E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Ləyaqətli qayıdış prinsipi

Ləyaqətli qayıdış prinsipi – qaçqınların və məcburi köçkünlərin öz doğma yerlərinə könüllü, təhlükəsiz və insan ləyaqətinə uyğun şəkildə geri qayıtmaq hüququnu ifadə edən beynəlxalq hüququn prinsipi. Beynəlxalq hüquqda bu prinsip bir sıra fundamental sənədlərdə öz əksini tapmışdır.  Belə ki, BMT-nin  “Ümumdünya İnsan Hüquqları Bəyan­naməsi”nin 13-cü mad­­dəsinin 2-ci bəndinə əsasən, “hər kəsin öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ vardır”. Həmçinin,  “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 12-ci maddə­sinin 4-cü bəndinə görə, “heç kəs öz ölkəsinə daxil olmaq hüququndan özbaşına məhrum edilə bilməz”. BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasında “ləyaqətli qayıdış” termini birbaşa işlədilməsə də, könüllü repatriasiya beynəlxalq müdafiə mexanizmlərinin əsas həll yollarından biri kimi qəbul edilir.

Beynəlxalq praktikada könüllü repatriasiya aşağıdakı meyarlara əsaslanır:

-qayıdış tam könüllü olmalıdır;

-qərar qaçqının azad və məlumatlı iradəsinə əsaslanmalıdır;

-qayıdış təhlükəsiz  (fiziki, maddi və hüquqi  təhlükəsizlik) və ləyaqətli şəkildə həyata keçirilməlidir;

-beynəlxalq təşkilatların monitorinq və dəstəyi.

Bu prinsip beynəlxalq humanitar və insan hüquqları normalarından irəli gələrək, məcburi köçkünlərin öz doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri dön­məsini nəzərdə tutur və bu baxımdan Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış siyasətinin hüquqi-normativ əsasını təşkil edən fundamental konseptual çərçivə kimi çıxış edir.

Ləyaqətli həyat hüququ (Vida Digna)

Ləyaqətli həyat hüququ (Vida Digna) – insanın doğulduğu andan etibarən cəmiyyətdə şəxsiyyət kimi tanınmasını, onun mənəvi və əxlaqi dəyərlərinə hörmət göstərilməsini, habelə ədalətli və bərabər imkanlar daxilində iqtisadi və sosial təminatlara çıxış hüququna uyğun yaşamaq haqqını ifadə edir.

Ləyaqətli həyat hüququ insan haqları hüququnun əsas təməl prinsiplərindən biri hesab edilməklə insanın şəxsiyyətini və toxunulmazlığını əhatə edir. Azərbaycan Respublikasında insan ləyaqəti qorunur və ona hörmət edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən müdafiəsi və onun alçaldılmasının yolverilməzliyi Konstitusiya ilə təmin edilir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində hər bir insana xas olan ləyaqətli həyata sahib olmaq haqqı, bütün insanların öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulduqları ehtiva edilməklə, insanın əsas hüquqlarına aid olan insan şəxsiyyətinin ləyaqətinə və dəyərliliyinə hörmət edilməsi və onların təmin edilməsinin bütün bəşəriyyətə aid olduğu qeyd edilmişdir.

İnsan hüquqlarının təmin edilməsində dövlətlərin konvension öhdəliklərinə aid olan ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq öhdəliyi insanın hər bir şəraitdə ləyaqətinə hörmət olunmasının vacibliyini göstərir.

Həyat hüququnun əsas xarakteri yalnız hər bir insanın həyatının özbaşına olaraq əlindən alınmaması hüququnu deyil, həm də onun ləyaqətli həyatı (vida digna) təmin edən şərtlərə çıxış imkanından məhrum edilməməsi hüququnu əhatə edir. Dövlətlər bu cür şərtlərin yaradılmasını təmin etmək öhdəliyi daşıyırlar.

Amerikalararası İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, həyat hüququ yalnız mülki və siyasi hüquqdan ibarət deyil, həm də fərdin ləyaqətli mövcudluğa malik olması üçün zəruri olan iqtisadi və sosial hüquqları da əhatə edir. Məhkəmənin “ləyaqətli həyat” hüququ ilə bağlı konsepsiyası dövlətin insan şəxsiyyətinin ləyaqəti ilə uzlaşan ən azı “minimum yaşayış şəraiti”ni təmin edən həyat şəraitinin yaradılması öhdəliyini nəzərdə tutur. Məhkəmə aydınlaşdırmışdır ki, “dövlət ləyaqətli həyat hüququnun həyata keçirilməsinə yönəlmiş müsbət və konkret tədbirlər görmək vəzifəsini daşıyır, xüsusilə də həssas vəziyyətdə olan və risk altında yaşayan şəxslər üçün, onlara qayğı göstərilməsi yüksək prioritet təşkil edir”.

