E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Referendum

Referendum demokratik mexanizmlərdən biri olub, xalqın birbaşa iradəsini ifadə etmək üçün keçirilən səsvermə prosesidir. Hüquqi konteksdə referendum, qanunvericilik və ya siyasi əhəmiyyətli bir məsələ ilə bağlı qərarın qəbul edilməsi üçün seçicilərin birbaşa iştirakını təmin edən prosesdir. Bu üsul demokratik idarəetmə sistemlərində xalqın hakimiyyətin formalaşmasında və qərarların qəbul edilməsində iştirakını təmin etmək məqsədi daşıyır.

Referendumun əsas hüquqi xüsusiyyəti onun məcburi və ya məsləhət xarakteri daşımasıdır. Məcburi referendumda qəbul edilən qərar hüquqi qüvvəyə malik olur, yəni müvafiq qanun və ya qərarın həyata keçirilməsi üçün icbari xarakter daşıyır. Məsləhət referendumunda isə nəticələr qərar qəbul edən orqanlar üçün tövsiyə xarakterlidir.

Hüquqi sistemlərdə referendum, adətən, konstitusiyaya dəyişikliklərin edilməsi, ərazi məsələləri, suverenliklə bağlı qərarların qəbulu və ya mühüm ictimai məsələlərə dair qərarların təsdiqi üçün tətbiq olunur. Referendumun təşkili və keçirilməsi qaydaları hər bir ölkənin konstitusiyası və qanunvericiliyi ilə tənzimlənir.

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Bu maddədə həmçinin yalnız referendum yolu ilə həll edilən məsələlərin dairəsi müəyyənləşdirilmiş, buraya Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi aid edilmişdir. O cümlədən göstərilmişdir ki, vergilər və dövlət büdcəsi, amnistiya və əfv etmə və seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi məsələləri ilə əlaqədar referendum keçirilə bilməz.

Konstitusiyanın 151-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə referendumla qəbul edilən aktlar arasında ziddiyyət yarandıqda referendumla qəbul edilən aktlar tətbiq edilir.

Rəqəmsal hüquqlar

Rəqəmsal hüquqlar insanların rəqəmsal məkanlardan azad, təhlükəsiz, məxfi və davamlı şəkildə istifadə etmək imkanını təmin edən və bu məkanlarda həyata keçirilən insan hüquqlarıdır. Bunlar insanların rəqəmsal məkanlarda onlayn mühitdə öz fikirlərini sərbəst ifadə etməsini, informasiyanı yaymasını, əldə etməsini, internetə və informasiya-kommunikasiya texnologiyalarına azad və bərabər çıxış imkanının təmin edilməsini, şəxsi məlumatlarından azad istifadə etməsini, bu məlumatların məxfiliyinin təmin edilməsini, razılıq olmadan istifadə edilməməsini və kibertəhlükəsizlik sahəsində risklərdən qorunmasını təmin edən hüquqları əhatə edir. Bu hüquqlar internetin açıq olmasını tələb edir. Hər kəs cinsindən, irqindən, etnik, dini, siyasi və hər hansı mənsubiyyətindən və digər faktorlardan asılı olmayaraq bu hüquqlardan azad və bərabər şəkildə istifadə etməlidir. Bu hüquqlar təkcə rəqəmsal texnologiyalardan istifadə edənlərin deyil, bu texnologiyalardan istifadə etməyənlərin də hüquqlarının rəqəmsal mühitdə qorunmasını təmin etməyə istiqamətlənib. Bu hüquqların məhdudlaşdırılması yalnız xüsusi hallar və hüquqi əsaslar olduqda, dövlət təhlükəsizliyinə və suverenliyinə təhdid olduqda və rəqəmsal məkanlarda insan hüquq və azadlıqları kütləvi pozulduqda demokratik cəmiyyətin əsaslarına zərər verməyəcək şəkildə məhdudlaşdırıla bilər.

Rəqəmsal hüquqlar 13.07.2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilmiş “İnternetdə İnsan hüquqlarının təşviqi, qorunması və istifadəsi barədə” Qətnamədə, həmçinin Avropa Şurasının Nazirlər Komitəsinin CM/Rec(2003)9, CM/Rec(2006)12,  CM/Rec(2008)6 saylı Tövsiyələrində və  “İnternet istifadəçiləri üçün İnsan Hüquqları bələdçisinə dair” CM/Rec(2014)6 Tövsiyəsində də təsbit edilmişdir.

