Çəkişmə prinsipi – müasir hüquqi dövlətlərdə ədalətli məhkəmə baxışının əsas prinsiplərindən biri. Bu prinsipə görə, məhkəmə baxışı zamanı proses iştirakçıları – mülki işlərdə iddiaçı və cavabdeh, cinayət işlərində isə ittiham və müdafiə tərəfləri – öz mövqelərini azad şəkildə bildirmək, qarşı tərəfin dəlillərinə cavab vermək, sübutlar təqdim etmək və təqdim olunmuş sübutları təkzib etmək hüququna malikdirlər. Çəkişmə prinsipi bir tərəfin ittiham və ya iddia irəli sürməsi və digər tərəfin bu ittiham və ya iddiaya qarşı müdafiə mövqeyi tutması formasında özünü göstərir.
Bu prinsipin tətbiqi zamanı hakim qərəzsiz və neytral mövqe tutur, tərəflərdən heç birinin maraqlarını müdafiə etmir və yalnız təqdim edilmiş sübutlar, faktiki hallar və hüquqi əsaslar əsasında qərar qəbul edir.
Azərbaycan Respublikasında çəkişmə prinsipi bir sıra normativ hüquqi aktlarda öz əksini tapmışdır. İlk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirildiyi təsbit olunur. Bu müddəa çəkişmə prinsipinin konstitusion əsasını təşkil etməklə, onun hüquqi dövlətdə məcburi tətbiqini təsdiqləyir.
Bundan əlavə, “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 13-cü maddəsi “Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi” adlanır və bu prinsipin normativ mahiyyətini mьəyyən edir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində çəkişmə prinsipi hüquqi norma kimi təsbit edilib. Prosessual qanunvericiliyə əsasən, proses iştirakçılarının hüquq və vəzifələri, sübutların təqdim edilməsi və araşdırılması qaydası və digər prosessual məsələlər məhz bu prinsipə əsaslanır.
Çəkişmə prinsipinin əsas məqsədi ədalətli məhkəmə araşdırmasının təmin edilməsidir. Tərəflərin öz mövqelərini sərbəst ifadə və müdafiə etməsi, habelə bu mövqelərin qarşılaşdırılması və təqdim olunmuş sübutların obyektiv qiymətləndirilməsi nəticəsində əsaslandırılmış qərarın qəbul edilməsi mümkün olur. Bu prinsip hüquqların müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir, çünki tərəflərin mцvqelərinin bərabər şəkildə dinlənilməsi hüquqi ədalətin əsas şərtlərindən biridir. Çəkişmə prinsipi, həmçinin cinayət və ya mülki proses iştirakçılarına məhkəmənin qərarına təsir göstərə biləcək bütün sübutlar və mülahizələrlə, o cümlədən müstəqil hüquq subyektləri tərəfindən təqdim edilmiş materiallarla tanış olmaq və onlara münasibət bildirmək imkanını nəzərdə tutur.