 

Lex Sportiva

“Lex Sportiva” - beynəlxalq idman federasiyaları və digər transmilli idman təşkilatları tərəfindən qəbul edilən idman qaydaları və normaları, nizamnamələr, reqlamentlər, kodekslər, standartlar və qərarlar, habelə İdman Arbitraj Məhkəməsinin (Court of Arbitration for Sport - CAS/TAS) qərarları əsasında formalaşan, beynəlxalq idman münasibətlərini tənzimləyən transmilli hüquqi prinsiplər və normalar sistemidir.

Lex Sportiva idman hüququnun mənbələrindən biri hesab edilir. İdman hüququnun əsas mənbələri kimi beynəlxalq müqavilələr və dövlətdaxili hüquq sistemini də qeyd edə bilərik. Bu mənbələr bir-biri ilə qarşılıqlı əlaqədə olaraq beynəlxalq idman münasibətlərinin hüquqi tənzimlənməsini təmin edir.

Lex Sportivanın formalaşması beynəlxalq idman münasibətlərini tənzimləyən idman qaydalarının transmilli mənbələr əsasında yaradılması, qəbul edilməsi, tətbiqi və hüquqi şərhi, habelə həmin qaydaların milli hüquq sistemlərinə inteqrasiyası və müvafiq normativ-hüquqi aktlarda  təsbit olunması ilə səciyyələnən çoxsəviyyəli prosesidir. Bu prosesin əsas iştirakçıları beynəlxalq idman federasiyaları, digər transmilli idman təşkilatları, Beynəlxalq Olimpiya Komitəsi (BOK), Ümumdünya Antidopinq Agentliyi (WADA) və Beynəlxalq İdman Arbitraj Məhkəməsidir (CAS/TAS).

Beynəlxalq idman federasiyaların və digər transmilli idman təşkilatları bir qayda olaraq, beynəlxalq qeyri-hökumət təşkilatları formasında fəaliyyət göstərir.

Beynəlxalq idman federasiyaları Lex Sportivanın formalaşmasında ilkin normayaratma funksiyasını həyata keçirirlər. Onlar müvafiq idman növü üzrə qaydaların hazırlanması, yarış reqlamentləri, texniki qaydalar, idman növünün təşkili və idarə olunması məqsədilə nizamnamələr, intizam kodeksləri və digər tənzimləyici sənədləri müstəqil şəkildə qəbul edirlər. Bu sənədlərin hazırlanması və təsdiqi, bir qayda olaraq, federasiyanın nizamnaməsində müəyyən edilmiş səlahiyyət bölgüsünə və qərar qəbuletmə prosedurlarına uyğun həyata keçirilir. Müvafiq qaydalar konqres və ya ümumi yığıncaq, icraedici orqanlar, ixtisaslaşmış komitələr və digər səlahiyyətli strukturlar vasitəsilə qəbul edilə bilər. Qaydaların hüquqi təsiri isə onların qəbul edilməsinin əsaslarından, idman növünün fəlsəfi xarakterindən, federasiyanın səlahiyyətlərindən, üzvlük münasibətlərindən və konkret idman münasibətinə və idman hadisələrinə tətbiqindən irəli gəlir.

Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Xartiyası və digər qərarları vasitəsilə Olimpiya Hərəkatının təşkilati və normativ əsaslarını müəyyən edir.Ümumdünya Antidopinq Agentliyi isə Ümumdünya Antidopinq Məcəlləsinin qəbul edilməsi və beynəlxalq standartlar vasitəsilə antidopinq qaydalarının beynəlxalq səviyyədə uyğunlaşdırılmasına töhfə verir.  Beynəlxalq İdman Arbitraj Məhkəməsi “Lex Sportiva”nın inkişafında mühüm rol oynayır. Bununla belə, Lex Sportiva beynəlxalq hüquq sistemindən tamamilə təcrid olunmuş müstəqil hüquqi  nizam kimi qiymətləndirilməməlidir. Beynəlxalq müqavilələr və milli qanunvericilik normaları tətbiq olunan idman təşkilatlarının qaydalarının hüquqi qüvvəsi və tətbiqi üçün əhəmiyyətli hüquqi çərçivə yaradır.

Nəticə etibarilə “Lex Sportiva” beynəlxalq idman təşkilatlarının normayaratma fəaliyyəti ilə Beynəlxalq İdman Arbitraj Məhkəməsinin hüquqi şərh və mübahisələrin həlli təcrübəsinin qarşılıqlı təsiri nəticəsində inkişaf edən transmilli hüquqi normalar və prinsiplər sistemi kimi səciyyələndirilə bilər.


Top