Rəqəmsal miras hüququ

Rəqəmsal miras hüququ, fiziki şəxsin ölümündən sonra onun rəqəmsal aktivlərinin idarə olunmasını və varislərə ötürülməsini tənzimləyən hüquq sahəsidir. Rəqəmsal aktivlərə e-poçt hesabları, sosial media profilləri, bulud yaddaşı, kriptovalyutalar, onlayn bank hesabları, domen adları, intellektual mülkiyyət və şəxsi fayllar daxildir.

Rəqəmsal aktivlərin miras yolu ilə ötürülməsi ənənəvi mülkiyyət hüquqları ilə müqayisədə daha mürəkkəbdir. Bir çox platformanın xidmət şərtləri (Terms of Service – TOS) istifadəçilərin hesablarını şəxsi və ötürülməz hesab edir. Bu isə varislərin aktivlərə girişini məhdudlaşdıra bilər. Məsələn, Facebook yalnız təyin olunmuş şəxsin onun hesabını idarə etmək üçün təyin etdiyi şəxs - hesab varisi; etibarlı nümayəndə; rəqəmsal varis və s. ("Legacy Contact") vasitəsilə hesabın memorial statusa keçirilməsinə icazə verir. Memorial status dedikdə istifadəçinin vəfatından sonra onun hesabının xatirə halına salınması nəzərdə tutulur. Google isə qeyri-aktiv hesab meneceri ("Inactive Account Manager") funksiyası ilə istifadəçilərə hesablarının ölümdən sonra idarə olunmasını planlaşdırmaq imkanı verir.

Rəqəmsal miras hüququ bir sıra dövlətlərdə hüquqi çərçivəyə salınmağa başlasa da, vahid beynəlxalq norma mövcud deyil. Misal üçün, Amerika Birləşmiş Ştatlarında “Rəqəmsal aktivlərə etibarlı şəxsin vahid giriş hüququ haqqında” qanun (Uniform Fiduciary Access to Digital Assets Act (UFADAA)) vəfat etmiş və ya fəaliyyət qabiliyyəti olmayan şəxslərin rəqəmsal aktivlərinə (e-poçt, sosial media, bulud hesabları və s.) etibarlı nümayəndələrin qanuni şəkildə çıxış imkanını tənzimləyir.

Avropa İttifaqı Fərdi məlumatların qorunması haqqında Ümumi Reqlamenti (GDPR) şəxsi məlumatların qorunmasını prioritet sayaraq, rəqəmsal irs məsələsini tənzimləmir, çünki bu Reqlament yalnız yaşayan şəxslərə tətbiq edilir. Bu isə, öz növbəsində, hüquqların varislərə ötürülməsi hallarını əhatə etmədiyini göstərir.

2018-ci il iyulun 12-də Almaniya Federal Məhkəməsi (Bundesgerichtshof, BGH) rəqəmsal sosial media hesablarına dair istifadəçi müqavilələrinin mirasa keçə biləcəyini tanımışdır. Hesab sahibinin vəfatı ilə istifadəçi müqaviləsi qanunla varislərə keçir və onlar mərhumun bu müqavilə üzrə hüquq və öhdəliklərini əldə edirlər.

Azərbaycan Respublikasının qanunvericiliyində rəqəmsal mirası tanıyan və ya birbaşa tənzimləyən müddəa mövcud deyil.

Ratione temporis yurisdiksiyası

Ratione temporis yurisdiksiyası (latınca tərcümədə "zamana görə yurisdiksiya (qüvvə)") hüquq mübahisələrində məhkəmə və ya tribunalın müəyyən bir dövrdə baş vermiş hadisə və faktlara dair səlahiyyətini ifadə edən prinsipdir. Başqa sözlə, bu anlayış, məhkəmənin yalnız müəyyən bir zaman çərçivəsində meydana gələn hüquqi məsələlərə və hadisələrə qərar vermək səlahiyyətinə malik olduğunu bildirir. Məsələn, məhkəmə yalnız müvafiq müqavilənin qüvvəyə mindiyi tarixdən sonra baş vermiş hadisələrlə bağlı qərar qəbul edə bilər. Bu prinsipə əsasən, məhkəmə müvafiq dövlətin Konvensiyanı ratifikasiya etdiyi tarixədək və ya həmin tarixə qədər müvafiq daxili orqanlarda baxılıb qərar qəbul edilmiş məsələlərlə bağlı şikayətləri icraata götürə bilməz.

