A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Ayrı-seçkiliyin qadağan edilməsi

Ayrı-seçkilik, müəyyən əlamətə malik olduğuna görə ayrı-ayrı şəxslərə və ya bir qrup şəxsə oxşar vəziyyətdə olan digər insanlara nisbətən daha əlverişsiz rəftar nümayiş etdirildiyi zaman meydana çıxır.

Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Heç kəsə müəyyən əlamətlərə malik olduğuna görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Bu hüquq şəxslərin milli qanunvericiklə nəzərdə tutulmuş hüquqlarından, dövlət orqanlarının vəzifələrindən irəli gələn hüquqlardan istifadə zamanı, həmçinin, belə orqanlar tərəfindən diskresion səlahiyyətlər həyata keçirilərkən şəxslərin ayrı-seçkiliyə məruz qalmamasını ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bərabərlik prinsipini təsbit etməklə yanaşı ayrı- seçkiliyin ən çox yol verildiyi əlamətləri də sadalamış və həmin əlamətlərə görə bərabərlik prinsipinin pozulmasını qadağan etmişdir. Konstitusiya hər kəsin heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlarının həyata keçirilməsinə təminat verir.

Ayrı-seçkiliyin qadağasına dair müddəalar “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (1950) 14-cü maddəsində, Konvensiyanın 12 saylı Protokolunda, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 26-cı maddəsində, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiya (1965-ci il), "Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiya (1979-cu il) və s. beynəlxalq aktlarda öz əksini tapmışdır.

Azadlıq hüququ

Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz.

Azadlıq hüququ şəxsin fiziki azadlığını nəzərdə tutur və onun məqsədi heç kimin özbaşına azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Şəxsin həbsdə saxlanılmasına, habelə tibb və ya tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsinə yalnız məhkəmə qərarı əsasında yol verilir.

Azadlıqdan məhrum edilmə zamanı, ümumi hüquqi müəyyənlik prinsipinin, proporsionallıq prinsipinin təmin edilməsi, həmçinin əsassızlığın yolverlməzliyi xüsusi ilə vacib nəzərə alınmalı amillərdir.

Azadlıq hüququ müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi, AR Cinayət Prosessual Məcəlləsinin 14 və 15-ci maddələri, həmçinin, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5-ci, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsi və digər sənədlər azadlıq hüququnu əks etdirir.

Ana dilindən istifadə hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 45-ci maddəsinə, əsasən, hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Ana dili hər bir xalqın və cəmiyyətin mövcudluğunu təsdiq edən əsas faktordur. Ana dili hər bir xalqın milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Ana dili milli mənsubiyyətin müəyyən edilməsində müstəsna rol oynayır. Dil şəxsin aid olduğu etnosun sahib olduğu mədəni və mənəvi dəyərləri və psixologiyanı mənimsəməyə birbaşa kömək edir.

Konstitusiyanın 21-ci maddəsinə, əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Qeyd etmək zəruridir ki, Konstitusiyanın 21-ci maddəsində dövlət dili dedikdə Azərbaycan dili nəzərdə tutulduğu halda, 45-ci maddəyə münasibətdə, eləcə də ümumilikdə qanunvericilikdə ana dili anlayışı açıqlanmır. Belə ki, ana dili şəxsin tərbiyə aldığı və həmin dili özü üçün ünsiyyət vasitəsi hesab etdiyi dildir. Şəxs Azərbaycan vətəndaşı olmasına baxmayaraq, ingilis və ya rus dilində tərbiyə alırsa, gündəlik həyatında, təhsilində və ya yaradıcılıqında həmin dildən istifadə edirsə, bu onun ana dili hesab edilir.

Azad sahibkarlıq hüququ

Azad sahibkarlıq hüququ özəl subyektlər tərəfindən qanunla qadağan edilməmiş istənilən sahibkarlıq fəaliyyəti növü ilə məşğul olmaq imkanıdır. Belə imkanın həyata keçirilməsi yalnız hökumətin minimal nəzarəti ilə (ictimai maraqların qorunması və milli iqtisadiyyatın tarazlığının təmin edilməsi üçün zəruri olan tənzimləmədən kənar) səciyyələnən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə mənfəət uğrunda azad rəqabət aparmaq şəraiti yaradan iqtisadi sistem çərçivəsində mümkündür.

Azad sahibkarlıq sistemi iş tapmaqda, biznes qurmaqda və investisiya seçimində rəqabət və seçim imkanı verir. Azad sahibkarlığın əsas xüsusiyyəti isə ilk növbədə, sahibkarların və işçilərin pul qazanmaq qabiliyyətidir.

Azad sahibkarlığın təməlində beş əsas prinsip durur: insanların biznesi seçmək azadlığı, xüsusi mülkiyyət hüququ, təşviq kimi mənfəət (gəlir), rəqabət və istehlakçıların suverenliyi.

Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Ailə həyatına hörmət hüququ

Ailə həyatına hörmət hüququ ailənin dövlətin himayəsində olmasına əsaslanır. Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə,həmçinin, ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz. Belə ki, ailə münasibətləri onun üzvlərinin qarşılıqlı, onlara xas olan əlaqələr əsasında qurulması, ailənin işinə hər hansı şəxsin qarışmasının yolverilməzliyini şərtləndirir.

Eyni zamanda ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilməlidir.

Bununla yanaşı, birgə yaşamaq hüququ ailə həyatının mühüm tərkib hissəsini təşkil edərək ailə üzvlərinin birlikdə olmaqdan faydalanmasına imkan yaradır, uşaq ilə valideyinləri arasında ailə həyatı təşkil edən bağlılıq əlaqəsini möhkəmləndirir.

Ailə həyatına hörmət hüququ sadəcə olaraq ailə qurmaq arzusunun müdafiə edilməsini təmin etmir, o, ailənin və ya ən azı potensial ailə münasibətlərinin, məsələn nikahdan kənar doğulmuş uşaqla onun bioloji atası arasında münasibətlərin, yaxud ailə həyatı hələ tam formalaşmasa belə, həqiqi nikahdan irəli gələn münasibətlərin, yaxud ata ilə onun qanuni övladı arasında münasibətlərin mövcudluğunu nəzərdə tutur.

Ailə həyatına hörmət hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində, “Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (1966-cı il) 17-ci maddəsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit edilmişdir.

Amnistiya

Amnistiya (yun. αμνηστια - unutma, bağışlama) dövlət hakimiyyəti orqanının qərarı ilə cinayyət törətmiş şəxslərin fərdi qaydada müəyyən edilməyən dairəsinin cəzadan tam və ya qismən azad edilməsi, cəzanın daha yüngül cəza ilə əvəz edilməsi və ya cinayət təqibinə xitam verilməsi ilə əlaqədar tətbiq edilən tədbirdir.

Amnistiyanın tətbiqi adətən humanizm niyyəti daşıyır. Lakin amnistiyanın həm də sırf praktiki məqsədləri ola bilər: cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayının azaldılması və ya konkret siyasi məqsədlərə nail olmaq (məsələn, silahlı münaqişəyə son qoymaq).

Bir çox dövlətlərdə (o cümlədən Azərbaycanda) amnistiyaların elan edilməsi milli bayram və yubileylərlə əlaqədar tətbiq edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə uyğun olaraq amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

Amnistiya şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür. Lakin qeyd etmək lazımdır ki, amnistiya aktı ilə məsuliyyətdən və ya cəzadan azad etmə heç də azad edilən şəxsi zərərçəkənə törətdiyi cinayətlə bağlı vurduğu ziyanı ödəməkdən azad etmir.

Aparteid

Aparteid (afrikaans dilində - “ayırmaq”) 1948-1994-cü illərdə Cənubi Afrika Respublikasında Milli Partiya tərəfindən həyata keçirilən rəsmi irqi ayrı-seçkilik siyasətidir. Bu termini ilk dəfə 1917-ci ildə sonradan Cənubi Afrika İttifaqının Baş naziri olmuş Yan Smuts işlətmişdir. Aparteid siyasətinin mahiyyəti ondan ibarət olmuşdur ki, bütün Cənubi Afrikanın əhalisi irqi mənsubiyyətlərinə görə bölünmüşlər və fərqli qruplar üçün fərqli hüquqlar müəyyən edilmişdir.

Cənubi Afrikada  aparteidə son qoymaq uğrunda mübarizəyə rəhbərliyi Nelson Mandela etmişdir. O, 1962-ci ildə terrorçu sayılan siyasi fəaliyyətə görə ömürlük həbsə məhkum edilmişdir.

1973-cü ildə BMT Baş Assambleyası Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Beynəlxalq Konvensiyanı qəbul etdi. Konvensiyanın bilavasitə məqsədi BMT-yə üzv ölkələrin Cənubi Afrika hökumətinə qarşı sanksiyalar tətbiq etmək üçün hüquqi baza yaratmaq və bununla da onu siyasətində dəyişiklik etməyə məcbur etmək idi.

