Təqib cinayəti dedikdə, siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayәtlәrlә əlaqədar olan əməllər başa düşülür.
Bu cinayətin ictimai təhlükəliliyi siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və başqa əsaslara görə insanlar arasında ayrı-seçkilik salmaqla bu və ya digər qrup və təşkilatın hüquqlarını pozmaqda və cəmiyyətdə insanları dözülməz şəraitdə yaşamağa məcbur etmədə özünü ifadə edir.
Təqib cinayətinin obyektini siyasi mənsubiyyətindən, irqindən, dinindən, milliyyətindən, cinsindən asılı olmayaraq ayrı-ayrı qrup və təşkilatların beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş hüquq bərabərliyi təşkil edir.
Obyektiv cəhətdən hər hansı qrupu və ya təşkilatı siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya qadağan edilmiş digər əsaslara görə təqib etmədə ifadə edilir.
Siyasi qrup və ya təşkilat dedikdə, ümumi siyasi məqsədləri olan, siyasi hakimiyyət uğrunda mübarizə aparan şəxslərin könüllü birliyi başa düşülür.
İrqi, milli, etnik, dini qrupların anlayışı soyqırım cinayətinin anlayışında verilmişdir.
Cinsi qrup və ya təşkilat dedikdə, cinsi əlamətlər əsasında seksual yönümünə görə şəxslərin birliyi başa düşülür (məsələn, homoseksualların, mavilərin təşkilatı və s.).
Beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara dil, sosial mənsubiyyət, əmlak vəziyyəti və s. aid edilir.
İnsanları əsas hüquqlardan məhrumetmə dedikdə, hər hansı qrupa və ya təşkilata mənsub olduğuna gorə insanların əsas hüquqlarını qanunla və ya digər normativ hüquqi aktlarla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə inkar etmə başa düşülür.
Bu cinayət formal tərkiblidir və göstərilən əməllər törədildiyi andan başa çatmış sayılır və subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar hər hansı qrupu və ya təşkilatı təqib etdiyini dərk edir və bunu arzu edir. Cinayətin motivi müxtəlif ola bilər; məsələn, ayrı-seçkilik yaratmaq hissi, düşmənçilik, nifrət, öz üstünlüyünü nümayiş etdirmək və s.
Cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər.
Təqib cinayəti AR CM-in “Sülh və insanlıq əleyhinə cinayətlər” fəslinin 109-cu maddəsində nəzərdə tutulmuş xüsusilə ağır cinayətdir və sülh və insanlıq əleyhinə cinayətlərə aid olduğundan bu cinayət əməlini nəzərdə tutan cinayət qanunu retroaktiv qüvvəyə malikdir.
“Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” 12 may 2006-cı il tarixli 106-IIIKQ nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanununun preambulasında deyilir: “Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədilə qəbul edilir”.
Qorunan əsas hüquqlar AR Konstitusiyasında, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada öz əksini tapmışdır.
Təqib cinayəti 17 iyul 1998-ci ildə qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsinin (Roma Statutunun) Nizamnaməsinin 7-ci maddəsinin 1-ci paraqrafının (h) bəndində təsbit edilmişdir.