Bununla yanaşı, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının “Dövlətlərin beynəlxalq hüquqa zidd əməllərinə görə məsuliyyəti haqqında” Maddələr Layihəsi-nə əsasən, davam edən hüquqa zidd hərəkət-beynəlxalq öhdəliyin pozulması ilə səciyyələnən və daimi xarakter daşıyan dövlət davranışıdır. Belə hallarda, müqavilənin qüvvəyə mindiyi tarixdən sonra baş verən hərəkətlər hüquqi baxımdan pozuntu kimi qiymətləndirildiyi üçün, tribunal həmin tarixdən sonrakı hərəkətlərə görə ratione temporis yurisdiksiyasına malik olur. Bununla belə, “müqavilənin qüvvəyə minməsindən sonra baş vermiş pozuntuların mənşəyini, səbəblərini və miqyasını anlamaq məqsədilə” nəzərə alına bilər.

Bu növ yurisdiksiya, adətən, beynəlxalq müqavilələrdə və hüquqi sənədlərdə açıq şəkildə müəyyən edilir. Məsələn, müqavilə və ya protokol müəyyən bir tarixdə qüvvəyə mindiyinə görə həmin sənəd yalnız bu tarixdən sonra baş verən hadisələrə tətbiq edilir.

Beynəlxalq məhkəmələr və tribunalar yalnız onların səlahiyyət dövrünə daxil olan hadisələrlə bağlı qərar çıxara bilər. Əgər hadisə və fakt bu dövrə aid deyilsə, məhkəmə həmin məsələ üzrə yurisdiksiyaya malik olmur.

Əgər bir müqavilə və ya sənəddə ratione temporis yurisdiksiyasına dair konkret müddəa yoxdursa, tribunal və məhkəmələr beynəlxalq adət hüququ əsasında qərar qəbul edə bilərlər.

Bu prinsipin tətbiqinə nümunə olaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yalnız Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə mindiyi tarixdən (1953-cü ildən) sonra baş verən hüquq pozuntuları ilə bağlı şikayətləri qəbul edir. Konvensiyanın 1-ci maddəsinə əsasən, insan hüquqlarına hörmət olunması öhdəliyi Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Bu maddə Konvensiyanın tətbiq sahəsini müəyyən edir və yalnız qüvvəyə mindiyi tarixdən sonrakı pozuntuları əhatə edir.

Həmçinin, Beynəlxalq Ədalət Məhkəməsinin Statutunun (1945) 36-cı maddəsinə görə, Məhkəmənin yurisdiksiyasına tərəflərin ona təqdim etdiyi işlər və BMT Nizamnaməsi və ya qüvvədə olan müqavilə və konvensiyalarda nəzərdə tutulan məsələlər daxildir. Məhkəmə yalnız təsis olunduğu tarixdən sonrakı mübahisələrə baxa bilər.

Beynəlxalq Cinayət Məhkəməsi də Roma Statutunun (1998) 11-ci maddəsinə əsasən, yalnız Statut qüvvəyə mindikdən sonra törədilmiş cinayətlərə münasibətdə yurisdiksiyaya malikdir. Hətta dövlət sonradan Statutun iştirakçısı olsa belə, Məhkəmə yalnız Statutun qüvvəyə mindiyi tarixdən sonrakı cinayətlər üzrə yurisdiksiyasını tanıyır.

Ratione personae

Ratione personae (latınca: “şəxs əsasına görə”) – beynəlxalq hüquqda beynəlxalq məhkəmə və ya tribunalın səlahiyyətini həyata keçirə biləcəyi subyekt kateqoriyalarını (fiziki və ya hüquqi şəxslər, dövlətlər və ya beynəlxalq təşkilatlar) müəyyən edən yurisdiksiya növü. Bu anlayış müəyyən edir ki, hansı kateqoriya və ya statusda olan şəxslər məhkəmə icraatında tərəf kimi çıxış edə bilər, kim hüquqi məsuliyyət daşıya və ya immunitetdən istifadə edə bilər. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, BCM-in yurisdiksiyası fiziki şəxslərə aiddir. Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Statutunun 34-cü maddəsinin 1-ci hissəsinə əsasən, BƏM-də baxılan işlərdə yalnız dövlətlər tərəf ola bilər.

