E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Nikah hüququ

Nikah hüququ milli qanunvericiliklə müəyyən edilən yaş həddinə (18 yaş) çatdıqda ailə qurmaq imkanının reallaşdırılmasına yönəlmiş hüquqdur. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə könüllü razılığı əsasında bağlanılır və müvafiq icra hakimiyyəti orqanında könüllü ittifaq kimi qeydiyyata alınır. Nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.

Dövlət ailənin ümumbəşəri prinsiplər, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi, ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması, uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsini dəstəkləməklə nikahı və ailəni himayə edir. Analıq, atalıq və uşaqlıq qanunla mühafizə edilir.

Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən yaranır. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

Nikahın bağlanmasına mane olan hallar qanunvericiliklə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsi) müəyyən edilir.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

Nikah hüququ bir sıra beynəlxalq sənədlərdə, o cümlədən “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsində və ”İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 12-ci maddəsində öz əksini tapmışdır.

 

 

Nikahdankənar uşaqların vərəsəlik hüququ

Nikahdankənar uşaqların vərəsəlik hüququ – Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.

Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

 Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.

Nikahdankənar  doğulan hər bir uşağın anadan mənşəyi yalnız uşağın doğulması faktına əsaslanmalıdır. Atadan mənşəyi isə sübut oluna, könüllü tanınma ilə elan oluna və yaxud məhkəmə qərarı ilə tanına bilər.

Nikahsız doğulan uşağın atalığı müəyyən olunmuşsa, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır və təbii olaraq da atasının vərəsəsi sayılır. Atalıq müəyyən olunmadığı təqdirdə isə nikahdan kənar uşağın vərəsə kimi atadan pay almaq hüququ yaranmır.

Uşağın mənşəyinin müəyyən edilməsi isə Ailə Məcəlləsi  ilə tənzimlənir. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.

Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki prosessul qanunvericiliyinə uyğun olaraq, yəni xüsusi icraat kimi məhkəmə qaydasında müəyyən olunur. 

Məhkəmə qaydasında atalığın müəyyən olunması üçün qanun aşağıdakı şərtlərin zəruriliyini nəzərdə tutur: a) uşağın valideynləri arasında dövlət qeydiyyatına alınmış nikahın olmaması; b) uşağın valideynlərinin birgə və ya atasının atalığın müəyyən edilməsi haqqında qeydiyyat şöbəsinə ərizəsinin olmaması; c) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atanın ərizəsi əsasında atalığın müəyyən edilməsinə qəyyumluq və himayə orqanının razılığının olmaması.

Azərbaycan Respublikası "Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında" 1975-ci il oktyabrın 15-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyasına qoşulmuşdur. Azərbaycan Respublikası bununla bağlı Qanunu 17 mart 2000-ci ildə qəbul etmiş və dərc edildiyi gündən qüvvəyə minmişdir. Konvensiyanın  müddəalarına əsasən, nikahdankənar doğulmuş uşaq atasına, anasına və onların ailə üzvlərinə nikahdan doğulmuş uşaqla bərabər vərəsəlik hüququna malikdir.

 

Ne bis in idem

Ne bis in idem (lat. “eyni hüquq pozuntusuna görə iki dəfə cəza olmaz”) – cinayət hüququnun fundamental prinsiplərindən biri. Bu prinsipin tələblərinə əsasən, əvvəllər törədilmiş cinayətə görə məhkum edilmiş şəxs həmin cinayətə görə təkrarən məhkum edilə bilməz. Başqa sözlə,  bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, heç kəs eyni cinayətə görə iki dəfə məsuliyyətə cəlb edilə bilməz. Bu prinsip həmçinin eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsinin yolverilməzliyini də ehtiva edir.

Beynəlxalq hüquq çərçivəsində də ne bis in idem prinsipi hüquqi qüvvəyə malikdir. Belə ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə, heç kəs artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz.

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun 20-ci maddəsində  ne bis in idem prinsipi təsbit edilmişdir. Maddənin tələblərinə əsasən, bu Statutda başqa hal nəzərdə tutulmamışdırsa, heç bir şəxs BCM tərəfindən həmin şəxsin məhkum edildiyi və ya bəraət aldığı cinayətlərin əsasını təşkil etmiş davranışlara görə yenidən mühakimə edilə bilməz. Heç bir şəxs Statutun 5-ci maddəsində göstərilən və artıq BCM tərəfindən məhkum edilmə və ya bəraət ilə nəticələnmiş cinayətə görə başqa bir məhkəmə tərəfindən mühakimə edilə bilməz. Həmçinin, Statutun 6, 7, 8 və ya 8 bis maddələrində nəzərdə tutulmuş və başqa bir məhkəmə tərəfindən baxılmış davranışa görə mühakimə olunmuş şəxs, eyni davranışla əlaqədar olaraq BCM tərəfindən yenidən mühakimə edilə bilməz. Lakin əgər digər məhkəmədə aparılmış icraat həmin şəxsi BCM-in yurisdiksiyasına daxil olan cinayətlərə görə cinayət məsuliyyətindən qorumaq məqsədi daşımışdırsa və ya icraat beynəlxalq hüquqla tanınmış lazımi hüquqi prosedur normalarına uyğun olaraq müstəqil və qərəzsiz şəkildə aparılmamışdırsa, habelə konkret şəraitdə şəxsin ədalət mühakiməsinə cəlb olunması niyyəti ilə uzlaşmayan formada həyata keçirilmişdirsə, bu halda BCM həmin şəxsi eyni davranışa görə mühakimə edə bilər.

Ne bis in idem prinsipinin tətbiqi və onun tələblərinə əməl olunması İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) qərarlarında da öz əksini tapmışdır. Belə  ki, İHAM-in Sergey Zolotuxin Rusiyaya qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında da vurğulanır ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsini və ikiqat cəzalandırılmasını qadağan edir. Həmin maddə yalnız təkrar cəzalandırmanı deyil, eyni zamanda şəxsin iki dəfə məsuliyyətə cəlb olunması və təkrar mühakiməsinin yolverilməzliyini də əhatə edir. Bu müddəa şəxs cinayət məsuliyyətinə cəlb olunduğu halda, iş üzrə ittiham hökmü çıxarılmasa belə, tətbiq olunur.

Bu prinsip həm milli, həm də beynəlxalq hüquq normalarında cinayət qanunvericiliyində ədalətin təmin olunmasının mühüm tərkib hissəsini təşkil edir.