A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Mülkiyyət hüququ

Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Mülkiyyət hüququna müdaxiləyə legitim məqsədlə - yalnız qanunun aliliyi prinsipinə əsaslanmaqla yol verilə bilər. Mülkiyyətdən məhrumetmənin bütün hallarında ədalətli kompensasiya ödənilməsi təmin olunmalıdır.

Azərbaycan Respublikasında heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Mülkiyyət hüququ ilə bağlı müddəalar Konstitusiyanin 29-cu maddəsində, Mülki Məcəllədə, həmçinin, Ümumdünya insan hüquqları Bəyannaməsinin 17-ci maddəsində, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapır.

Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi

Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur”.

Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə bu, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

Məhkəməyə təkrar müraciət hüququ

Konstitusiyanın 65-ci maddəsində təsbit edilmiş məhkəməyə təkrar müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır və ilk növbədə, məhkəmə səhvlərinin tezliklə aradan qaldırılmasına xidmət edir. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. Bunun üçün isə qanunvericilikdə yeni məhkəmə icraatlarının və prosedurlarının tətbiqi ilə məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici ilk növbədə pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, yanlış məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz. Dövlətin hüquq və azadlıqların səmərəli müdafiəsini təmin etmək öhdəliyi baxımından belə qərarların qüvvədə qalması yol verilməzdir. Ona görə də, ədalət mühakiməsinin həyata keçirilməsi qaydasını müəyyən edərkən qanunverici məhkəmə sistemi çərçivəsində bu cür səhv qərarların aradan qaldırılmasının hüquqi mexanizmini də nəzərdə tutmuşdur.

Milli mənsubiyyət hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsinə, əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Respublikada insan ləyaqəti qorunur və ona hörmət edilir. Bundan əlavə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Milli mənsubiyyət hüququnun təmin edilməsi dövlətin tolerantlığının, dünyəviliyinin və demokratikliyinin göstəricisidir. Sözügedən hüquq irqindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və əqidəsindən asılı olmayaraq hər bir şəxsə şamil edilir. Milli mənsubiyyət məsələsi “etnos” və ya “soykök” lə bağlı məsələdir. Bu anlayış bioloji deyil, sosiolojidir. Yəni o, tərbiyə, əxlaq və s. ilə müəyyənləşir və fərdin bioloji xüsusiyyətləri ilə şərtlənmir. Azərbaycanda yaşayan və onun vətəndaşı olan şəxs əcnəbi valideyndən dünyaya gələ bilər, lakin gördüyü tərbiyə və yaşadığı mühit əsasında özünü əcnəbi deyil, azərbaycanlı hesab edir. Ümumilikdə, milli mənsubiyyət insan üçün vacib amildir. Bu hal fərdin özünü müəyyən bir etnosla eyniləşdirməsi deməkdir. Fərd özünü hər hansı xalqın nümayəndəsi hesab edərək onun mənəvi dəyərlərini, mədəniyyətini, adətlərini və ənənələrini qəbul edir. Bu mənada milli mənsubiyyət məsələsi şəxsiyyət üçün istiqamətverici rol oynayır. Milli mənsubiyyətin müəyyənləşdirilməsi üçün müxtəlif əlamətlərin nəzərdən keçirilməsi vacibdir. Buraya dil, din, adət-ənənə və s. aiddir. Beynəlxalq aktlarda bir-sıra hallarda onun əvəzinə “milli azlıqlar” söz birləşməsi istifadə edilir.

Qeyd edilənlərdən əlavə olaraq, milli mənsubiyyət fərdin hüquqi statusuna hüquqi amil kimi təsir etmir. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddə əks etdirilən məlumatlar sırasında fərdin milli mənsubiyyəti qeyd edilmir. Adıçəkilən hüquqdan istifadə etmə fərdə imkan verir ki, aid olduğu etnosun adət-ənənələrini həyata keçirsin, öz həyatında həmin etnosun sosial normalarını tətbiq və təqlid etsin.

Müraciət hüququ

Hər kəsin öz hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini qorumaq və həyata keçirmək üçün dövlət və bələdiyyə orqanlarına, dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ var. Müraciət etmək hüququ sərbəst və könüllü həyata keçirilir. Müraciət hüququnun həyata keçirilməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

Bu hüquq bir tərəfdən, hər kəsin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini dövlət orqanlarının qanunsuz hərəkətlərindən qorumaq məqsədi daşıyır (buna görə də özünümüdafiə üsullarından biridir), digər tərəfdən fikir azadlığının ifadə formasıdır. Bundan əlavə, müraciət etmək hüququ birbaşa demokratiyanın alətidir, çünki xalqın mənafeyini, fikrini, tələblərini əks etdirən həm fərdi, həm də kollektiv müraciətlər şəklində xalqın iradəsini dövlətə çatdırır.

Publik orqanlara müraciət etmək konstitusion hüququnun vətəni İngiltərə sayılır. Məhz burada 1689-cu il tarixli “Hüquqlar haqqında” Bəyannamədə ilk dəfə olaraq “təbəələrin krala vəsatətlə müraciət etmək qeyri-məhdud hüququ” əks olunmuş və belə vəsatətə görə tutma yaxud hər hansi bir formada təqib qanunsuz hesab edilirdi.

Publik hakimiyyət orqanlarına müraciət etmək hüququ beynəlxalq hüquqda birbaşa göstərilməsə də, o maddi hüquq norması kimi digər insan hüquq və azadlıqlarından (müdafiə hüququ, ifadə azadlığı) irəli gəlir. Bununla yanaşı, beynəlxalq hüquqda pozulmuş hüquqların müdafiəsi üçün səlahiyyətli orqanlara (BMT-nin Baş Assambleyası yanında İnsan hüquqları Şurası, Avropa İnsan hüquqları məhkəməsi və s.) müraciət etmək prosessual hüquq kimi təsbit olunur.

