Hər kəsin fikir və söz azadlığı vardır. Şəxsin fikrini ifadə etmək azadlığına öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq, onları yaymaq azadlığı daxildir. İfadə azadlığı hüququ həmçinin hər bir kəsin özünü ifadə etməsi kimi də başa düşülür.
İfadə azadlığının reallığa çevrilməsində media mühüm rola malikdir. Mətbuat demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi, onu xarakterizə edən əsas əlamətlərdəndir. Mətbuatın xüsusilə başqalarının nüfuz və hüquqlarına hörmət baxımından müəyyən sərhədləri keçməməli olduğuna baxmayaraq, onun vəzifəsi öhdəlik və məsuliyyətlərinə uyğun olaraq ictimai maraq doğuran bütün məsələlərlə bağlı informasiya və ideyaları yaymaqdır. Mətbuatın vəzifəsi yalnız belə məlumatları və ideyaları yaymaq deyildir. İctimaiyyətin də bu cür informasiya və ideyaları almaq hüququ vardır. Əks təqdirdə mətbuat "ictimai nəzarətçi" kimi mühüm rolunu yerinə yetirə bilməz.
Mətbuatın vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaq olmasına baxmayaraq, mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasını qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir.
Hər kəsin fikir və söz azadlığı hüququ fikri ifadə etmək azadlığı, öz fikrində qalmaq hüququ ilə yanaşı, heç kəsin öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilməməsini də əhatə edir.
İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.
Fikir və söz azadlığı “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsində, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində öz əksini tapmışdır.