E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqları

Əcnəbi- yaşadığı və ya səyahət etdiyi ölkənin vətəndaşı olmayıb, diğər dövlətin vətəndaşlığına malik şəxs hesab olunur.

Vətəndaşlığı olmayan şəxs- heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.

Tarixən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları dövlətlərin məsuliyyəti ilə bağlı beynəlxalq adət hüququ normalarına uyğun olaraq qorunmuşdur. Əcnəbilər, ümumiyyətlə, yaşadıqları və ya müvəqqəti olduqları ölkənin vətəndaşlarının malik olduğundan daha geniş hüquqlara sahib ola bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.Həmçinin, xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda, Azərbaycan Respublikasının qanunu ilə həmin dövlətin vətəndaşları üçün Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər müəyyən edilə bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqları AR Konstitusiyasının 69-cu maddəsində, AR Miqrasiya Məcəlləsində, həmçinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”Avropa Konvensiyasında, “Qaçqınların statusu haqqında” 1950-ci il Konvensiyasında, “Vətəndaşlığı olmayan şəxslərin statusuna dair” 1954-cü il Konvensiyasında əksini tapmışdır.

Əqli mülkiyyət hüququ

Əqli mülkiyyət hüququ- mülkiyyətin qeyri-maddi əmlak növünə aiddir. Əqli mülkiyyət hüququ müstəsna hüquq hesab edilir. Bu onunla izah olunur ki, əqli mülkiyyət obyektlərini yaradanlar öz əqli əməyinin bəhrəsi və yaradıcılıq nəticəsinə subyektiv hüquqlar əldə edir. 

Bu hüquq müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və s. olan hüquqları ehtiva edir.

Hər kəsin əqli mülkiyyət hüququ vardır. Əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxslər, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikası əqli mülkiyyət hüquqlarının sahibi hesab olunur.

Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.

Azərbaycan Respublikası qanunvericiliyində əqli mülkiyyət hüquqları ilə bağlı məsələlər  Konstitusiyanın 30 və 94.3-cü maddələri, Mülki Məcəllənin 2.3-cü maddəsi, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, həmçinin, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, “Müəlliflik hüquqları haqqında” Ümumdünya Konvensiyası(1952), Bern Konvensiyası(1974) ilə tənzimlənir.

Əmək hüququ

Əmək hüququ - hər kəsin əməyə olan qabiliyyəti əsasında könüllü olaraq, sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququdur. Bu hüquq zorla işlədilməni istisna edir.

Əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə əsaslanan münasibətlərdir.

Əmək hüququ, həmçinin hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququnu ehtiva edir.

İşəgötürənlə işçi arasında əmək münasibətlərinin əsas şərtləri, eləcə də tərəflərin hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilmiş qaydada yazılı formada bağlanan əmək müqavilələrində əks etdirilir. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

İşçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün əmək qanunvericiliyində, habelə əmək müqaviləsində tərəflərin özlərinin müəyyən etdikləri əmək, sosial və iqtisadi normalarda ifadəsini tapan əmək şəraiti, texniki təhlükəsizlik, sanitariya-gigiyena, müalicə-profilaktika tədbirlərinə, norma və standartlarına əsaslanan əməyin mühafizəsi sistemi yaradılmalıdır.

Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində:

- qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını;

- sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını;

- işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını;

- işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını;

- səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini;

- əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

Dövlət iş qüvvəsindən səmərəli istifadə olunmanı təmin etmək, işsizliyi aradan qaldırmaq məqsədilə vətəndaşların peşəkarlıq səviyyələrini, əmək vərdişlərini, çoxillik təcrübələrini nəzərə almaqla müvafiq ixtisaslar, sənətlər və peşələr üzrə ölkədə mövcud olan işçi qüvvəsindən istifadə olunmadan xarici ölkələrdən əsassız olaraq mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu və miqrasiyası məsələlərini tənzimləməli, işsizlərin dövlətdən sosial müavinət almaq hüquqlarını təmin etməli, habelə işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə etməlidir.

Əmək hüququ “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsində, Avropa Sosial Xartiyasının 1-ci maddəsində, Beynəlxalq Əmək Təşkilatının müvafiq sənədlərində öz əksini tapmışdır.

Ədalətli məhkəmə araşdırması hüququ

Ədalətli məhkəmə araşdırması hüququ — şəxsin, ona qarşı irəli sürülən hər hansı hüquqi iddianın və ya cinayət ittihamının müstəqil, qərəzsiz, qanuni əsaslarla təsis edilmiş məhkəmə tərəfindən, açıq və bərabərlik prinsiplərinə uyğun şəkildə ədalətli araşdırılması hüququdur. Bu hüquq hüquqi dövlət quruculuğunun və insan hüquqlarının qorunmasının əsas təminatlarından biri hesab olunur və həm milli, həm də beynəlxalq hüquq normalarında geniş şəkildə təsbit edilmişdir.

