E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Pozitiv öhdəliklər

Pozitiv öhdəliklər – Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci  maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi müəyyən edilməsi dövlətin pozitiv öhdəliklərinin konstitusion əsasını və təminatını ifadə edir.

İqtisadi, sosial və mədəni hüquqlar ikinci nəsil insan hüquqları olmaqla, mahiyyət etibarilə dövlətin aktiv fəaliyyətini tələb edən pozitiv hüquqlar hesab edilir. Bu hüquqların həyata keçirilməsi yalnız dövlətin müdaxilədən çəkinməsi ilə məhdudlaşmır, əksinə, müvafiq hüquqi, inzibati, iqtisadi və institusional tədbirlərin görülməsini zəruri edir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsində iştirakçı dövlətlərin bu hüquqların tam şəkildə reallaşdırılmasını mümkün ehtiyatların maksimum səviyyədə təmin etmək üçün, o cümlədən qanunverici tədbirlər görmək yolu ilə addımlar atmaq öhdəliyi müəyyən edilmişdir. Həmin maddə eyni zamanda bu hüquqların hər hansı ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməsini dövlətin birbaşa pozitiv öhdəliyi kimi təsbit edir. Beləliklə, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi iqtisadi, sosial və mədəni hüquqların mərhələli şəkildə reallaşdırılması, dövlət resurslarının səfərbər edilməsi və bərabərlik prinsipinin təmin olunması baxımından dövlətin pozitiv öhdəliklərinin beynəlxalq-hüquqi əsasını formalaşdırır.

Pozitiv öhdəliklərin mahiyyəti əsasən ondan ibarətdir ki, dövlət vətəndaşları üçüncü şəxslərin hüquq pozuntularından qorumalı, hüquqların həyata keçirilməsinə mane olan halların qarşısını almalı və pozulmuş hüquqların bərpası üçün effektiv mexanizmlər formalaşdırmalıdır. Məsələn, yaşamaq hüququ kontekstində dövlət yalnız öz orqanlarının qanunsuz hərəkətlərindən çəkinməməli, həm də təhlükəsizlik tədbirləri görməli, effektiv istintaq aparmalı və həyat üçün real risklərin qarşısını almağa çalışmalıdır.

Pozitiv öhdəliklər xüsusilə Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş inkişaf etdirilmişdir. Məhkəmə dövlətlərin insan hüquqlarını “təmin etmək” və “qorumaq” borcunu yalnız formal deyil, praktik və səmərəli şəkildə yerinə yetirməli olduğunu vurğulayır. Bu çərçivədə hüquqi tənzimləmə, inzibati nəzarət, məhkəmə müdafiəsi və səmərəli hüquqi vasitələrin mövcudluğu əsas şərtlər kimi çıxış edir.

Pro bono publico

Pro bono publico (lat. dilindən –  “ictimai mənafe naminə”) – aztəminatlı və həssas qruplardan olan fiziki şəxslərə, habelə ictimai, xeyriyyə və digər qeyri-kommersiya təşkilatlarına yüksək ixtisaslı hüquqşünaslar tərəfindən peşəkar hüquqi xidmətlərin ödənişsiz əsaslarla göstərilməsidir.

Pro bono publico anlayışı öz məzmun etibarilə aşağıda qeyd edilən bir sıra səciyyəvi əlamətləri özündə birləşdirir:

hüquqşünaslar tərəfindən həyata keçirilir;

kommersiya məqsədlərinə deyil, ictimai mənafelərə xidmət edir;

hüquqi xidmətlər könüllülük və ödənişsizlik prinsiplərinə əsaslanır;

müştərilər üçün xidmətlərin pulsuz göstərilməsi;

göstərilən xidmətlərin keyfiyyət və peşəkarlıq səviyyəsi baxımından ödənişli hüquqi yardımın təqdim edildiyi standartlarla eyni olması.

