E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Ləyaqətli qayıdış prinsipi

Ləyaqətli qayıdış prinsipi – qaçqınların və məcburi köçkünlərin öz doğma yerlərinə könüllü, təhlükəsiz və insan ləyaqətinə uyğun şəkildə geri qayıtmaq hüququnu ifadə edən beynəlxalq hüququn prinsipi. Beynəlxalq hüquqda bu prinsip bir sıra fundamental sənədlərdə öz əksini tapmışdır.  Belə ki, BMT-nin  Ümumdünya İnsan Hüquqları Bəyan­naməsi”nin 13-cü mad­­dəsinin 2-ci bəndinə əsasən, “hər kəsin öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ vardır”. Həmçinin,  “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 12-ci maddə­sinin 4-cü bəndinə görə, “heç kəs öz ölkəsinə daxil olmaq hüququndan özbaşına məhrum edilə bilməz”. BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasında “ləyaqətli qayıdış” termini birbaşa işlədilməsə də, könüllü repatriasiya beynəlxalq müdafiə mexanizmlərinin əsas həll yollarından biri kimi qəbul edilir.

Beynəlxalq praktikada könüllü repatriasiya aşağıdakı meyarlara əsaslanır:

-qayıdış tam könüllü olmalıdır;

-qərar qaçqının azad və məlumatlı iradəsinə əsaslanmalıdır;

-qayıdış təhlükəsiz  (fiziki, maddi və hüquqi  təhlükəsizlik) və ləyaqətli şəkildə həyata keçirilməlidir;

-beynəlxalq təşkilatların monitorinq və dəstəyi.

Bu prinsip beynəlxalq humanitar və insan hüquqları normalarından irəli gələrək, məcburi köçkünlərin öz doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri dön­məsini nəzərdə tutur və bu baxımdan Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış siyasətinin hüquqi-normativ əsasını təşkil edən fundamental konseptual çərçivə kimi çıxış edir.