Ratione personae ratione materiae (məsələyə görə) və ratione temporis (zamana görə) ilə birlikdə yurisdiksiyanın üç əsas ölçüsündən biridir. Bu prinsiplər birlikdə məhkəmənin və ya tribunalın hansı şəxslər, hansı məsələlər və hansı dövrlər üzrə səlahiyyətə malik olduğunu müəyyənləşdirir.

Ratione personae məhkəmələrə müraciət edilərkən ərizə və şikayətlərin qəbul edilənliyi üçün mühüm rol oynayır. Bu zaman ərizəçi və ya şikayətçilərin şəxsiyyətini və ya statuslarını müəyyən etmək də əhəmiyyətlidir. Məsələn, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Mastilović və digərləri Monteneqroya qarşı (2022, §§ 35–36) işdə ərizəçilərin ad, soyad və cinsiyyət məlumatlarının daxili məhkəmə sənədlərindən fərqli olması səbəbindən onların şəxsiyyətini müəyyən etməyin çətinliyinə əsaslanaraq, anonimlik əsası ilə deyil, ratione personae prinsipi ilə şikayəti qəbuledilməz hesab etmişdir.

Reproduktiv hüquqlar

Reproduktiv hüquqlar – kişilərin və qadınların məlumat almaq və öz seçimlərinə uyğun olaraq təhlükəsiz, səmərəli, əlverişli və əlçatan doğuşu tənzimləmək üsullarından istifadə etmək və həmçinin qadınların təhlükəsiz hamiləlik və doğuşunu təmin edən və cütlərə sağlam uşaq dünyaya gətirmək üçün ən yaxşı imkan yaradan səhiyyə xidmətlərindən istifadə hüququ. Reproduktiv hüquqlar milli qanunvericilikdə, beynəlxalq insan hüquqları sənədlərində və konsensusla qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının digər müvafiq sənədlərində artıq tanınmış müəyyən insan hüquqlarını əhatə edir. Bu hüquqlar bütün cütlüklərin və fərdlərin uşaqlarının sayı, doğuşun məsafəsi və vaxtı ilə bağlı sərbəst qərarlar qəbul etmək və bunun üçün lazımi məlumat və vasitələrə malik olmaq  hüququnun tanınmasına əsaslanır.

Ratione loci yurisdiksiyası (ərazi aidiyyəti)

Hüquq elmində ratione loci yurisdiksiyası (lat. ratione loci – “əraziyə görə”) məhkəmənin və ya digər səlahiyyətli orqanın hüquqi səlahiyyətlərinin müəyyən bir coğrafi ərazi ilə bağlılıq əsasında həyata keçirilməsini ifadə edən fundamental hüquqi prinsipdir.  Bu anlayış yurisdiksiyanın klassik meyarlarından biri olmaqla, hüquqi mübahisələrin hansı dövlətin və ya hansı məhkəmənin səlahiyyətinə aid olduğunu müəyyən etmək məqsədi daşıyır.

Beynəlxalq hüquqda ratione loci yurisdiksiyası dövlət suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə sıx bağlıdır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində (maddə 2) təsbit edilmiş suveren bərabərlik prinsipi dövlətlərin öz əraziləri daxilində müstəsna yurisdiksiyaya malik olduqlarını təsdiq edir. Bu baxımdan, dövlətin yurisdiksiyası, əsasən, onun beynəlxalq səviyyədə tanınmış ərazisi ilə məhdudlaşır.