Bu institut sosial məsuliyyət prinsipi ilə şərtlənən, ədalət mühakiməsinə çıxışın təmin olunmasına, hüquq və qanuni mənafelərin effektiv müdafiəsinə, eləcə də hüquqi dövlət və vətəndaş cəmiyyəti institutlarının inkişafına xidmət edən peşəkar fəaliyyət forması kimi səciyyələndirilir. Pro bono fəaliyyəti hüquq peşəsinin ictimai funksiyasının təzahürü olmaqla, hüquqi yardımın əlçatanlığının genişləndirilməsinə və sosial ədalətin təmininə mühüm töhfə verir.

Azərbaycan Respublikasında pro bono hesab edilən hüquqi xidmətlərin və digər hüquqi fəaliyyətin aşağıdakı növləri var:

i.  Vəkillər tərəfindən fiziki şəxslərə peşəkar hüquqi xidmətlərin ödənişsiz göstə­rilməsi;

ii. Vəkilliyə qəbul edilməmiş şəxslər tərəfindən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq xeyriyyə məqsədləri ilə xidmətlərin ödənişsiz göstərilməsi;

iii. Hüquq klinikalarının fəaliyyəti;

iv. Hüquqi izah verən, hüquqi maarifləndirmə işini həyata keçirən dövlət müəssi­sələrinin fəaliyyəti;

v. Hüquqşünaslar, habelə ali hüquq təhsili müəssisələrinin professorları və elmi işçiləri tərəfindən həyata keçirilən ödənişsiz normayaratma fəaliyyəti, o cümlədən hüquq ictimaiyyətinin tənzimlənməsi sahəsində fəaliyyət.

İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, məişət zorakılığından zərər çəkmiş şəxslərə, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda məhkəmədə hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər maliyyə vəsaitinə malik olmayan şəxslərə vəkil tərəfindən göstərilən və haqqı dövlət hesabına ödənilən hüquqi yardım pro bono fəaliyyəti hesab edilmir.

 

Pinheiro Prinsipləri

Pinheiro Prinsipləri – beynəlxalq insan haqları hüququ çərçivəsində formalaşmış normativ xarakterli prinsiplər toplusudur və silahlı münaqişə, zorakılıq, etnik təmizləmə, kütləvi insan hüquqları pozuntuları və ya digər məcburi köçürmə halları nəticəsində mənzil və torpaq mülkiyyətini itirmiş şəxslərin hüquqlarının müdafiəsini təmin etməyə yönəlmişdir. Bu prinsiplər xüsusilə qaçqınların və məcburi köçkünlərin mənzil, torpaq və əmlak üzərində hüquqlarının bərpası məsələsində dövlətlərin öhdəliklərini sistemləşdirən beynəlxalq standartlar kimi çıxış edir.

Prinsiplər rəsmi olaraq “Qaçqınlar və məcburi köçkünlər üçün mənzil və əmlak restitusiyası üzrə prinsiplər” adlanır. Onların hazırlanması Birləşmiş Millətlər Təşkilatı çərçivəsində həyata keçirilmişdir. Sənəd adını BMT-nin mənzil və əmlak restitusiyası üzrə xüsusi məruzəçisi olmuş Paulo Sérgio Pinheiro-dan götürmüşdür.

Pinheiro Prinsipləri mülkiyyətin bərpası (restitusiya) mexanizmlərinin yaradılması və icrası üçün dövlətlərə hüquqi, inzibati və institusional çərçivə təqdim edir. Bu çərçivə aşağıdakı əsas elementləri əhatə edir:

· mənzil, torpaq və digər daşınmaz əmlakın əvvəlki sahiblərinə qaytarılmasının prioritet hüquqi vasitə kimi tanınması;

· restitusiya mümkün olmadıqda adekvat, effektiv və ədalətli kompensasiyanın təmin edilməsi;

· müstəqil və qərəzsiz qərar qəbuletmə mexanizmlərinin yaradılması;

· ayrı-seçkiliyin qadağan olunması və gender bərabərliyinin təmin edilməsi;

· effektiv hüquqi müdafiə vasitələrinə çıxışın təmin olunması.