Mənzil toxunulmazlığı hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Qanunvericiliyə uyğun olaraq, məhkəmə qərarı və ya qanunla müəyyən edilən hallarda səlahiyyətli subyektlər mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil ola, zəruridirsə, axtarış və digər istintaq hərəkətləri apara bilərlər.

Vətəndaşların mənzil toxunulmazlığı hüququnun qorunması dövlətin pozitiv öhdəliklərindən biridir və səlahiyyətli qurum bunun icrası üçün zəruri addımlar atmalıdır. Bu addımlar qanunvericiliyin təkmilləşdirilməsi, hüquq mühafizə orqanlarının və ya aidiyyəti digər qurumların səlahiyyət həddinin dəyişdirilməsi və digər formalarda təzahür edə bilər.

Vətəndaşın mənzil toxunulmazlığı hüququ təkcə onun fiziki yaşayış sahəsi üzərində hüququnu deyil, həm də dinc şəraitdə yaşamaq hüququnu əhatə edir. Müdaxilə həm fiziki formada, məsələn, şəxsin evinə icazəsiz daxil olma formasında, həm də qeyri-fiziki formada, məsələn, səs-küy, xoşagəlməz qoxu və s. formada baş verə bilər. Bu hüquq dövlət orqanları tərəfindən, xüsusən məhkəmə qərarlarının icrası ilə əlaqədar olaraq, müəyyən tədbirlərin görülməsini özündə ehtiva edə bilər .

Mənzil toxunulmazlığı hüququ Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə yanaşı, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 17-ci maddəsində və Əlillərin hüquqları haqqında Konvensiyanın 22-ci maddəsində öz əksini tapır.

Mənzil hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Normadan müəyyən etmək olur ki, mənzil hüququnun və şəxsin bu istiqamətdə mənafelərinin qorunması dövlətin prioritet məsələlərindəndir. Bundan başqa dövlət müxtəlif sosial-iqtisadi layihələr və strateji planlar icra etməklə insanların mənzil hüquqlarını realizə etməyinə şərait yaradır və bunu təşviq edir.

Mənzil hüququ vətəndaşların müstəsna hüquqlarından biridir. Hər bir vətəndaş hər hansı məhdudiyyət qoyulmadan qanunvericiliyə uyğun şəkildə istənilən sayda mənzilə sahib ola bilər. Mənzil hüququ özlüyündə onu ehtiva edir ki, fərd istənilən yaşayış məntəqəsində yaşayış sahəsi ala və ya tikə bilər, həmçinin istəyinə uyğun formada və qanunvericiliyinə zidd olmayan şəkildə əmlakına daxili və xarici dəyişiklilklər edə bilər. Fərd mənzilindən elə istifadə etməlidir ki, bu başqalarının və dövlətin mənafeyinə zidd olmasın. Mənzilin harda yerləşməsi bəzi hallarda mənzil sahiblərinin hüquqlarını məhdudlaşdıra bilər. Məsələn, tarix və mədəniyyət abidəsi olan binalarda yerləşən mənzillərin sahiblərinin üzərinə binanın qorunması məqsədilə əlavə öhdəliklər qoyula bilər.

Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə əsaslanır. Habelə, adıçəkilən Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam vermə üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi bu hüququn təminatının əsas amillərindəndir.

Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Mənzil Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Mənzil hüququna dair analoji müddəalar "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 13-cü maddəsində, "İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında" Avropa Konvensiyasının 4 №-li protokolunun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur.

Məhkəmə səhvinə görə kompensasiya

Məhkəmə səhvinə görə kompensasiya - Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Qeyd olunan aktlarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 56-cı maddəsi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərin dairəsini təsbit etmişdir.

Bununla yanaşı, Konstitusiyasının 68-ci maddənin II hissəsində və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı Protokolun 3-cü maddəsinə əsasən, “Şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əfv edildikdə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövlətin qanununa və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır”. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiy­asının 5-ci maddəsi bu hüquqla əlaqədar müddəaları nəzərdə tutur.

Mədəniyyət hüququ

Mədəniyyət hüququ ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu olaraq, hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ kim başa düşülür.

Mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bərpası, mənimsənilməsi və təşviqi, həmçinin mədəniyyət xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət və mədəni həyatda iştirak etmək hüququ dövlət tərəfindən təmin edilir.

Mədəniyyət sahəsində hər kəsin hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.

Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sosial mənşəyindən, sağlamlıq imkanlarından, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində öz hüquq və azadlıqlarını həyata keçirməsinə təminat verir.

Bütün mədəni hüquqlardan kişi və qadınların bərabər istifadəsinə təminat dövlətlərin öhdəliyi olaraq qəbul edilir.

Dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların mədəniyyətlərinin, hüquq və azadlıqlarının bərabərliyi və öz mədəniyyətlərini qorumaq, öz mədəni kimliklərini müəyyən etmək, mədəni sərvətlərini bərpa etmək, gücləndirmək və inkişaf etdirmək hüququ vardır.

Hər kəsin öz mədəni kimliyini, ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradıcılıq fəaliyyətini seçməkdə, mədəni sərvətlərin yaradılmasında, mədəni nemətlərdən bərabər istifadə etməkdə tam sərbəstdir.

Dövlət tərəfindən qorunan  və mühafizə olunan mədəniyyət abidələrinin qəsdən məhv etmə və ya korlama böyük ictimai təhlükə törətməyən cinayət əməli hesab olunur

Mədəniyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın (1966-cı il) 3-cü maddəsində və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmişdir.


Top