İnsan haqları hüququnda ratione loci yurisdiksiyası xüsusi əhəmiyyət kəsb edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1-ci maddəsinə əsasən, iştirakçı dövlətlər Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqları “öz yurisdiksiyası daxilində olan hər kəs üçün” təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu müddəanı şərh edərək vurğulamışdır ki, əsas qayda olaraq Konvensiya öhdəlikləri dövlətin ərazi yurisdiksiyası çərçivəsində tətbiq olunur. Bununla yanaşı, Məhkəmə müəyyən hallarda dövlətin effektiv nəzarət həyata keçirdiyi ərazilərdə də ratione loci yurisdiksiyasının yarana biləcəyini qəbul etmişdir (“Çıraqov və digərləri Ermənistana qarşı”).

Beynəlxalq cinayət hüququnda da ratione loci yurisdiksiyası əsas prinsiplərdən biri hesab olunur. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 12-ci maddəsinə əsasən, Məhkəmə cinayətin iştirakçı dövlətin ərazisində törədildiyi hallarda yurisdiksiyanı həyata keçirə bilər. Bu norma cinayət məsuliyyətinin ərazi bağlılığı prinsipinə əsaslandığını göstərir.

Ratione loci yurisdiksiyası hüquq elmində hüquqi səlahiyyətlərin ərazi bağlılığı əsasında müəyyən edilməsini təmin edən əsas mexanizm kimi çıxış edir və həm milli, həm də beynəlxalq hüquq sistemlərində yurisdiksiya məsələlərinin həllində mühüm rol oynayır.

Rəqəmsal ləyaqət hüququ

Rəqəmsal ləyaqət hüququ (right to digital dignity) – fərdin rəqəmsal mühitdə onun şəxsi həyatına, reputasiyasına, identikliyinə və məlumatlarına müdaxilə edən dövlət və ya özəl subyektlərin fəaliyyətindən qorunmasını, eləcə də alqoritmik və informasiya texnologiyaları vasitəsilə insanın obyektləşdirilməsinin qarşısının alınmasını təmin edən, insan ləyaqətinə əsaslanan insan haqlarının tərkib hissəsidir. 

Həmçinin, bu hüquq – insanın rəqəmsal mühitdə (internet, süni intellekt sistemləri, sosial platformalar, biometrik və böyük məlumat bazaları və s.) öz şəxsiyyətinin, şərəf və ləyaqətinin, identikliyinin və şəxsi məlumatlarının alçaldıcı, manipulyativ, diskriminasiyaedici və ya qeyri-insani rəftar formalarından qorunmasını təmin edən fundamental  hüquqdur və aşağıdakı elementlərdən ibarətdir:

1) rəqəmsal şəxsi həyatın toxunulmazlığı; 2) onlayn reputasiya və identikliyin qorunması; 3) şəxsi məlumatların qanunsuz emalından müdafiə; 4) dövlətin pozitiv öhdəlikləri (rəqəmsal mühitdə qorumanı təmin etmək).

"Rəqəmsal ləyaqət hüququ" beynəlxalq hüquqda nisbətən yeni anlayışdır və bir çox hallarda mövcud fundamental insan hüquqlarının rəqəmsal mühitə adaptasiyası kimi çıxış edir. Bu anlayışın kökü “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 1-ci maddəsinə – insan ləyaqətinin ümumi prinsipinə söykənir: “Bütün insanlar azad, ləyaqət və hüquqlar baxımından bərabər doğulurlar”. Bu norma rəqəmsal mühit də daxil olmaqla, bütün hüquqi münasibətlərdə insan ləyaqətinin üstünlüyünü təsbit edir. Bundan başqa, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın preambulası insan hüquqlarının “insan şəxsiyyətinə xas olan ləyaqət”dən irəli gəldiyini təsdiq edir.  

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) praktikasında "rəqəmsal ləyaqət hüququ" termini ayrıca bir maddə kimi mövcud olmasa da, bu anlayış “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi (Şəxsi və ailə həyatına hörmət hüququ) və bəzi hallarda 3-cü maddəsi (İşgəncələrin qadağan edilməsi – ləyaqəti alçaldan rəftar kontekstində) çərçivəsində inkişaf etdirilir. Məhkəmə hesab edir ki, şəxsin ləyaqəti onun cəmiyyətdəki reputasiyası ilə birbaşa bağlıdır. İnternetdə yayılan məlumatlar fərdin "rəqəmsal simasını" formalaşdırır. Pfeifer Avstriyaya qarşı iş üzrə İHAM qeyd etmişdir ki, şəxsin reputasiyası onun şəxsi identikliyinə və mənəvi bütövlüyünə daxildir. Rəqəmsal mühitdə bu reputasiyaya hücum birbaşa ləyaqətə hücumdur.