Bu Prinsiplər beynəlxalq hüquqda “yumşaq hüquq” xarakteri daşısa da, onun mötəbərliyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2015-ci ilin iyun ayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki iş (Sargsyan Azərbaycana qarşıÇıraqov və digərləri Ermənistana qarşı) üzrə qəbul etdiyi qərarlarda və Avropa Şurasının qətnamələrində (məsələn, Avropa Şurası Parlament Assambleyasının 1708 (2010) saylı Qətnaməsi) bir daha təsdiqini tapmışdır.

Pinheiro Prinsipləri aşağıdakı hüquqları ehtiva edir:

1.    Qayıdış hüququ – insanlar təhlükəsiz və ləyaqətli şəkildə öz yaşayış yerlərinə qayıda bilməlidir;

2.    Restitusiya hüququ – əmlakın geri qaytarılması əsas vasitədir;

3.    Kompensasiya hüququ – əgər geri qaytarma mümkün deyilsə, ədalətli ödəniş təmin olunmalıdır;

4.    Ayrı-seçkiliyin qadağan olunması – hüquqlar hər kəs üçün bərabər tətbiq olunmalıdır;

5.    Qadınların və həssas qrupların hüquqları – mülkiyyət hüquqları gender əsaslı məhdudlaşdırıla bilməz;

6.    Dövlətlərin öhdəlikləri – dövlətlər hüquqi və inzibati mexanizmlər yaratmalıdır.

Pinheiro Prinsiplərində təsbit olunmuş qayıdış, restitusiya və kompensasiya mexanizmləri Azərbaycanın Böyük Qayıdış siyasətində məcburi köçkünlərin mənzil və mülkiyyət hüquqlarının bərpası prosesinə beynəlxalq hüquqi legitimlik və institusional çərçivə qazandıraraq, onun insan hüquqları əsaslı həyata keçirilməsinə normativ əsas yaradır.

 

Pacta sunt servanda

Pacta sunt servanda (lat. “müqavilələr yerinə yetirilməlidir”) – bağlanmış və qüvvəyə minmiş müqavilənin tərəflər üçün hüquqi baxımdan məcburi xarakter daşımasını və vicdanla (bona fide) icra edilməsini ehtiva edən prinsip. Sözügedən prinsip müqavilə münasibətlərində hüquqi sabitliyi, etibarlılığı və qarşılıqlı etimadı təmin edən mühüm normativ əsaslardan biri kimi çıxış edir.

Müqavilənin məcburiliyi ideyası tərəflərin iradə azadlığı ilə sıx bağlı olduğuna görə, tərəflər öz azad iradələri ilə hüquqi öhdəlik götürdükdə, həmin öhdəliklərin icrası hüquqi zərurətə çevrilir. Bu baxımdan, pacta sunt servanda prinsipi həm müqavilə azadlığının məntiqi nəticəsini, həm də hüquqi məsuliyyət institutunun əsasını təşkil edir.

Prinsipin beynəlxalq-hüquqi təsbiti BMT Nizamnaməsində və “Müqavilələr hüququ haqqında” 1969-cu il Vyana Konvensiyasında öz əksini tapmışdır. Nizamnamənin 2-ci maddəsinə əsasən, bütün üzvlər üzvlükdən irəli gələn hüquq və üstünlükləri təmin etmək üçün, Nizamnaməyə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməlidirlər. Həmçinin, Vyana Konvensiyasının 26-cı maddəsinə görə “qüvvədə olan hər bir müqavilə onun iştirakçıları üçün məcburidir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir”. Bu norma beynəlxalq hüquqda ümumqəbuledilmiş qayda kimi dövlətlərin müqavilə öhdəliklərinə hörmət etməsini tələb edir və beynəlxalq münasibətlərdə hüquqi sabitliyin təmin edilməsinə xidmət edir.

Mülki hüquq münasibətlərində pacta sunt servanda prinsipi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsi ilə müəyyən edilir: öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Pacta sunt servanda prinsipi müqavilə münasibətlərinin normativ əsasını təşkil edir, öhdəliklərin icrasını hüquqi imperativ kimi müəyyənləşdirir və həm milli, həm də beynəlxalq hüquq sistemlərində hüquqi nizamın qorunmasına mühüm töhfə verir.