Ədalətli məhkəmə araşdırması hüququnun əsas elementləri aşağıdakılardır:

Müstəqil və qərəzsiz məhkəmə — araşdırmanı həyata keçirən məhkəmə hakimiyyətinin tam müstəqil olması və hər hansı təzyiq və təsirdən azad fəaliyyət göstərməsi tələb olunur;

Bərabərlik prinsipi — bütün tərəflərə öz mövqelərini bərabər şərtlərlə müdafiə etmək imkanı verilməlidir;

Açıq məhkəmə iclası — məhkəmə prosesi ictimaiyyət üçün açıq keçirilməlidir (qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla);

Qanun qarşısında bərabərlik — hər bir şəxs heç bir ayrı-seçkiliyə məruz qalmadan eyni hüquqi müdafiədən istifadə etmək hüququna malikdir;

Müdafiə hüququnun təmin olunması — hər bir şəxsə özünü müdafiə etmək, hüquqi nümayəndədən istifadə etmək və sübutlar təqdim etmək imkanı verilməlidir;

Ədalətli müddətdə baxılma hüququ — işin əsassız ləngimədən, ağlabatan müddət ərzində araşdırılması və bu barədə qərar çıxarılması tələb olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində ədalətli məhkəmə araşdırması hüququ dolayısı ilə təsbit olunmuş, hər bir şəxsin qanunla müəyyən edilmiş qaydada müstəqil və qərəzsiz məhkəmə qarşısında hüquq və azadlıqlarının müdafiəsi hüququ olduğu bildirilmişdir.

Ədalətli məhkəmə araşdırması hüququ beynəlxalq hüquqda İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 8-ci, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuşdur.

Ədalətli məhkəmə araşdırması hüququ yalnız məhkəmə mərhələsini deyil, həmçinin ibtidai araşdırma (istintaq), ittiham və apellyasiya mərhələlərində də hüquqi təminatların qorunmasını və yekun və məcburi qüvvəyə malik məhkəmə qərarının dərhal icra edilməsi hüququnu nəzərdə tutur. Bu hüquq həm mülki-hüquqi mübahisələrdə, həm də cinayət işlərində tətbiq olunur və şəxsə öz hüquq və maraqlarını effektiv şəkildə müdafiə etmək imkanı verir.

Ədalətlilik  prinsipi (inzibati hüquqpozmalarla bağlı)

Ədalətlilik  prinsipi (inzibati hüquqpozmalarla bağlı) – dövlət idarəetmə orqanlarının və vəzifəli şəxslərin inzibati qərarlar qəbul edərkən qərəzsiz, obyektiv və hamıya bərabər yanaşmasını, ayrı-seçkiliyə yol verməməsini və vətəndaşların hüquq və qanuni maraqlarının ədalətli şəkildə təmin olunmasını tələb edən inzibati hüququn əsas prinsiplərindən biri.

Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin 4 sentyabr 2018-ci il tarixli Plenum qərarına əsasən, İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.

Ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir.

Beynəlxalq hüquq çərçivəsində ədalətlilik prinsipi bir sıra rəsmi sənədlərdə təsbit edilmişdir. Belə ki, Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyasına əsasən, hər bir şəxs Avropa İttifaqının inzibati orqanları qarşısında qərəzsiz, ədalətli və əsaslandırılmış qərar verilməsini tələb etmək hüququna malikdir. Bu hüquq fərdlərin qərar qəbul edilməzdən əvvəl dinlənilməsi, sənədlərinə çıxış imkanı və inzibati orqanın qərarlarını əsaslandırmaq öhdəliyini əhatə edir.

Ətraf mühitin qorunması vəzifəsi

Ətraf mühitin qorunması vəzifəsi hər bir şəxsin təbiətə, ekoloji resurslara və ətraf mühitin dayanıqlığına zərər vurmamaq, mövcud ekoloji tarazlığın pozulmasına yol verməmək və qanunvericiliklə müəyyən edilmiş qaydada təbiətin mühafizəsində iştirak etmək öhdəliyi.

Bu vəzifə ictimai xarakter daşıyır və məqsədi ekoloji tarazlığın qorunması, təbii resursların səmərəli istifadəsi və insan sağlamlığının təmin edilməsidir. O, hüquq normaları ilə məcburi davranış qaydası kimi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında ətraf mühitin qorunması hər bir vətəndaş üçün vəzifə olaraq müəyyən edilmişdir. Konstitusiyanın 78-ci maddəsinə əsasən, ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Bununla yanaşı, Konstitusiyanın başqa bir maddəsində qeyd olunur ki, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

Konstitusiya ilə eyni zamanda hər kəsə ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ da verilir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt birbaşa ətraf mühitin qorunması hüququnu ayrıca qeyd etməsə də, yaşamaq və sağlamlıq hüququ vasitəsilə onun qorunmasını dolayısı ilə təmin edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında isə şəxsi həyat və yaşamaq hüququ ətraf mühitin insan hüquqlarına təsiri kontekstində şərh olunur.


Top