Bu Konvensiyanın 2-ci maddəsinə əsasən «aparteid cinayəti» termini Afrikanın cənub hissəsində tətbiq edildiyi şəkildə aparılan ona oxşar irqi seqreqasiya və ayrı-seçkilik siyasətini və praktikasını ehtiva edir və bir irqə mənsub insan qrupunun hər hansı digər irqə mənsub insan qrupu üzərində ağalığını və onu müntəzəm istismar etməsini bərqərar və müdafiə etmək məqsədilə törədilən aşağıdakı insanlıqdankənar cinayətləri bildirir:

a) irqi qrup, yaxud qrupların üzvünü və ya üzvlərini yaşamaq və şəxsiyyət azadlığı hüququndan məhrum etmək:

i) irqi qrup, yaxud qrupların üzvlərini öldürmək;

ii) irqi qrup, yaxud qrupların üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirmək və onlara qarşı işgəncə, yaxud qəddar,insanlıqdankənar və insanın ləyaqətini alçaldan davranış və cəza tətbiq etmək nəticəsində onların azadlığına və ləyaqətinə qəsd etmək;

iii) irqi qrup, yaxud qrupların üzvlərini özbaşına həbs etmək və qanunsuz olaraq həbsxanalarda saxlamaq;

b) irqi qrup, yaxud qruplar üçün qəsdən onun və ya onların bütünlüklə və ya bir hissəsinin fiziki məhvinə hesablanmış həyat şəraiti yaratmaq;

c) irqi qrup, yaxud qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında iştirakına yol verilməməsini nəzərdə tutan hər cür qanunvericilik xarakterli və digər tədbirlər görmək və belə qrup, yaxud qrupların tam inkişafına qəsdən mane olan şərait yaratmaq, məsələn, irqi qrup, yaxud qrupların üzvlərini əmək hüququ, rəsmən tanınmış həmkarlar ittifaqları yaratmaq hüququ, təhsil hüququ, öz ölkəsini tərk etmək və oraya qayıtmaq hüququ, vətəndaşlıq hüququ, sərbəst yerdəyişmə və yaşayış yeri seçmək hüququ, əqidə və onu sərbəst şəkildə ifadə etmək hüququ və dinc yığıncaqlar keçirmək və assosiasiyalar yaratmaq hüququ daxil olmaqla, əsas insan hüquq və azadlıqlarından məhrum etmək;

d) irqi qrup, yaxud qrupların üzvləri üçün təcrid olunmuş rezervasiya və gettolar yaratmaqla əhalini irqi əlamətinə görə ayırmağa yönəldilmiş hər cür, o cümlədən qanunvericilik xarakterli tədbirlər, müxtəlif irqi qrupların üzvləri arasında qarışıq nikahlar bağlanmasının qadağan olunması, irqi qrupa, qruplara, yaxud onların ailə üzvlərinə məxsus torpaq mülkiyyətinin ekspropriasiyası;

e) irqi qrup, yaxud qrupların üzvlərinin əməyinin istismar edilməsi, məsələn,onların məcburi əməyindən istifadə;

f) təşkilat və şəxslərin aparteidə qarşı çıxdıqlarına görə əsas hüquq və azadlıqlardan məhrum edilməklə təqib olunması.

Aparteid mülki şəxslərə qarşı genişmiqyaslı, sistemli şəkildə törədildiyinə görə Roma Statutu onu bəşəriyyətə qarşı 11 cinayətdən biri kimi müəyyən edir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 111-ci maddəsində irqi ayrı-seçkilik (aparteid) cinayətinə görə məsuliyyət nəzərdə tutulur.

Ad hüququ

Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Onlar bu hüquqdan istifadə edərək hüquq və vəzifələr əldə edir, həmçinin onları həyata keçirirlər. Qanunvericilik fiziki şəxslərin təxəllüsdən istifadə etmək imkanını da tanıyır. Belə ki, qanunda nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxslər təxəllüsdən, yəni uydurma addan istifadə edə bilər.

Fiziki şəxs ad hüququndan istifadə etməklə yanaşı, öz adını qanunla müəyyən edilmiş qaydada dəyişdirmək hüququna malikdir. Qeyd etmək lazımdır ki, fiziki şəxsin adını dəyişdirməsi faktı onun əvvəlki adla əldə etdiyi hüquq və vəzifələrə xitam vermir, o cümlədən bunları dəyişdirmir. Fiziki şəxs öz adını dəyişdirərkən bir sıra vəzifələri yerinə yetirməlidir. Fiziki şəxs adını dəyişdirdikdə bu barədə öz borclularına və kreditorlarına məlumat verməli, habelə adın dəyişməsi ilə əlaqədar həmin şəxslərdə məlumat olmamasının doğurduğu nəticələrin risklərini daşıyır. Fizikin şəxsin öz adını dəyişdirərkən adına rəsmiləşdirilmiş sənədlərdə müvafiq dəyişikliklərin öz hesabına aparılmasını tələb etmək hüququ vardır. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi faktı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınır.

Qanunvericiliyə əsasən, hüquq və vəzifələr əldə edilərkən başqa şəxsin adından istifadə edilməsinə yol verilmir. Mülki Məcəlləyə uyğun olaraq fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində vurulmuş ziyanın əvəzi müvafiq surətdə ödənilməlidir. Əgər fiziki şəxsin adı onun şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunan üsullarla təhrif, habelə istifadə edilərsə, Mülki Məcəllənin şərəf, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi adlı normasında nəzərdə tutulan qaydalar tətbiq edilir.