlığı təşkil edir.

Ekosid cinayətinin obyektiv cəhəti bitki və ya heyvanlar aləmini kütləvi məhv etmə, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi ilə zərər vurma, digər hərəkətlərin qəsdən törədilməsi ilə ekologiyaya ziyan vurma, bu əməllərin ekoloji fəlakətə səbəb olması və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükənin yaranması ilə zərər vurma kimi hərəkətlərlə səciyyələnir.

Ekosid cinayəti maddi-formal tərkibli cinayətdir və belə nəticələrin baş verdiyi andan cinayət başa çatmış sayılır. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə səciyyələnir və həmin cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs (həm vəzifəli, həm də vəzifəli olmayan) ola bilər. Ekosid cinayəti AR CM-in “Sülh və insanlıq əleyinə cinayətlər” fəslinin 104-1-ci maddəsində nəzərdə tutulmuş  xüsusilə ağır cinayətdir. Ekosid cinayəti sülh və insanlıq əleyinə cinayətlərə aid olduğundun həmin cinayət əməlini nəzərdə tutan  cinayət qanunu retroaktiv qüvvəyə malikdir.

“Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” 2006-cı il 12 may tarixli  106-IIIKQ nömrəli AR Konstitusiya Qanununun  preambulasında deyilir: “Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədilə qəbul edilir”.

Ekosid cinayət tərkibinin əlamətləri 1991-ci il 25 fevral tarixli “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, 1992-ci il 17 mart tarixli “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında”  və 1976-cı il 10 dekabr tarixli “Ətraf mühitə təsir vasitələrindən hərbi və  ya başqa düşmən istifadəsinin qadağan edilməsi haqqında” BMT Konvensiyalarının müddəalarına əsaslanır.

“Ətraf mühitə təsir vasitələrindən hərbi və  ya başqa düşmən istifadəsinin qadağan edilməsi haqqında” BMT  Konvensiyasının müddəaları 8 iyun 1977-ci il tarixində qəbul edilmiş Cenevrə konvensiyalarına 1 saylı Əlavə Protokolda inkişaf etdirilmişdir. Bu Protokol beynəlxalq xarakterli silahlı münaqişələr zamanı tətbiq edilərək, ətraf mühitin qorunmasına aid iki müddəanı nəzərdə tutur. Birincisi, 35-ci maddənin 3-cu hissəsinə görə “Təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurulması məqsədini nəzərdə tutan müharibə üsulları və ya vasitələrindən istifadə etmək qadağan edilir”. İkinci müddəa Protokolun 55-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, “Döyüş əməliyyatları aparılarkən təbii mühitin genişmiqyaslı, uzunmüddətli və ciddi zərərlərdən müdafiəsinə diqqət yetirilir. Bu cür müdafiə təbii mühitə ziyan vurulması və bununla da əhalinin sağlamlığına və ya sağ qalmasına təhlükə yaradan müharibə üsulları və ya vasitələrinin istifadəsinin qadağan edilməsini əhatə edir”. Problemə hüquqi aspekdə nəzər saldıqda müəyyən olunur ki, de jure ekosid müharibə cinayəti kimi Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin 8(2)(b)(iv) maddəsində əksini tapıb və bu əməlin tərkibi konkret gözlənilən hərbi üstünlüklə mütanasib olmayan və ətraf mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurulmasına səbəb olan hücumları ehtiva edir.

 

Etimad hüququnun qorunması prinsipi

Etimad hüququnun qorunması prinsipi – fərdin dövlətin hüquqi aktlarına və fəaliyyətinə olan əsaslı etimadının qorunmasını təmin edən əsas prinsip­lərdən biri.

Bu prinsipin əsas məqsədi vətəndaşların dövlətin qəbul etdiyi hüquqi aktlara və tətbiq etdiyi qaydalara etibar edə bilməsini, eyni zamanda dövlətin həmin gözləntiləri nəzərə alaraq fərdlərin hüquqlarına və qanuni maraqlarına zərər vermədən hərəkət etməsini təmin etməkdir.

Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin ali məqsədi” adlı 12-ci, “Bərabərlik hüququ” adlı 25-ci, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlı 71-ci maddələri vətəndaşların etimad hüququnun sabit və etibarlı şəkildə qorunmasını təmin edir. Eləcə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi  etimad hüququnun qorun­masını inzibati icraatın ümumi prinsipi olaraq özündə əks etdirir.

Beynəlxalq hüquqda bu prinsip "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi ilə birbaşa əlaqələndirilir. Belə ki, həmin maddədə təsbit edilmiş “ədalətli məhkəmə araşdırması hüququ” insanların hüquqi sabitliyə və dövlət qərarlarına etimadını qorumağı tələb edir, bu baxımdan bu maddə etimad hüququnun qorunması prinsipi ilə əlaqələndirilir.

Etimad hüququnun qorunması prinsipi həmçinin hüquqi sabitliyin və hüquqi münasibətlərin proqnozlaşdırıla bilənliyinin təmin olunmasına xidmət edir və Avropa İttifaqı hüququnda “protection of legitimate expectations” kimi tanınır.