E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Özbaşınalıqdan müdafiə və vicdanlı (ədalətli) davranış hüququ

1. Özbaşınalıqdan müdafiə dedikdə, təsadüfi seçimə, özündən məmnunluğa və ya əsassız  mülahizələrə dayanan  hərəkətlərin və ya hərəkətsizliklərin, qərarların və ya qaydaların qarşısını almaq və ya onlara etiraz etmək məqsədi daşıyan meyarlara və ya prinsiplərə aid anlayış kimi başa düşülməlidir. Hüquqi mənada özbaşınalıqdan müdafiə, çox vaxt şəxslər və ya qruplar barəsində hakimiyyət orqanlarına və ya onların qurumlarına məxsus ədalətsiz və ya ayrı-seçkilik xarakterli davranışlarından (rəftarlarından) müdafiə edilməni səciyələndirir. O, qanunun aliliyi, lazımi prosessuallıq, qanun qarşısında bərabərlik və ya fundamental insan haqlarının ayrılmazlığı və bölünməzliyi kimi müxtəlif hüquq prinsiplərinə əsaslanır. Bundan başqa o, hakimiyyətdə olan bütün səlahiyyətli şəxslərin qərarlarının, hərəkət və ya hərəkətsizliklərinin özbaşınalıqdan çox, rasionallığa, ardıcıllığa və ədalətə əsaslanmasını təmin etməyə imkan yaradır.

Özbaşınalıqdan müdafiə hüququ şəxsləri təsadüfi, əsassız və ya müvafiq haqq-ədalətə söykənməyən hərəkətlərdən (hərəkətsizliklərdən) və ya qərarlardan müdafiə edilməsini ifadə edir. Bununla yanaşı, ayrı-seçkilikdən və etinasızlıqdan fərqli  olaraq hakimiyyət orqanları və ya onların ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən qəbul edilən aydın və obyektiv meyarlara söykənən qərarlar da şəxslərin (fərdlərin) özbaşınalıqdan müdafiə hüququnu təmin edir. Özbaşınalıqdan müdafiə hüququ əsasən, cəmiyyətdə ədalətliliyi,  əvvəlcədən proqnozlaşdırılmanı və qanunun aliliyini təmin edən vacib şərtlərdən biridir.

2. Vicdanlı davranış (Ədalətli rəftar) hamı ilə bərabər, ədalətli və qərəzsiz rəftar etməyi əhatə edir. Mənşəyindən, mövqeyindən və olduğu şəraitdən asılı olmayaraq, o, bütün şəxslərin hüquqlarına, mənafelərinə və ləyaqətinə hörməti nəzərdə tutur. Ədalətli davranış tərəflər arasında, habelə müqavilə razılaşmalarında (bağlanmış əqdlərdə), əmək münasibətlərində və ya məhkəmə prosesslərində mövcud olan qarşılıqlı münasibətlərdə, xüsusilə aktualdır. O, tərəfləri həmin  münasibətlərdə  ləyaqətli və ədalətli olmağa, habelə bir-birilərinə hörmətlə yanaşmağa çağırır.

Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququnun qorunub saxlanılması (müdafiə edilməsi) ədalətli və bərabərhüquqlu cəmiyyətə töhfə verməklə yanaşı, eyni zamanda da hesabatlılığı, şəffaflığı və qanunun aliliyini təşviq edir.

AR Konstitusiyasınını 68-ci maddəsinə (Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ) əsasən “Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır”. Ümumdünya insan hüquqları Bəyannaməsinin 7-ci maddəsinə müvafiq olaraq “Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrı-seçkilik aktından və belə bir ayrı-seçkiliyə hər cür təhrikdən müdafiə olunmaqda bərabər hüquqlara malikdirlər”. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cü maddəsinə uyğun olaraq “Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya tutulub saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir”. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyanın 5-ci maddəsinə əsasən “Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir”.  Həmçinin, “İnsan və xalqların hüquqları haqqında” Afrika Xartiyasının(27 iyun 1981) 7-ci və 9-cu maddələri də özbaşınalığı qadağan edir.

Öz mənşəyini öyrənmək hüququ

Öz mənşəyini öyrənmək hüququ — şəxsin öz bioloji valideynləri və ailə mənsubiyyəti haqqında məlumat əldə etmək hüququ. Bu hüquq milli hüquqda Konstitusiya, Ailə Məcəlləsi və beynəlxalq hüquq normalarının məcmusundan irəli gələn kompleks hüquq hesab edilir.  

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şəxsin öz mənşəyini və valideynlərinin kimliyini öyrənmək üçün məlumat əldə etmək hüququnu şəxsi və ailə həyatına hörmət hüququ çərçivəsində qorunan fərdi identikliyin tərkib hissəsi kimi tanımışdır (Odyevr Fransaya qarşı, 42-ci bənd; Qaskin Birləşmiş Krallığa qarşı, 39-cu bənd). Habelə, Məhkəmə başqa bir qərarda qeyd etmişdir ki, uşağın atası olduqlarını iddia edən şəxsləri DNT testindən keçirmək dövlətlər üçün məcburi deyil; lakin hüquq sistemində atalıq barədə iddianın müstəqil orqan tərəfindən tez bir zamanda həll edilməsinə imkan verən alternativ vasitələr nəzərdə tutulmalıdır. Məsələn, Mikuliç Xorvatiyaya qarşı məhkəmə işində (52-55-ci bəndlər) nikahdankənar əlaqədən doğulmuş ərizəçi şikayət etmişdir ki, Xorvatiyanın məhkəmə sistemi atalıq məsələsinin həllində səmərəli deyil və bu səbəbdən onun fərdi identikliyi qeyri-müəyyən vəziyyətdə qalmışdır. Beləliklə, Xorvatiyanın hakimiyyət orqanları ərizəçinin Konvensiya əsasında malik olduğu şəxsi həyatına “hörmət” hüququnu təmin etməmişdir (eyni mənbə, 68-ci bənd). Digər məhkəmə qərarında isə qeyd olunur ki,  xüsusilə həssas durumda olan, məsələn, əlilliyi olan uşaqların atalarının kimliyi barədə məlumat əldə edə bilmələrinə imkan yaradan prosedurlar mövcud olmalıdır (A.M.M. Rumıniyaya qarşı, 58-65-ci bəndlər).

Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi toxunulmazlıq” hüququ  adlanan  32-ci maddəsinin 2-ci hissəsində  təsbit edilmiş  “Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır ” norması şəxsin öz kimliyi və mənşəyi haqqında məlumat əldə etməsi ilə əlaqəlidir. Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən  uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı (rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması (Ailə Məcəlləsi, mad.45), doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd (mad. 46), atalığa, analığa dair mübahisə açma (mad. 47) şəxsə bioloji valideynlərini müəyyən etmək və mənşəyini hüquqi qaydada tanımaq imkanları verir.


Top