A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Təhsil hüququ

Hər bir insan təhsil almaq hüququna malikdir. Təhsilin ən azı ibtidai və orta səviyyələrdə pulsuz olması nəzərdə tutulur. İbtidai təhsilin icbari və pulsuz olmadığı dövlətlər belə hər kəs üçün təhsili təmin etmək üçün fəaliyyət planı hazırlamağı öhdəsinə götürür.  

Azərbaycan Respublikasında dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Bu hüququn həyata keçirilməsində istənilən əsaslara görə ayrı-seçkilik qadağandır.

Hamının texniki və peşə təhsili almaq, həmçinin, qabiliyyəti əsasında ali təhsil almaq imkanı olmalıdır. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Həmçinin, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına dövlət tərəfindən şərait yaradılır.

Azərbaycan Respublikasında təhsilin əsas məqsədi dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaqdır.

Təhsil hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 13 cə 14-cü maddələri, “Uşaq hüquqları haqqında” Konvensiyanın 28-ci maddəsində əks olunmuşdur.

Təhlükəsiz yaşamaq hüququ

Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

Dövlət yurisdiksiyası daxilində olan şəxslərin həyatını təhlükədən qorumaq məqsədilə lazımi tədbirlər görmək üçün pozitiv öhdəlik daşıyır. Pozitiv öhdəliklər isə dövlətlərə hər kəs üçün dövlətin daxili sistemində yaşamaq hüququnun pozuntularına qarşı hərtərəfli müdafiəni təmin edən müvafıq qanunlar, səmərəli cinayət mühakimə icraatı sisteminin mövcudluğunu təmin etmək tələbini qoyur.

Dövlət sənaye və ya ekoloji fəlakətlər də daxil olmaqla təhlükəli fəaliyyət sahələri, əhalinin həssas qruplarından olan şəxslərə göstərilən tibbi xidmət və qayğı kontekstində, həmçinin azadlıqdan məhrum edilmiş şəxslərin həyatının təhlükəsizliyinə qəsd edən cinayətlərdən müdafiəyə təminat verir.

Dövlətin, xüsusən də hüquq-mühafizə orqanlarının şəxsin həyatının təhlükəsizliyini qorumaq vəzifəsi mütləq zərurətdən irəli gələn güc və odlu silah tətbiqi üçün məhdud şərtləri müəyyən edən müvafiq beynəlxalq standartlara uyğun hüquqi və inzibati çərçivələr yaratmağı tələb edir. Dövlət bu hüququ təmin etmək üçün preventiv(qabaqlayıcı), qoruyucu və cəza tədbirləri müəyyən edir.

Təhlükəsiz yaşamaq hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsində, Cinayət Məcəlləsinin 18-ci fəslində, habelə, Ümumi İnsan Hüquqları Bəyannaməsinin 3-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2-ci, 3-cü və 5-ci maddə, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı maddəsində təsbit olunmuşdur.

Təkrarən mühakimə edilməmək və ya cəzalandırılmamaq hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası demokratik dəyərlərə, qanunun aliliyinə və ədalətə əsaslanan dövlət quruculuğu yolunu seçərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini öz ali məqsədi elan etmişdir. Hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə təkrar cəza ola bilməz (non bis in idem) prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq, əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmçinin, həmin hüquq öz konstitusion-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz. Mahiyyət etibarı ilə adıçəkilən hüquq realizə olunmağına və təminatına münasibətdə həm qanunvericiyə, həm də təqsirləndirilən şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir. Belə ki, qanunvericilik əlaqədar normalar qəbul edərkən və ya mövcud normalarda hər hansı dəyişikliklər edərkən sözügedən hüququn mövcudluğundan və mahiyyətindən irəli gələn məsələləri nəzərə almalıdır. Eyni qaydada hüquqtətbiqedicilər (hakim və digər vəzifəli şəxslər) normanın düzgün realizəsi üçün vəzifələrini düzgün yerinə yetirməlidirlər.

Bir əmələ görə təkrar məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.


Top