Ləyaqət həm də fərdin onlayn zorakılıqdan (kiber-təqib) qorunmasını nəzərdə tutur. İHAM başqa bir işdə (Buturugă Rumıniyaya qarşı) onlayn yazışmaların qanunsuz izlənilməsini və kiber-zorakılığı ailədaxili zorakılığın bir forması kimi qiymətləndirərək, dövlətin fərdin rəqəmsal ləyaqətini və təhlükəsizliyini qorumaq öhdəliyini vurğulamışdır.

Avropa Şurası isə rəqəmsal ləyaqəti aşağıdakı komponentlərlə əlaqələndirir:

1) şəxsi həyatın toxunulmazlığı: fərdin rəqəmsal izlərinin onun iradəsi əleyhinə istifadə edilməməsi; 2)  unudulmaq hüququ (right to be forgotten): şəxsin ləyaqətinə xələl gətirən köhnəlmiş və ya qeyri-dəqiq məlumatların silinməsini tələb etmək hüququ.

Ratione materiae yurisdiksiyası

Ratione materiae yurisdiksiyası (predmet üzrə aidiyyət) – məhkəmə və ya digər səlahiyyətli orqanın müəyyən hüquq sahəsinə, hüquqi münasibətin predmetinə və ya işin mahiyyətinə uyğun olaraq səlahiyyətli olmasını ifadə edən əsas yurisdiksiya növü dür. Ratione materiae yurisdiksiyası anlayışı hüquqi mübahisələrin hansı məhkəmə və  ya orqan tərəfindən baxılmalı olduğunu müəyyən etməklə, məhkəmə sistemində funksional bölgünün və ixtisaslaşmanın təmin edilməsinə xidmət edir.

Milli hüquq sistemlərində ratione materiae yurisdiksiyası adətən cinayət, mülki inzibati, kommersiya, konstitusiya icraatı formasında təzahür edir. Bu prinsip hüquqi mübahisənin predmeti ilə məhkəmənin səlahiyyətləri arasında uyğunluğun təmin olunması kimi çıxış edir.

Beynəlxalq hüquqda ratione materiae yurisdiksiyası beynəlxalq məhkəmələrin və arbitraj orqanlarının səlahiyyətlərinin müəyyən edilməsində həlledici əhəmiyyətə malikdir. Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna əsasən Məhkəmə yalnız dövlətlərarası hüquqi mübahisələrə baxmaq səlahiyyətinə malikdir və fərdi şəxslər onun ratione materiae yurisdiksiyasına daxil deyildir. Bu, beynəlxalq məhkəmənin predmet üzrə səlahiyyətlərinin məhdud xarakter daşıdığını göstərir.

İnsan haqları hüququnda ratione materiae yurisdiksiyası Avropa İnsan Hüquqları Məhkəməsinin  fəaliyyətində  aydın şəkildə müşahidə olunur. Məhkəmə yalnız İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın və onun əlavə protokollarında təsbit edilmiş hüquqların pozuntuları ilə bağlı şikayətləri qəbul edir. Konvensiyada nəzərdə tutulmayan hüquqlar üzrə müraciətlər ratione materiae baxımından qəbuledilməz hesab edilir. Bu yanaşma Avropa İnsan hüquqları  Məhkəməsinin geniş presedent hüququnda ardıcıl şəkildə təsdiqlənmişdir.

Beynəlxalq cinayət hüququnda ratione materiae yurisdiksiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 5-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, Məhkəmənin predmet üzrə yurisdiksiyası yalnız soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti ilə məhdudlaşır. Bu, beynəlxalq cinayət məsuliyyətinin yalnız ən ağır cinayətlərlə əlaqədar tətbiq edildiyini göstərir.     

Beləliklə, ratione materiae yurisdiksiyası hüquq elmində yurisdiksiyanın hüdudlarını predmet meyarı əsasında müəyyən edən fundamental anlayış olub, ədalət mühakiməsinin səmərəli, ixtisaslaşmış və qanunauyğun şəkildə həyata keçirilməsinin əsas şərtlərindən biridir.